Şəkidə 41 illik təcrübəli sahibkar tingçilik təsərrüfatından danışdı

Azərbaycanda əsrlərdən bəri kənd təsərrüfatının bir sahəsi kimi formalaşan tingçilik günü-gündən inkişaf edir. Ölkənin müxtəlif regionlarında sahibkarların məşğul olduğu tingçilik üçün dövlət tərəfindən də subsidiyalar ayrılaraq dəstək olunur.

Bu sahə ilə məşğul olan sahibkarlardan biri də Şəki şəhərinin Çeşməli kəndində yaşayan Oruc Məmmədovdur. Artıq 41 ildir bu işlə məşğul olan sahibkar əsasən yerli sortları yetişdirir. Həmsöhbətimiz özünün şəxsi torpaq sahələrində müxtəlif sort ağacların calaqlanması və toxum yetişdirməklə də məşğul olur.

Ting bağlarının birində çəkiliş apararaq təsərrüfat işləri ilə tanış olduq. 1 hektar sahəni əhatə edən bağda 40 müxtəlif növ meyvə ağacları yetişdirilir. Bağda calaq olunmamış köklük ağaclar, calaq edilmiş bir illik və çox illik tinglər var.

Calaq üsulu olaraq həm göz calaq üsulu, həm qələm calaq üsulu tətbiq edirlər. Oruc Məmmədovun sözlərinə görə mart ayında qələm üsulu ilə, avqust ayının 15-dən sentyabrın 15-nə qədər olan müddətdə göz calaq üsulu ilə peyvəndlənmə edilir.

Ailə təsərrüfatı kimi işlədiyini bildirən sahibkar gəlirlərinin məhz bu sahədən təmin etdiyini bildirib.

“Qubada yerli sortların daha çox olduğu üçün sortların çox hissəsini məhz bu rayondan alırıq. Gilas, alça, alma sortlarının demək olar ki, hamısını Qubadan gətiririk. Bu il artıq Şəmkirdən badam sortu da gətirərək becərməyə başlamışıq. Gətirdiyimiz badam sortu çox keyfiyyətlidir. Həmin sortu calaq edərək bütün ölkəyə yayırıq. Düzdür hazırda yeni növlər daha çox yayılır. Kök altısını karleklərdə vururlar, artıq bizim zonada da yetişdirilir. Ancaq onlar bizim iqlimə uyğun gəlmir. Ona görə də dərmanlanması çox gedir. Bizim iqlimə daha yaxşı uyğun gələn öz təbiətimizə uyğun meşədən yığılan cır sortlara vurulanlardır. Yerli təbii növlərlə işləmək hər mənada müsbətdir. Cır ağacın toxumlarından kök yetişdiririk. Və daha sonra həmin köklərə peyvənd edirik”.

Bağınızda hansı meyvə tingləri yetişdirilir?

“Bağlarında gilas, ərik, şaftalı, alma, armud, alça, gavalı, zoğal, albalı, badam ağacının müxtəlif sortları var. Məsələn, 8 növ armud ağacımız var. Adətən biz köhnə sortları axtarıb tapıb vururuq ki, həmin meyvələri yeniləyək. Həmin növlərlə həm iqlimə, şəraitə dözdüyü üçün, həm də itməsin, yox olmasın deyə işləyirik. Onlar soyuq havaya, istiyə dözümlüdürlər. Bir də qeyd edək ki, həmin ağaclar yalnız heyvan gübrəsi ilə yetişirlər. Dərmansız rahat şəkildə böyütmək olur”.

Satışın topdan olduğunu bildirən sahibkar qiymətlərin bazar qiymətindən aşağı olduğunu bildirdi.

