Şimal yarımkürəsində ekoloji kənd təsərrüfatı

Ekoloji Kənd Təsərrüfatı sahəsi üzrə məlumat və informasiya mənbələri ümumiyyətlə kənd təsərrüfatı sahəsi ilə müqayisədə az tədqiq olunub. Ekoloji Kənd Təsərrüfatının bir çox ölkələrdə dinamik inkişafına baxmayaraq mövcud sistem bu sahədə olan rəqəm və göstəriciləri statistikaya daxil etməyib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ekoloji kənd təsərrüfatı
sahəsində apardığı statistik araşdırmaları 5 əsas meyara görə sistemləşdirmişdir:
• ekoloji əkinçilik üçün yararlı torpaq sahələri,
• daimi istehsal olunan məhsullar,
• daimi otlaqlar,
• meşələr
• yabanı məhsullar

Son araşdırmalara görə hazırda dünyada ən böyük ekoloji əraziyə malik olan ölkələr sırasında ilk üçlükdə Avstraliya (12,1 milyon ha), Çin (3,5 mln. ha) və Argentina (2,8 mln. ha) yer alır.

Şimal yarımkürəsində yerləşən Avropa, Asiya, Amerika qitələrində ekotəsərrüftda vəziyyətin necə olduğuna diqqət edək.

Avropa ekotəsərrüfat hərakatının beşi sayılır.

1990-cı ildən Avropada ekoloji kənd təsərrüfatı inkişaf etməyə başladı. Avropa Birliyi ölkələrində 5,8 milyon hektardan çox ərazi 140 min təsərrüfat tərəfindən ekoloji üsulla idarə olunur. Bu isə ümumi kənd təsərrüfatı ərazisinin 3,4%-ni təşkil edir. Ekoloji idarəetmə altında olan əraziyə görə və ekotəsərrüfatların sayına əsasən lider mövqe İtaliyaya məxsusdur. İtaliyadan sonrakı pilləri isə Avstriya, Almaniya, İspaniya, Fransa tutur.

Avropa Birliyi ölkələrində ekoloji təsərrüfatçılıq hüquqi və siyasi səviyyədə geniş dəstək tapmışdır. Hazırda Birliyə daxil olan ölkələrdə Avropa Ekoloji Fəaliyyət Planı həyata keçirilir.

Asiya qitəsində ümumi ekoloji ərazi 4,1 mln hektara bərabərdir.

130 min təsərrüfat tərəfindən idarə olunur. Bundan əlavə 6,4 milyon hektar ərazi meşə və «yabanı yetişmə» ərazisi kimi sertifikatlaşdırılıb. Ekoloji təmiz məhsul istehsalı üzrə ən mühüm yer tutan ölkələr sırasında Çini, Hindistanı və Rusiyanı qeyd etmək olar.

Asiya qitəsində 117 sertifikatlaşdırma orqanı fəaliyyət göstərir ki, bunlardan 104-ü Çində, Hindistanda və Yaponiyada yerləşir. Asiyada ekoloji kənd təsərrüfatına dair ərazi və əsas kateqoriyalar üzrə torpaq istifadəçiliyi yaxşı sənədləşdirilib. Bu torpaqların böyük hissəsi (75%-i) daimi otlaqlardır ki, bunların çoxu Çinin ərazisində yerləşir. Əkinə yararlı torpaqlarda isə əsasən dənli taxıl bitkiləri, həmçinin çəltik becərilir. Son illərdə ekoloji dəniz məhsulları (akvakultura), xüsusilə də dəniz xərçəngi (krevetka) təsərrüfatçılığı Çin, İndoneziya, Tailand və Vyetnamda geniş yayılıb. Ümumiyyətlə, Asiyada ekoloji təsərrüfatçılıq sektoru 2005-ci ildən bəri inkişaf etməkdədir. Burada ekomarketin inkişafında idxal önəmli yer tutur. Yaponiyada ekoloji məhsullara olan tələbat əsasən idxal hesabına ödənilir.

Qeyd etmək lazımdır ki, qitədə ekoloji əkinçiliyin yüksəlişi qəhvə, qara çay, qərzəkli bitkilər və qarabaşaq kimi ənənəvi bitkilərin hesabına təmin olunub

Şimali Amerika qitəsində 1,4 milyon hektar ərazi ekoloji üsullarla idarə olunur.

Bu isə ümumi kənd təsərrüfatı ərazisinin təxminən 0,3%-i deməkdir. Müvafiq olaraq ekotəsərrüfatların sayı 12000-ə çatır.

ABŞ bazarında günbəgün yeni ekoməhsullar təqdim olunur və USDA (ABŞ-ın Kənd Təsərrüfatı Departamenti) tərəfindən akkreditə olunan sertifikatlaşdırma orqanlarının sayı artır ki, bu da beynəlxalq səviyyədə ekoməhsulların ticarətinin inkişafına göstərilən dəstəyin nəticəsidir.

Kanada da 1999-cu ildən başlayaraq qida məhsulları istehsalında ölkənin
qanunvericiliyində hələ dəstək tapmamış könüllü ekoloji standartlar tətbiq olunur.

Bu ölkə ekoloji istehsal sahəsində beynəlxalq əlaqələrini inkişaf etdirmək məqsədilə ABŞ, Avropa Birliyi və Yaponiya kimi ölkələrlə ticarət tərəfdaşlığı üçün rəsmi tənzimləmə qaydalarının yaradılması istiqamətində böyük səylər göstərir.

Şimali Amerikanın ekoməhsullar bazarının dövriyyəsi 2005-ci ildə 14,5
milyard ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Bu, dünya üzrə ən yüksək nəticə olmuşdur. İstehlakçıların ekoməhsullara olan tələbatları yüksələn xətlə artmaqdadır və bu region ekoloji kənd təsərrüfatı sahəsində qlobal miqyasda gəlir götürmək ümidindədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!