Tirə əkin üsulu fermerlərə nümayiş etdirilib
Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Beyləqan rayonunun Qəhrəmanlı kəndində taxıl bitkilərinin tirə əkin üsulu ilə yetişdirilməsi texnologiyası nümayiş etdirilib.

Nümayiş Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahəsində baş tutdu. İnnovasiya Mərkəzinin əməkdaşları, fermerlər, sahibkarlar iştirak etdilər.. Türkiyədən gətirilmiş səpin aqreqatı vasitəsi ilə aparılan tirəli səpinin iqtisadi üstünlükləri fermerlərə əyani göstərildi.
Aqrar Elm və İnnovasiya Mərkəzinin eksperti Nicat Nəsirli, regional mərkəzin direktoru Mirağa Kazımov və digər mütəxəssislər çıxış ediblər. Onlar bildiriblər ki, bu intensiv əkin üsulu ənənəvi əkin üsulundan xeyli fərqlənir.
- Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə həm bir gedişlə 20-30 sm hündürlükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir.
- Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə 70-90 sm arasında dəyişir.
- Hazırlanmış tirələrin səthinin eni 30-45 sm arasında dəyişir.
- Tirənin səthinə iki yaxud üç cərgədə toxum səpilir.
- Əgər tirənin səthində iki cərgə toxum səpilərsə, tirə səthinin eni 30-35 sm, üç cərgə toxum səpilərsə, tirə səthinin eni 45 sm enində olur.
Hazırda Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində arpanın tirə əkin üsulu ilə nümayiş sahəsi yaradılır.
Sahə nümayişi zamanı fermerlərin yeni texnologiya ilə bağlı çoxsaylı sualları cavablandırılıb.