Tövlə necə tikilməlidir?

Heyvandan daha çox verim almaq üçün heyvanların yem rasyonu və saxlama şəraiti düzgün təşkil edilməlidir. Keçən məqalədə sizə ətlik dana (bordaq) biznesi haqqında ətraflı məlumat vermişdik. Bu məqalədə isə bordaq üçün tövlə necə olmalıdır sualına cavab verəcəyik.

Dünyada iribuynuzlu üçün 3 cür ferma modeli tətbiq edilir.

  • Qapalı-bağlı tövlələr
  • Qapalı-sərbəst tövlələr
  • Açıq bəsləmə tövləsi

Qapalı-bağlı tövlələr

Azərbaycanda bordağ biznesi deyəndə elə bu başa düşülür adətən. Heyvandarlığın intensiv çəki artırma üsuludur. Amma bu cür tövlələrin sabit yatırım xərcləri çox olur. Bina, yem hazırlama sistemi, qaba və qüvvəli yemlərin saxlanması üçün anbar, gəzinti ərazisi, peyin quyuları, texnika bu cür işlətmələrdə olmalıdır. Bu isə o deməkdir ki, bordaq üçün qapalı-bağlı tövlə qurmaq başda daha çox sərmayəni sabit yatırım etmək deməkdir. Bu isə sonrakı dövriyyəni azalda bilər. Əlavə olaraq bu cür tövlələrdə yemləmə, sulama və peyini daşıma daha çox işçi qüvvəsi tələb edir. Düzdür, son vaxtlar heyvanların altının təmizlənməsinə ehtiyac yoxdur deyən ekspertlər də artmağa başlayıb. 20 heyvan gün ərzində 1 tona yaxın peyin ifraz edir, az deyil yəni. Qapalı-bağlı sistemdə bir heyvana 4,5-5 m² yer hesablanır və ayrılır..

Qapalı-sərbəst tövlələr

tövlə

Son vaxtlar qardaş Türkiyədə qapalı-bağlı axurlardan, sərbəst axurlara yönələnlərin sayı çoxalıb. Səbəbi isə, tövlələrdə daha çox heyvan saxlana bilməsi və dırnaq xəstəliklərinin daha az olmasıdır. Amma burda da peyin təmizləmək çətin olur.

Qapalı-sərbəst tövlələr 10-15 heyvan yerləşəcək bölümlərə ayrılır. Mümkündürsə hər bölməyə bir çıxış qapısı qoyulur. Bir heyvana 3-3,5 m² yer hesablanır. Bu sistemdə heyvan sayı çox olduğu üçün havalandırma çox önəmlidir.  Belə tövlələrin uzun divarlarında pəncərə əvəzinə 60-80 sm-lik açıq yerlər buraxırlar. Yuxarıda damda da işıq düşməsi və havalandırma üçün açıq yer düzəldilir. (Yağış düşməyəcək şəkildə). Heyvanları yemləmək üçün bir heyvana 40-50 sm yem qabı uzunluğu hesablanır. Əgər yem qablarında yem daim olacaqsa 15-30 sm də kifayətdir.

Hər 10-15 heyvanlıq bölməyə bir avtomatik (yarıavtomatik də olar) su qabı qoyulmalıdır. Yox betondan düzəldəcəksinizsə iki bölümün arasında 30×60 sm ölçüsündə su qabı düzəldə bilərsiniz. 

Açıq bəsləmə tövlə

Çox az yatırım tələb edən bu tövlələr ən böyük problem heyvanların qışda xəstələnməsidir. Bugün bütün dünyada açıq bordağ çox rahat tətbiq edilir və -17 C dərəcədə belə diri çəki artımı mümkündür. Qapalı sistem tövlələrdə işıq azlığı və altlarının yaş olmasından dolayı heyvanlar xəstələnir. Açıq sistemdə isə heyvan sərbəst olduğundan, kifayət qədər yemlənir və su içir. Havalandırma və peyin problemi yoxdur. Heyvanları qorumaq üçün kölgəlik və dam düzəldə bilərsiniz. 

Yer seçimi üçün şimala meylli, torpağı keçirici, sel basmayacaq sahələr lazımdır. Soyuq və sərt küləyə qarşı müdafi olunan ərazi seçin. Bütün tövlələr üçün yol, su və elektrikə yaxın olmaq lazımlıdır. 

Açıq bəsləmə zamanı 10-20 heyvanlıq bölmələr düzəldilir. Ferma tamamilə açıq isə bir heyvana 12 m² yer hesablanır. Yəni 2 m² damın altı üçün, 10 m² isə gəzinti sahəsi ayrılmalıdır.

İsti zonalarda yemdən aralı bir yerdə 3 m hündürlükdə olan kölgəlik düzəldilməlidir. 

Arakəsmələr 7,5 sm ölçülü dəmir borulardan 130 sm hündürlükdə qoyulur. 

Bir də heyvanları iynə vurmaq vəçəkmək üçün heyvan tutma yeri düzəldilir. Eni 90-95 sm, hündürlük 160-180 sm, uzunluq 2-2,5 m.

Açıq bəsləmə zamanı verimə təsir edən faktorlar

  1. İribuynuzlu heyvanlar soyuğa dözümlüdür, lakin istiyə yox. +38 C dərəcədən yuxarı istilik varsa çəki artmaz, hətta azalar və heyvan xəstələnər.
  2. Yüksək nəmişlik yem istifadəsini azaldır. Az nəmişlik zamanı isə tozlanma olur, bu isə heyvanlarda ağciyər xəstəliklərinə səbəb olar.
  3. Heyvanların önündə daim təmiz su olmalıdır.
  4. Gecələr heyvanları görəcək qədər işıqlandırma olması yaxşıdır.
  5. Palçıq az olmasına diqqət edin.
  6. Taxta yem qabları, beton yemliklərə nisbətən ucuz və yüngül olur, amma tez sıradan çıxır. 

Xaricdə açıq bəsləmə metodu ilə anqus kimi heyvanları saxlamaq təcrübəsi çox yayılıb.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!