“Yetişdirdiyimiz tinglər 3 il sonra məhsul verməyə başlayır. 5-ci il isə tam bara girir. Ən çox satılan tinglərimiz “qızıləhməd” alması, şaftalı sortları, gilas sortları alınır. Bazarda əslində bizim üçün yer ayrılmır ki, bu yer xüsusi olaraq hansısa təsərrüfat məhsullarınındır. Təsərrüfatçı öz satışını etsin. Təəssüf ki, elə bir şəraitimiz yoxdur. Əslində alverçilər bizim məhsulların satışını aparmaqla alıcını rahatlıqla aldadırlar. Həm qiymətləri baha qoymaqla, həm fərqli sortları başqa adlarla satmaqla bu baş verir. Bizim yerində 2-3 manatlıq satdığımız tingi onlar bazarda 4-5 manata satırlar.

Gilas, yeni növ şaftalılar ən bahalı satılan meyvə tingləridir

Bu sözləri Oruc Məmmədov deyərək onu da əlavə etdi ki, ən yüksək qiymətə satılan sortları 3-5 manat arası satırlar:

“Topdan satış etdiyimiz üçün ən baha qiymətli tinglərdə də endirim edirik. Şəki ilə müqayisədə ölkənin başqa rayonlarından alıcılarımız daha çoxdur. Ən çox satışalrımız Qəbələ və Quba rayonlarına edirik. Biz başqa gübrədən istifadə etmirik. Onu da qeyd edim ki, bəzi bağ salanlar anlamadan boyu hündür tinglərə daha çox meyl edirlər. Ancaq anlamırlar ki, bunu gübrələrlə edirlər. Bu isə ağac köçürüldüyü zaman meyvə verməsini ləngidir. Köçürülmə zamanı əkildiyi torpağın azotu çatışmadıqda ağacın inkişafı və meyvə verməsi ləngiyir. Bağların da çoxsunu özümüz salırıq. Demək olar ki, işlədiyimiz bağlara ağacı sortuna görə sığortalı veririk. Təəssüflər olsun ki, hələlik tingçilik sahəsində sertifikart ala bilməmişik. Sertifikart ala bilsək bu yerli meyvə tinglərini bütün xarici dövlətlərə də çıxara bilərik. Sertifikarta görə dövlət subsidiyalarından istifadə edə bilmirəm. Banklardan kredit alaraq işlərimi həll edirəm.

1 ha əraziyə tam əkilmiş ağacı yetişdirmək üçün 6 nəfər fəhlə lazım olur. Fəhlələrə hər gün tam iş olmur. Ay ərzində 10-15 gün toxa vurub qutarır. Buna görə fəhləyə günlük pul verilir. Tələb olunan müddətdə işlədirik və hər gün üçün saatından fərqli olmayaraq 15 manat veririk”.

Tingçilik sahəsində yerli sortların yetişdirilməsi daha ucuz başa gəlir

“ Yeni gətirilən sortların yetişdirilməsində hər mövsüm dərmanlanma gedir. Yerli sortlarda isə bu yoxdur. Meyvəsinə görə də yerli sortlar daha dözümlü, keyfiyyətlidir. Yerli sortun da meyvəsini saxlayaq, yeni gətirilənlərin də. Yeni gətirilən sortların ömrü çox qısadır və daha tez müddətə xarab olur. O ağaclarda kök 5-15 sm dərinlikdə olur, bunlarda isə daha dərindir-45-60 sm. Bu isə özünə su təminatı yaradır. Ona görə yerli sortların çox suvarılmasına ehtiyac olmur”.

Damcı suvarma sisteminin uzaqda olmasına görə arx üsulu ilə suvarma etdiyini bildirən sahibkar yerli sortların ən üstün cəhətinin bu olduğunu qeyd etdi.

Calaqlarda qarşılaşdığım yeganə xəstəlik birə xəstəliyidir. Onu da iki-üç dəfə xüsusi dərmanı ilə aradan qaldırmaq mümkündür. Alaqlardan da ən böyük düşməni sarmaşıqdır ki, işçilər onu kökündən qoparırlar. Payızda toxumları əkmək üçün sahədə xam yer saxlanılır. Hazırda həmin toxumları yığırıq və yuyub qurtardıqdan sonra onun cücərmə faizini yoxlatmaq üçün toxumçuluqda xüsusi laboratoriyadan keçiririk. 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673