Toxumun seçilməsi taxıl istehsalında mühüm şərtdir – mütəxəssis məsləhətləri

Azərbaycan torpaq-iqlim şəraitinə görə fərqlənən bölgələrə malikdir və bu bölgələrin əksəriyyətində payızlıq dənli bitkilər əkilir. Əlbəttə, torpaq və iqlim şəraitinə görə fərqlənən bölgələrdə payızlıq taxıllardan yüksək məhsul alınması üçün hər bir bölgəyə uyğun becərmə aqrotexnikasının tətbiqi vacibdir. Bununla yanaşı, həmin bölgələrdə torpaq və iqlim şəraitinə uyğun taxıl sortlarının əkilməsi də məhsuldarlıqda və ümumi məhsul istehsalının yüksəlməsində ən mühüm amillərdən biridir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov bununla bağlı  açıqlamasında deyib: “Payızlıq taxıl bitkilərinin illərə görə variasiyasının 40-60 faizi sortun hesabına olur. Payızlıq taxıllarda xüsusilə ekstremal keçən illərdə məhsuldarlıq sortun seçilməsindən asılıdır. Ona görə də payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsi üçün bölgələr üzrə sortların düzgün yerləşdirilməsinin xüsusi önəmi vardır”.

Atabəy Cahangirov qeyd edib ki, respublikamızda payızlıq dənli bitkilər nəmliklə təmin olunmuş, nəmliklə orta dərəcədə təmin olunmuş, nəmliklə stabil təmin olunmamış dağlıq və dağətəyi bölgələrdə, nəmliklə stabil təmin olunmamış cənub düzən bölgələrdə dəmyə şəraitində və suvarılan Aran bölgələrdə yetişidirilir. Qeyd olunan bölgələr yağıntılarla təmin olunma dərəcəsi ilə yanaşı, həm də bitkiyə təsir edən illik müsbət temperaturların cəminə görə də fərqlənir. Belə ki, bəzi dəmyə bölgələrdə qış mülayim keçir və bitkilərin yaz inkişafı tez başlayır, bəzilərində isə qış uzun çəkir və yaz inkişafı hətta martın sonunda və aprel ayında başlayır.

İqlim şəraitindəki qeyd olunan fərqliliklər payızlıq taxılların inkişafında və yekun məhsulun formalaşmasında mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq, hər bir bölgə üçün daha əlverişli inkişafa malik sortların yaradılması və onların bölgələr üzrə düzgün yerləşdirilməsi aqrar elmin qarşısında duran əsas vəzifələrdən biridir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda respublikamızın fərqli torpaq və iqlim şəraitinə, yağıntıların miqdarına və suvarma şəraitinə uyğun olan sortlar yaradılıb, bu sortlar bölgələrə uyğun olaraq tövsiyə edilib və bu proses daimi olaraq davam etdirilir.

“Burada istiliyə və xəstəliklərə davamlılığı da xüsusi qeyd etmək lazımdır”, – deyən mütəxəssis Əkinçilik ETİ-nin Qobustan Bölgə Təcrübə stansiyasında aparılan sınaq işlərinin nəticələrindən danışıb: “Bu sınaqlar göstərib ki, şimal bölgələrdən gətirilən buğda sortları bizim şəraitdə şaxtaya davamlı olmasına baxmayaraq, yüksək temperatura, quraqlığa və pas xəstəliklərinə qarşı çox həssasdır. Çünki, həmin sortların yaradıldığı şimal bölgələr yüksək yağıntılara və torpaq münbitliyinə malik olmaqla yanaşı, həm də buğdanın yaz-yay vegetasiyası ərzində temperaturun mülayim keçməsi ilə xarakterizə edilir. Digər tərəfdən isə həmin bölgələrdə göbələk xəstəliklərinin ras tərkibi bizim bölgədən fərqlidir.

Beləliklə, son nəticədə həmin sortların yaradıldığı şimal regionunda yüksək məhsul vermələrinə baxmayaraq, bizim respublikamızda həmişə yüksək məhsul vermək ehtimalı azdır. Onlar bəzi əlverişli keçən illərdə və yüksək səviyyəli qulluq şəraitində normal məhsul verdikləri halda, əksər illərdə buna nail olmaq mümkün deyil. Xüsusilə son illərdə qlobal istiləşmə fonunda iqlim şəraitinin quraq və yüksək temperaturda keçməsi bu riski daha da artırır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, bizim həm dəmyə, həm də suvarma şəraitində yaradılan və illərlə sınaqdan keçən sortlardan istifadə olunması yüksək və stabil məhsul götürülməsi üçün vacibdir”.

Atabəy Cahangirov vurğulayıb ki, son illərdə Əkinçilik ETİ-də nəmliklə müxtəlif dərəcədə təmin olunan dağlıq və dağətəyi dəmyə bölgələr, həm də suvarma bölgələri üçün ekstremal iqlim amillərinə və xəstəliklərə davamlı sortlar yaradılıb. Onlardan nəmliklə təmin olunmamış dağətəyi dəmyə bölgələr üçün “Qobustan”, “Ləyaqətli-80”, “Baba-75”, nəmliklə təmin olunmuş dağətəyi və dağlıq dəmyə bölgələr üçün “Ləyaqətli-80”, “Baba-75”, “Xəzri”, suvarma bölgələri üçün isə “Qırmızı gül 1”, “Xəzri”, “Qobustan”, “Mətin” və “Murov 2” buğda sortlarını göstərmək olar. Bundan başqa, Əkinçilik ETİ-də nəmliklə təmin olunmayan dağlıq və dağətəyi dəmyə bölgələr üçün “Cəlilabad 19”, “Dəyanətli 48”, nəmliklə təmin olunan dəmyə bölgələr üçün “Nuranə” və “Qüdrətli 48”, suvarma bölgələri üçün isə “Qarabağ 22” və “Qarabağ 33” arpa sortları yaradılaraq rayonlaşdırılıb və onlar hazırda istehsalatda tətbiq olunur.

(Azərtac)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669