Sarımsaq turşusu
Bu il sarımsaq çox ucuzdur bazarlarda. Keçən il 8 manat olan sarımsağı o gün yarmarkada 1 manata görəndə gözümə inanmadım. Hər halda keçən ilki qiymətlər hərkəsi sarımsaq əkməyə sövq edib, indi də məhsul bolluğu yaşanır. Düşünürəm tam fürsətdir bol sarımsaq turşusu düzəldib qışa yığmaq lazımdır. Yaxşı da biznes ideyadır. Özü-özlüyündə sarımsağı saxlamaq çox müşküldür. Sarımsaq turşusu isə çox ləzzətlidir və faydalıdır. Zatən sarımsağın faydaları sayılmaqla bitməz.
Qış aylarında turşu sarımsaq xəmir xörəklərinin yanında yaxşı gedir. İndi ki, soyuq qış ayları yaxınlaşır (düzü burada o qədər soyuq olmur, amma yenə də qış qışdır), turşu düzəltməyin tam vaxtıdır. Sarımsaq turşusu fərqli şəkillərdə hazırlana bilər. Ən çox diş sarımsaq turşusu hazırlanır. Biz sizə bütöv sarımsaq turşusunu hazırlama resepti təqdim edirik.
Sarımsaq Turşusu
Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.
1 litrlik banka üçün
Ərzaqlar:
- 10 baş sarımsaq (təxminən yarım kilo)
4 ədəd dəfnə yarpağı
- 4 ədəd mixək
- 5-6 ədəd yumru qara istiot
- 2 xörək qaşığı iri duz
- Təxminən 2 stəkan üzüm sirkəsi
Hazırlanma Qaydası:
Sarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.
Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.
Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun. Turşu təxminən 2 aya hazırdır.
Ruslar bu turşunu çox gözəl hazırlayırlar, resepti də paylaşmağı sevmirlər. Bu videoda rusların reseptinə uyğun sarımsaq turşusu hazırlanmasına baxa bilərsiniz.