Sarımsağın düzgün əkilmə qaydası
Sarımsağın düzgün əkilməsi üçün nələr etməliyik?
Sarımsağın düzgün əkilməsi üçün diqqət edilməli olan qaydalar: Sarımsaq əkiləcək sahə quru və küləklərdən mühafizə olunmalıdır. Əkinin su yığılmayan sahələrdə aparılması məsləhətlidir. Həddindən artıq su, xüsusilə payız əkinində sarımsağa pis təsir göstərir və bakteriya xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Payızlıq əkinlərdə yeraltı sularının hansı dərinlikdə olması da nəzərə alınmalıdır. Belə ki, yeraltı sular dərində olduqda sahəni tez-tez suvarmaq lazım gəlir.
Onu hansı torpaqda əkmək lazımdır?
Sarımsaq bitkisi qida maddələri ilə zəngin olan torpaqlara daha çox tələb duyan bitki qrupuna aiddir. O, strukturlu, qidalı, kifayət qədər nəmliyi olan münbit torpaqları sevir. Qida maddələri ilə zəngin olmayan torpaqlarda sarımsaq becərildikdə soğanaqlar kiçik olur və məhsularlıq xeyli azalır. Buna görə də torpağın seçilməsi və becərilmə texnologiyalarına düzgün əməl edilməlidir. Sarımsağın becərilməsi üçün yüngül, gilli, qara və çəmən torpaqları yararlı, gillicəli və gürələnməmiş qumsal torpaqlar isə yararsızdır. Ağır torpaqlarda sarımsaq becərildikdə bitkinin vegetasiyası uzanır, sükunət dövründə ləngiyir, keyfiyyətsiz soğanaqlar alınır ki, nəticədə onların saxlanmaya davamlılığı azalır.
Sarımsaq əkiləcək sahədə payızda 27-30 sm dərinliyində əsas şum, əkindən qabaq isə üzdən şum aparılmalıdır.
Sarımsaq darcərgəli üsulla cərgə araları 45 sm, bitki arası 10 sm olmaqla əkilir. Bitki lent üsulu ilə də əkilir. Bu zaman lent arası 50-60 sm, cərgə arası isə 15-20 sm olmalıdır. Ən yüksək məhsuldarlıq isə bitki arası 10 sm, cərgə arası 15 sm, lent arası isə 50 sm olduqda baş verir. Dişlər payızda dərin 4-5 sm, yazda isə dayaz 3-4 smlikdə əkilməlidir.
Sarımsaq əkimi
Dişin iriliyindən asılı olaraq hektara 800-1000 kq əkin məhsulu tələb edilir. Əkin məhsulunun iriliyindən və əkin sxemindən asılı olaraq, əkin norması dəyişilə bilər.
Sarımsağın məhsuldarlığı dişlərin böyüklüyündən asılıdır. Əkin iri dişlə aparıldıqda iri, xırda dişlə aparıldıqda isə xırda soğanaqlar alınır. Buna uyğun olaraq məhsuldarlıq da arta və azala bilir. Müəyyən edilmişdir ki, 8 qram ağırlığında dişlər əkildiyində hektardan orta hesabla 198 sentner, 4 qramlıq dişlər əkildiyində isə 133 sentner məhsul alınır.
Kütləvi çıxış alınana qədər əkin sahəsində əmələ gələn alaq otlar məhv edilməli, çıxışdan sonra bitkilərin dibi yumşaldılıb doldurulmalıdır. Sarımsaq yetişdikdə çiçək zoğu əmələ gətirməyən sortlarda kök boğazı boşalır, yarpaqlar saralır və gövdə yerə yatmağa başlayır. Çiçək zoğu əmələ gətirən sortlarda isə gövdə və onun üzərində olan yarpaqlar saralır.
Sarımsaq yığımı haqqında burdan məlumat əldə edə bilərsiniz.
Müəllif: Hüseynbala Seyfullayev