Şərq insanı və hz Salehin dəvəsi
Şərq deyəndə ağla ilk gələn min bir gecə nağılları, qəhrəmanlıq hekayələridir. Bu nağıllarla o qədər aludə olmuşuq ki, Quranın bizə anlatdığı hikmət və elmi ixtiralara da nağıl kimi qulaq asmışıq, hələ də qəflət pərdəsini yırtıb həqiqətə vara bilmirik. Şərq uçan xalça nağıllarına qulaq asarkən avropalılar təyyarə düzəldir. Quran Levhi-Məhfuzdan (hər şeyin yazıldığı ən böyük yaddaş) bəhs edərkən, avropalılar daha güclü yaddaş qurğuları, proqram təminatları hazırlayır. Alimlər Qüddüs ismininin təcəlliləri ilə “vəcdə” gələrkən, avropalılar Qüddüs isminə uyğun ətraf mühit təmizlik modeli qurub tətbiq edirlər. Allah qulunu Meraca çıxarır, amma kosmosa ilk uçan yenə şəqrlilər deyil. Zatən vəhyin özü “distance education”, yəni bir EdTech idi. Bir də dönüb bunlar Quranda var idi kimi əzilmişlik kompleksi göstəririk.
Halbuki uca Rəbbimiz bunları bizə nağıl olsun deyə anlatmır, Quran hekayə kitabı deyil ki. Quran-kərim hikmət və elm çeşməsidir. Texniki dildə desək mühəndislər üçün Quran innovasiya və texnologiya kitabıdır. Bu gün balaca startuplar milyardlar qazanır, yeni mədəniyyət və vərdişlər əmələ gətirir. Düşünürəm ki, İslam dünyası yalnız Quranı layiqli araşdırma ilə bugünkü elmi və texnoloji gerilik uçurumundan çıxa bilər.
Müxtəlif südlük keçi cinsləri haqqında araşdırma edərkən yadıma həzrəti Salehin dəvəsi düşdü. Bu gün Şərq olaraq təkcə texnologiya yox, kənd təsərrüfatında da dünyanın çox gerisindəyik. Əcnəbi keçi cinsləri gündə 3-5 litr süd verərkən bizim yerli keçilər 0,6 litr süd verir. Xaricdən gətirilən inəklər gündə 25-40 litr süd verərkən, yerli heyvanlar 10-15 litr süd verir. Qərblilər bu cinsləri seleksiya yolu ilə uzun elmi araşdırmalar nəicəsində əldə ediblər. İndi biz neçə ildir hz Salehin hekayəsinə qulaq asıb heyranlıq və təəccüb çarşabına elə bürünmüşük ki, gözümüzün qabağındakı kiçik həqiqətə, detala fikir verməmişik. Gəlin əvvəlcə bu ayəni dinləyək görək Allah nə deyir:
Allah-taala Salehə vəhy buyurdu: “Onlara de. Bu dişi bir dəvədir. Su içmək növbəsi, bir gün onun, bir gün də sizindir!”
Hz Salehin dəvəsi üçün ən böyük özəllik, möcüzə su içdiyi gün bütün tayfaya yetəcək qədər süd verməsi idi. Bu gün normal dəvə bir gündə 1-3 litr süd verir. Dəvə südünün 1 litri isə 50-100 manatdır. Hz Salehin dəvəsi isə deyək ki, 300-500 nəfərlik insana süd verirdisə, bu gündə minimum 100 litrə yaxın süd deməkdir. Bax elə burda alimlər bu ayəni sırf aqro mühəndislər üçün təfsir etməli və ən verimli dəvə cinsi əldə edilməli idi. Təsəvvür edin biznes nöqteyi-nəzərdən də nə qədər karlı bi iş olardı. Amma yox, biz şərq insanıyıq. Bizə nağıl lazımdır, zatən islam alimləri də (həddimi aşaraq deyirəm) nədəndirsə nağıl anlatmağı sevirlər.
İndi gələk bu dəvənin ayədə təsvir olunan özəlliklərinə.
- Böyüklər və zadəganlardan yetmiş nəfəri irəli gələrək dedilər ki, “Ey Saleh, indicə Allahından istə ki, bizim üçün bu dağdan dişi, qırmızı rəngdə, çox tüklü və on aylıq bir dəvə göndərsin.”
- “Dəvənin balası da dağdan çıxıb öz anasının ətrafında fırlanmağa başladı.”
- “Bu dişi bir dəvədir. Su içmək növbəsi, bir gün onun, bir gün də sizindir!”
Bax bu cür ayələr təfsir edilsə, Səmud qövmünün yaşadığı vadinin özəllikləri, içdiyi quyunun suyu incələnsə əminəm ki, müsəlmanlar da insanlığa faydalı bir ixtiraya imza atmış olarlar. Çünki bu gün qloballaşan dünyanın qarşısında duran mühüm problemlərdən biri də qida təhlükəsizliyidir. Artan əhalinin ərzaq ehtiyacını qarşılamaq getdikcə daha çətin olur.
Bu yazdığım acizanə bir duadır, həddimizi aşaraq islam üləmasına dil uzatmaq istəmərik. Yalnız əsrin Pirinin dediyi kimi bu gün təfsir, hədis alimləri və müxtəlif ixtisas mühəndislərindən ibarət təfsir heyəti qurulub Qurani-kərim fərqli şəkildə təfəkkür edilməlidir. Mən əminəm ki, bu gün insanlığın qarşısında duran bütün problemlərin (Ətraf mühit kirliliyi-Pollution, ərzaq təhlükəsizliyi, yaddaş qurğusu-Hard disk, Süni Zəka, xərçəngin müalicəsi və sair) həlli Quranda mövcuddur. Sadəcə bizim böyüməyimiz lazımdır. Nağıllar və qəflət aləmindən sıyrılıb, həqiqət və hikmət dəryasına atılmaq lazımdır. Alimlərə “qulpu qırığ kruşka ilə qüsl almaq caizdir?” sualı əvəzinə, Lövhi-Məhfuzun strukturu, modeli, arxitekturası haqqında suallar vermək lazımdır. Və yaxud hz Salehin dəvəsi kimi dəvəni necə seleksiya eləmək barədə dərin araşdırmalar etmək lazımdır. O zaman içinə düşdüyümüz fəqirlik və geriçilik bataqlığında qurtularıq.
Qeyd: Dünyada ən çox süd verən dəvə cinsi Arvana sayılır. İl ərzində bu dəvə 4 ton süd verə bilir.
Bu keçiddən dünya üzrə startup və innovasiyaların ölkələr üzrə statistikasına baxıb dediklərimdə haqlı olduğumu görə bilərsiniz.