Sarımsaq əkən niyə zərər eləyir?

Bu il sarımsaq əkən çox fermer sarımsaq biznesində zərər elədi. Keçən ilki qiymətlər (1 kq 8-10 Azn) çoxlarını sarımsaq əkməyə həvəsləndirdi. Bu işdən başı çıxmayan, aqrotexniki qaydaları bilməyən, sadəcə satış qiyməti üzərindən hesab-kitab edənlər sarımsaq əkdilər. Nəticə?!

Sarımsaq niyə ucuzlaşdı?

Biraz araşdırdıqdan sonra sarımsağın təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada ucuzlaşdığını gördüm. Bunun əsas 3 ucuzlaşma səbəbini qeyd eləmək olar. Bu mənim araşdırma nəticəmdir, başqa güclü səbəb görən varsa rəydə yazsın əlavə edərik. 

  1. 2016-cı ildə 2 min 308 hektarda sarımsaq əkilib 21 min 114 ton məhsul yığılmışdısa, 2017-ci ildə 2 min 368 hektar əkildi, 21 min 547 ton məhsul  yığıldı. Həm əkin sahəsi artdı, həm də məhsuldarlıq (hektardan 9 – 10 ton).  Bazarda tələbdən çox təklif yarandı və sarımsağın qiyməti çox aşağı düşdü. Sahədə 80 qəpiyə sarımsaq güclə satıldı.
  2. Çin sarımsaq istehsalını son illərdə çox artırıb və ucuz qiymətə dünya bazarlarına çıxardır. Dünya sarımsaq istehsalının 75-80%-i onun payına düşür. Hətta Amerika, Avropa kimi yerlərdə belə sarımsaq əkənlər iflasa uğradılar. Təəssüf ki, keyfiyyətsiz çin sarımsağı bizim bazarları da doldurub.
  3. Yenə Çinin dünya bazarlarını ucuz məhsullarla doldurması Azərbaycandan Rusiya, İraq kimi ölkələrə ixrac imkanlarını məhv elədi.

Yenə sarımsaq əkməyə dəyərmi?

Əsas sual budur: Bu il sarımsaq neçəyə olacaq? Yenə əkməyə dəyərmi? Gələn ilki vəziyyəti proqnozlaşdırmaq olarmı? 
Əlbətdə bu kimi suallara dövlət qurumları daha ciddi və dəqiq cavalar hesablayıb verməlidir. Amma hələlik belə bir cavab eşitmədiyimizə görə biz öz mülahizələrimizi söyləyək.

Sarımsaq əkmək gəlirli və cəlbedici iş olduğu üçün bu bizneslə məçğul olanlar başqa işə keçməyə çox həvəsli olmur. Bunun səbəbləri çoxdur. Məsələn, sarımsaq torpaqdan yüksək keyfiyyət istəmir. 

Sarımsaq əkməyə dəyər. Amma bunun üçün Çin sarımsağını ucuz edən faktorları araşdırmaq lazımdır. Çin sarımsağının ucuz olması üçün bir-neçə faktor var:

  1. Ucuz işçi qüvvəsi.
  2. Verimli sarımsaq sortu.
  3. Sarımsağı uzun müddət saxlamaq üçün yaxşı infrastruktur.

Artıq Çində işçi qüvvəsi çox ucuz deyil. İşçi qüvvəsini ucuz etmək üçün bizim fermerlər texnikadan yüksək səviyyədə istifadə eləmədirlər. Məhz İspaniya dünyadakı çin sarımsağı istilasından texnika və mexanikləşdirmə hesabına canını qurtarmışdı.

Əkilən sarımsaq sortu yaxşı seleksiya edilməlidir. Çində əkilən sarımsaq sortları texniki sort sayılır. Yəni çox məhsul götürülür amma dadsız. Yerli sarımsaq Çin sarımsağından dəfələrlə keyfiyyətlidir. Məsələn, sarımsaq turşusu hazırlamaq üçün çin məhsulu işə yaramır.

Bizdəki ən böyük problem sarımsaq üçün saxlanc yerlərinin, anbar və soyuducuların olmamasıdır. Sarımsağı 0°C-də 6-7 ay saxlamaq mümkündür. Saxlanc yerlərinin olmaması fermeri məcbur edir ki, məhsulunu sezonda elə sahədə satsın. Bu isə fermerin bazarlıq üçün əlini bağlayır. Sarımsağı düzgün saxlamadıqda isə çəkisinin 40%-ni itirir və ümumiyyətlə yararsız hala düşə bilir.

Sarımsaq əkən necə qazana bilər?

Bütün bu deyilənləri bir cümlədə birləşdirmək olar. Sarımsaq əkən hər zaman qazanmaq istəyirsə, maya dəyərini aşağı salmalıdır. Bunun üçün:

  1. Keyfiyətli və verimli sortlar seçib, toxumu ucuz əldə edin
  2. Bütün prosesi mexanikləşdirin, yəni texnikadan istifadə edin.

Sarımsaq sortu seçərkən qazanc xatirinə keyfiyyətdən qaçmayın. Çünki bizim yerli məhsul çin sarımsağından dadına görə çox seçilir. Düşünürəm ki, artıq camaat da dadsız çin sarımsağından bezib. 

Sarımsaq əkinində texnika istifadə edən mütləq qazanc əldə edəcək. Çünki texnika həm vaxta, həm də əkinə çəkilən xərclərə dəfələrlə qənaət edir. Texnika ilə əkilən sahənin məhsuldarlığı da yüksək olur. Müasir dövrdə çox gözəl sarımsaq əkən aparatlar mövcuddur. 

sarımsaq əkən

Bizim fermerlərin əsas səhvlərindən biri az sahədə biznes qurmalarıdır. Sahəni heç olmasa 5-15 ha edin, texnika bu sahəni 2-5 günə əkib bitirəcək. Məhsuldarlıq yaxşı olduqda siz sarımsağı 1 Azn-dən də satsanız yenə də zərər etməyəcəksiniz.

Dövlətimiz də sarımsaq əkən fermerlər üçün xüsusi anbarların hazırlanmasında yardımçı olsa yaxşı olar. Ya da bu işi işgüzar insanlarımız edə bilər. Sarımsağı başqa şəkildə də realizasiya eləməyin də yollarını axtarmaq lazımdır. Məsələn, sarımsaq tutması edib ixrac etmək lazımdır. Şimal qonşularımız sarımsaq turşusuz qışı çətin keçirirlər. 

İstifadə olunan resurslar.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!