Tarladan yüksək məhsuldarlıq əldə etmək üçün tövsiyyələr

Əkin sahələrinə qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir.

Respublikamızda mövcud olan təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 sen/ha) dən məhsulu almağa imkan verir. Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür ki, buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə olunmağa və nəzarətə tabe olmurlar. Respublikamız şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla, payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmırlar.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev Azərtaca müsahibəsində fermerlərə yaz-tarla işləri ilə bağlı tövsiyələrini çatdırıb:

Respublikamızda mövcud olan əlverişli təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək (70-80 s/ha) dən məhsulu almağa imkan verir. Yüksək dən məhsulunun formalaşmasına nizamlanan amilləri yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq olar. Bu amillərə aiddir:

  • Suvarma, yemləmə gübrələrinin verilməsi,
  • Alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi,
  • Xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.

Payızlıq taxıllar qış dövründə xarici mühitin əlverişsiz amillərinin təsiri nəticəsində inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə əkin sahələrinə qulluq işində əsas vəzifə qışda və erkən yazda bitkilərin qorunub saxlanmasıdır.

Payızlıq taxıl əkini sahələrindən yüksək məhsul götürmək üçün gübrələmənin əhəmiyyəti çox böyükdür.

Torpağın tipindən, sələf bitkidən, torpağın gübrələmə dərəcəsindən və s. asılı olaraq əkin sahələrinə mineral gübrələrin düzgün verilməsi bitkilərin normal böyüməsinə və inkişafina şərait yaradır. Onların xəstəliyə, şaxtalara və quraqlığa davamlığını artırır.

Bütün gübrələr sahəyə bərabər surətdə səpilməlidir. Gübrələr əsasən şum qatının altına verilməlidir. Çünki bu qat üst qata nisbətən həmişə rütubətli olduğundan bitkilərin gübrəni mənimsəməsi üçün şərait yaradır. Bu baxımdan səpindən qabaq şum altına fiziki çəki hesabı ilə hektara 350-400 kiloqram fosfor gübrəsinin verilməsi olduqca vacibdir. Sortların qida maddələrinə yüksək dərəcədə tələbkar olduğunu nəzərə alaraq, gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir.

Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq, hər hektara fiziki çəkidə
  • 250-300 kiloqram ammonium şorası, yaxud 200 kiloqrama qədər karbamid verilməsi məsləhətdir.
  • Azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir.

Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda erkən yazda bitkilərə əlavə gübrə şəklində mineral gübrələr verilənə qədər onların qidaya tələbatını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir.

taxıl - payızlıq taxılı - taxıl əkini

Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Çünkü bu zaman daxildə sünbül hələ formalaşmamışdır. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır. Buna görə də gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır. Erkən yazda torpaqda rütubətin buxarlanmasının qarşısını almaq və bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi üçün, əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir.

Payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır.

Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə iki-dörd dəfə su verilməlidir. Qışı yağıntılı keçən illərdə torpaq-iqlim şəraitindən asılı olaraq fevralın üçüncü yaxud martın birinci ongünlüyündə birinci vegetasiya suvarılmasına başlamaq məsləhətdir.

Əgər səpindən sonra əkinlər suvarılmayıbsa və havalar quraq keçirsə, onda qış aylarında bitkilər mütləq suvarılmalıdır. Suvarma bölgələrində payızlıq taxıldan az məhsul götürülməsinin başlıca səbəblərindən biri də suvarmanın vaxtında aparılmamasıdır. Bilmək lazımdır ki, suvarmanın 8-10 gün gecikdirilməsi məhsulun 15-20 faiz azalmasına səbəb olur. Suvarma erkən səpin aparılmış sahələrdə başlanmalı və qısa müddətdə qurtarmalıdır.

Bəzi təsərrüfat rəhbərləri və mütəxəssisləri cüzi miqdarda yəni 15-20 millimetr yağıntı ilə kifayətlənərək suvarmanı dayandırırlar. Taxıl isə bundan xeyli artıq rütubət tələb edir. Deməli, yağıntılar az olanda suvarmanı davam etdirmək məhsuldarlığı artırmaq deməkdir.

