Şaftalının faydaları: Çiçəyi, çəyirdəyi, yarpaqları…
Həm görünüşü, həm də dadı ilə hər kəsin zövqünü oxşayan bu meyvənin bir-birindən mühüm faydaları və möcüzəvi xüsusiyyətləri Allahın insanlara lütfüdür. Allah növbənöv canlıları, bitkiləri və müxtəlif nemətləri insanların Ona şükür etməsi və bənzərsiz yaratma gücünü görməsi üçün yaradıb.
Şaftalı haqqında qısa məlumat
Şaftalının dadı da, ləzzəti də hamımıza məlumdur. Yayda şaftalının özünü, digər fəsillərdə isə bu meyvədən hazırlanan məhsulları – mürəbbə, cem, kompot və sair iştahla yeyirik. Şaftalının dünya miqyasında 500-dən artıq sortu vardır. Ölkəmizdə 100-ə qədər yayılmış sortu məlumdur. Dünyada şaftalı istehsal edən bəzi qabaqcıl ölkələrdə yetişdirilən və sənaye əhəmiyyətli sortlar: Escarolita, Vesuvio, Şasta, Viviyan, Andross, Klamt, Sudanella, Carolin, Halford, Saripapa, Sprinqtaym, Presosisma, Öli Red, Blazinq Qold, Merill Qem Fri, Kardinal və s. sortlardır. Respublikamızda əsasən rayonlaşdırılmış və perspektivli olan sortlardan Fədai, Qızıl Yubiley, Elbert, Salami, Mayçiçəyi, Tərəli (nektarinlər) sortlardan Boston, Viktoriya, Ski, Krasnodares sortları becərilir
Şaftalı həm dadlı, həm də çox faydalı meyvədir
Adalet.az xəbər verir ki, diyetoloqlar şaftalı və şaftalı şirəsini uşaqlar və hamilə qadınların qidalanmasına daxil etməyi tövsiyə edirlər. Meyvədə 22 ədəd mineral element mövcuddur. Üzvi turşulardan alma, limon və şərab turşusu üstünlük təşkil edir. Meyvə lətində 18-ə qədər amin turşuları, ləpəsində 4,84 – 56,88 faiz yağ var. Bu yağdan yeməkdə istifadə edilməklə yanaşı, həm də qulaq ağrıları zamanı sakitləşdirici vasitə kimi istifadə edilir
Şaftalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır. Həmçinin “tüklü meyvə” iştahanı artırır və həzmi yaxşılaşdırır. Kalium və maqneziumla zəngin olan şaftalı ürək əzələsinin sağlamlığını qoruyur, ürəyin ritmini tənzimləyir. Ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 1 stəkan şaftalı şirəsini içməlidir. Bu çox yaxşı müalicəvi və həmçinin profilaktik vasitədir.
Şaftalı yüngül sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini təmizləyir. Şaftalı əqli fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalıdır – beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı yaxşılaşdırır.

Şaftalını çiçəyi, çəyirdəyi və yarpaqları…
Amma çoxumuz bilmirik ki, şəfalı xüsusiyyətlərə malik şaftalı meyvəsi kimi onun çiçəyindən, yarpaqlarından və çəyirdəyindən bir çox xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etmək faydalıdır. Mütəxəssislər bildirir ki, müalicə vasitəsi kimi şaftalının meyvələri, çiçəyi, toxumu və yarpaqları istifadə olunur. Piylənməyə qarşı şəkərsiz kompot faydalıdır. Təzə çiçəkləri və çiçəklərdən çəkilmiş şirə sidikqovucu və işlədici vasitə kimi istifadə olunur, ağrıları sakitləşdirir, zərərli duzları kənarlaşdırır. Yarpaqlardan alınmış şirə revmatizm, qastrit, enterit, sklerodermiya və baş ağrıları, həmçinin qurdqovucu və işlədici kimi gündə 3–6 milliqram qəbul edilir. Təzə yarpaqlar yarasağaldıcı vasitə kimi yaraların üzərinə qoyulur. Xalq təbabətində yarpaq və çiçəklərdən hazırlanmış həlim və cövhər şəkərli diabet xəstəliyinin müalicəsində, sidikqovucu və qurdqovucu vasitə kimi istifadə olunur. Həlim hazırlamaq üçün qurudulmuş çiçəklərdən 3-4 qram götürüb, üzərinə 150 milliqram qaynar su tökülür və 5 dəqiqə qaynadılır. Alınmış məhlul 2 saat müddətində soyudulur və süzüldükdən sonra ondan gündə 3 dəfə, yeməkdən 30 dəqiqə qabaq 50 milliqram içilir. Yarpaq şirəsi və yarpaq həlimi işlədici kimi, həmçinin revmatizm, baş ağrıları və qastroenterit zamanı istifadə olunur.
Yarpaq həlimi hazırlamaq üçün bir xörək qaşığı miqdarında xırda doğranmış yarpaq üzərinə 250 milliqram qaynadılmış su tökülür, 5 dəqiqə müddətində su hamamında qaynadılır və 2 saat müddətində soyudulduqdan sonra süzülür. Həlim gündə 4 dəfə yeməkdən 20 dəqiqə qabaq içilir. Şaftalı toxumları yüksək qurdqovucu xüsusiyyətə malikdir. Toxum həlimi hazırlamaq üçün 3-7 ədəd quru toxum üzərinə 200 milliqram qaynadılmış su tökülür və sakit halda 5–7 dəqiqə qaynadırlar. Alınmış məhlul soyudulduqdan sonra gündə 3 dəfə yeməyə 1 saat qalmış 1/3 stəkan içilir. Qızılca və diatez zamanı yaxşı qızardılmış şaftalı ləpəsi tam ovxalanaraq su ilə isladılır və uşaqların bədənində, üzündə olan səpkilərə sürtülür.
Şirin ətirli meyvə insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, stressi azaldır. Şaftalı yağının iyi baş ağrıları zamanı çox yaxşı kömək edir.
Şaftalı və şaftalı yağı kosmetologiyada çox geniş istifadə olunur. Şaftalı dərini cavanlaşdırır, daha elastik və dartılmış edir.