Şəkidə sahibkarların taxılçılıq problemi

Qədim dövrlərdən Azərbaycanda əkinçilik və heyvandarlıq aparıcı sahə kimi yerli əhalinin başlıca məşğuliyyəti olub. Elə həmin dövrlərdə bu sahə ölkənin iqtisadi həyatının əsasını təşkil edib. Eneolit dövründə taxılın əkilib-becərilməsi, döyülüb yığılmasında ağac, daş və qismən də sümük alətlərdən istifadə edilib.

Ölkəmizin dağ və dağətəyi ərazisində dəmyə əkinçiliyin təşəkkül tapması və inkişafı üçün hər cür münasib coğrafi şərait mövcuddur.

taxılçılıq təsərrüfatı agroexpert.az

Taxılçılıq təsərrüfatında ənənəvi əkinçilik üsulları və yerli taxıl növləri üstünlük təşkil edib. Azərbaycanın müxtəlif rayonlarında müxtəlif sortlar: sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaşbuğda, ağ arpa, qara arpa, şeşəri arpa, qılıcı arpa növləri əkilib becərilib. Səpilmə, yetişmə vaxtına görə buğda və arpa payızlıq, yazlıq olub. Payızlıq buğda və arpa əkinləri Azərbaycanın taxılçılıq təsərrüfatında daha üstün yer tutub.

Tarixə nəzər saldıqda taxılçılıqda qoşqu qüvvəsindən istifadə ilə mümkün olan bir sıra şum alətləri mövcud olub. Azərbaycanda bir-birini tamamlayan xış, ulamalı xış və qara kotan kimi şum alətləri daha geniş yayılıb.

Daha çox dəmyə suvarma ilə yetişdirilən taxıl bitkiləri Şəki ərazisində də xırda və orta sahibkarlar tərəfindən yetişdirilir. Agroexpert.az-ın bugünki həmsöhbəti taxılçılıq üzrə xırda sahibkar Zabit Ağayevdir.

Taxılçılığa dövlət dəstəyi və fermerlərin qarşılaşdığı problemlər

“Dövlət tərəfindən fermerə kömək məqsədli subsidiyalar hər hektar üçün taxıla 200 azn, arpaya 150 azn-dir. Bu subsidiyalar toxum və gübrə pullarına dəstək məqsədi ilə nəzərdə tutulur. 1 hektar əraziyə şumlama, əkin, birinci, ikinci gübrələmə 400 manata başa gəlir. 6 hektar ərazinin şumlanması, əkini üçün 1800 manat ödənişim çıxıb”.

“Tanyer” buğda sortunu əkdiyini bildirən sahibkar ərazinin iqlim qurşağı səbəbindən buğdanın daha zəif olduğunu qeyd etdi.

“Arpa buğda ilə müqayisədə daha zəif məhsul verir. Ərazidə çox ciddi şəkildə su problemi yaşanır. Buğda məhsuldarlığının aşağı olması məhz iqlimin quraqlıq keçməsi və suvarma problemi ilə əlaqədardır. Yaxın ərazidə çay axmasına baxmayaraq çayda da su miqdarı azalıb. Çayın suyu günü-gündən quruyur”.

Laboratoriyada toxumun yoxlanması nə üçün lazımdır?

“Toxum əkimi zamanı cücərmə faizi laboratoriyada yoxlanılır. Cücərmə faizi 3-4 gün ərzində nəticələnir. Nəticə 90%-dən yuxarı olduqda toxum əkinə yararlıdır. Əgər 90%-dan aşağıdırsa əkməyə dəyməz. Toxumun laboratoriya şəraitində yoxlanması bahalı proses deyil. 1 hektar ərazi üçün 220-250 kq toxum tələb olunur. Arpa isə hektara 200 kq toxum aparır. Buğda yetişənə qədər 2 dəfə gübrədən istifadə olunur. Şumaltı və yemləmə gübrəsi.

 Şumaltı səpin zamanı, yemləmə gübrəsi isə fevral-mart aylarında tətbiq olunur. Buğda münbit torpaqda yaxşı məhsul verir, arpa isə daha dözümlüdür və zəif torpaqda da məhsul verir”.

 Taxıl bitkilərinin məhsuldarlıq səviyyəsi ən yaxşı halda hektar hesabı 60 sentner, ən az isə 1 hektar ərazidə 7-10 sentnerdir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!