Ümumiyyətlə, vegetasiya dövründə torpaqda olan nəmliyin miqdarına nəzarət etməklə onun tarla rütubət tutumunun 70-75 faizindən aşağı düşməsinə yol verilməməlidir.

Alaqlar mədəni bitkilərin, o cümlədən payızlıq buğdanın məhsuldarlığını aşağı salan amillərdən biridir.

Alaq otları məhsuldarlığı aşağı salmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir. Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir. Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlarından istifadə edilməsi tövsiyə olunur. Hazırda birləpəli alaqlara (yabanı vələmir, çoxillik qaramuq, bülbülotu və s.) qarşı geniş istifadə olunan herbisidlərə əsasən Tovap, Puma Super və Topik aiddir. Tovap herbisidi hektara 0,13-0,15 litr hesabı ilə, Puma Super herbisidi hektara 0,8-1,0 litr, topik herbisidi isə hektara 0,35-0,40 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı yazda payızlıq buğdanın kollanma mərhələsində alaqların hansı yarpaq fazasında olmasından asılı olaraq 200-300 litr aralıqda suda həll edilərək sahələrə çilənməlidir.

İstifadə etməzdən əvvəl etiket qaydalarını diqqətlə oxumaq lazımdır. İstifadədən əvvəl qoruyucu paltar, əlcək, qoruyucu eynək və üz maskası geyinilməlidir. İstifadə zamanı siqaret çəkmək və içki içmək olmaz. Pestisid işlədildikdən sonra boşaldılmış qabları su mənbələrinə və yaşayış yerlərinə yaxın sahələrə atmaq qadağandır. Boş qablar zərərsizləşdirilməlı və ya torpağa basdırılmalıdır. Dərmanlanmış ərazidə heyvanları otarmaq olmaz.

Çiləmədən öncə çiləyicidə dərman yaxşıca qarışdırılmalıdır. Çiləmə zamanı çalışmaq lazımdır ki, alaqlar dərmanla yaxşı islansın. Əgər 2 saat ərzində yağışın yağması gözlənilirsə, dərmanı tətbiq etmək olmaz. Bitkilər stress vəziyyətdə, yəni çox isti, rütubətli şəraitdə, xəstəlik və zərərvericilərlə sirayətləndikdə, azot çatışmazlığı olduqda, küləkli havada və küləyin əksi istiqamətində çiləmə aparılması məsləhət deyil.

Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara (adi turpəng, çöl gülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı
  • Oskar herbisidi hektara 0,02 kiloqram hesabı ilə,
  • 2.4-D herbisidinin amin duzu hektara 1,0-1,2 kiloqram,
  • Lintur herbisdi 0,150-0,180 kiloqram,
  • Qran Star herbisidi isə 0,018 kiloqram hesabı ilə verilir.

Fermer təsərrüfatında aparılan təcrübələr göstərir ki, Lintur, Qran Star herbisidlərini Topik və Puma Superlə, Oskar isə Tovapla 200-300 litr suda qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir. Çiləmədən öncə çiləyicidə dərman yaxşıca qarışdırılmalıdır. Çiləmə zamanı çalışmaq lazımdır ki, alaqlar dərmanla yaxşı islansın. Əgər 2 saat ərzində yağışın yağması gözlənilirsə, dərmanı tətbiq etmək olmaz. Burada da bitkilər stress vəziyyətdə, yəni çox isti, rütubətli şəraitdə, bitkilər xəstəlik və zərərvericilərlə sirayətləndikdə, azot çatışmazlığı olduqda, küləkli havada və küləyin əksi istiqamətində çiləmə aparılması məsləhət görülmür.

Respublikada taxıla qış-yaz dövründə siçana bənzər gəmiricilər daha çox ziyan vururlar.

Dəstə halında yaşayan gəmiricilər aran və dağətəyi rayonların hamısında geniş yayılıb. Bu məqsədlə

  • Avtol və ya bitki yağı qarışdırılmış 10 faizli sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur.
  • Hər işçi yuvaya 0,5-1,0 qram hesabı ilə zəhərli dən qoyulur.

Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Onu topalar şəklində yığmaq və yüngülcə islatmaq lazımdır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyir və məhv olurlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!