Taxıl sahəsini-kövşənliyi bu səbəblərdən yandırmaq olmaz
Bilirsinizmi nə üçün taxıl yerlərini-kövşənliyi od vurub yandırmaq olmaz?
Düzdür, yanmış sahə bir az təmiz görünür, bir az alaq toxumları yanır, məhv olur və bir az da traktor rahat əkir. Bu bildiyimiz xeyirli cəhətləri.

İndi gəlin kövşənliyin yandırılmasının ziyanlı tərəflərini sadalayaq.
- Kövşənliyi yandırmaqla torpağın mikroflorasını pozmuş oluruq.
- Torpaqda olan bütün xeyirli həşaratlar və mikroorqanizimlər məhv olur.
- Torpaqda olan nəmlik buxarlanır.
- Alovun təsirindən torpaq quruyur, çatlar əmələ gəlir. Həmin çatlardan nəmlik buxarlanır və traktorun faydalı iş əmsalı azalır.
- Torpağa mala çəkərkən əmələ gəlmiş kəltənləri əzmək üçün bir neçə dəfə təkrar malalanır. Yanacaq və əmək haqqı artıq gedir, məhsulun maya dəyəri artır.
- Torpaqda maddələr mübadiləsi pozulur.
- Torpaqda 1mm humus qatı yaratmaq üçün 20 il vaxt sərf olunur. Kövşənliyi yandırmaqla bu prosesin gedişinə mane olmuş olursunuz. Əgər kövşən qalıqları əkilərək şum altında qalsa çürüyüb olar üzvü maddə. Torpaqda çürüntü yaradar olar gübrə.
- Havanı-atmosferi çıxardığınız yanğınla zəhərləmiş olursunuz.
- Alovun təsirindən havanın temperaturu yüksəlir. Bəzən də yüksək gərginlikli elektrik xətləri altındakı sahə yandırılarkən naqillər əriyib yerə tökülür və ya əlavə yanğınlar yaranır.
- Torpaqda olan yer soxulcanları, onların yumurtaları məhv olur.
Bu soxulcanlar özlərinə “ziq-zaq” hərəkətləri ilə torpaqda boşluqlar yaradır və Torpağı havalandırır. Onlar özlərinin ağız aparatından torpağı keçirdir, zərərli mikroorqanizimlərin və həşaratların yumurtalarını yeyir. Öz bədənlərinin təri ilə torpağı rütubətləndirir, nəmlik verirlər. Soxulcanların ifrazatı torpaqda əlavə biohumus yaradır. Və nəhayət hərəkət edərkən torpağın qaysağını dağıdır. Bu da bitkinin kökünə oksigenin daxil olmasına, məhsuldarlığın yüksək olmasına səbəb olur.
Kövşənliyi yandırmaq cərimələnməyə səbəb olacaq. Fiziki şəxslər 700 manat, hüquqi şəxslər 2 min manat.
Qeyd. Hər bir əkin sahəsinin yandırılma prosesi eyni problem və cərimələrə səbəb olur.
Müəllif: Alim aqronom Şirinov Məhəmməd