Süni mayalanma ilə doğulmuş buzova görə fermerlərə subsidiya ödəniləcək

Bu ilin ötən 5 ayında 21 675 fermerin süni mayalanma ilə doğulmuş buzova görə subsidiya müraciəti təsdiqlənib.

Bu fermerlər 25 370 baş buzova görə subsidiya alacaqlar. Subsidiya məbləği hər heyvandarın öz “Fermer Kartı”na köçürüləcək.
agroexpert inək cinsləri

EKTİS-də ümumilikdə 348 süni mayalanma üzrə mütəxəssis qeydiyyatdan keçib və əlaqə məlumatları yerləşdirilib. Fermerlər özlərinə yaxın və daha uğurlu təcrübəyə malik olduğu görünən mütəxəssisləri (mayalanma və alınan bala sayının nisbəti ilə) sistemdən seçib, xidmətindən istifadə edə bilərlər.

Bu ilin ötən 5 ayı ərzində Respublika Süni Mayalanma Mərkəzi 150 süni mayalanma mütəxəssisinə 56000 dozaya yaxın cins heyvan toxumu satıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya ödənilir.

Yeni subsidiya qaydalarına uyğun olaraq bütün subsidiya müraciətlərinin toplandığı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkinçilər kimi heyvandarlar da qeydiyyatdan keçərək öz təsərrüfatları ilə bağlı bəyan etməli və fəaliyyətləri barədə məlumat yerləşdirməlidirlər. Süni mayalanma ilə alınan buzova görə subsidiya müraciəti üçün bütün proses –

  • bala verəcək heyvan haqqında məlumat,
  • süni mayalanma mütəxəssisi,
  • mayalandırma tarixi,
  • doğulacaq balanın cinsi,
  • doğulma tarixi EKTİS-də qeyd olunmalıdır.

Bu məlumatların bir hissəsini fermer özü, bir hissəsini də süni mayalanma mütəxəssisi və baytar daxil edir. Buzov doğulduqdan sonra məlumatlar yoxlanılaraq təsdiqlənir və buzov sahibinə ödəmə edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!