Tütünçülük təsərrüfatı nə qədər gəlirlidir?

Tütün bitkisi badımcan ailəsindən bir illik bitkidir. Altmışdan çox çeşidi olan tütün üç alt qrupa bölünür. Vətəni Amerika olan tütün 1492-ci ildə Kristofer Kolumbun qitəni kəşf etməsi ilə tanınıb və sonra Avropa vasitəsilə dünyaya yayılıb.

İlk olaraq dini mərasimlərdə tüstü kimi, daha sonraları bəzək bitkisi və dərman kimi istifadə olunan tütün bitkisinin yarpaqları pipo, siqar, çeynənən tütün, qəlyan və siqaret şəklində istehlak edilməyə başlanıb. Bu gün yarpaqlarından nikotin, saplaqlarından selüloz, toxumdan yağ, çiçəyindən ətir, külündən kalium karbonat əldə olunan tütün sıx reaksiyalara baxmayaraq bir çox ölkələr üçün olduqca vacib kənd təsərrüfatı məhsuludur.

İxracdan əldə edilən xarici valyutadan başqa, ixrac və istehlakdan alınan vergilərlə bir çox ölkələrin əvəzolunmaz gəlir mənbələri sırasındadır. Tütün təsnifatında qurutma üsulu, tütün növü, istifadə sahələri, yarpaq rəngi və s. meyar kimi götürülə bilər. Bununla birlikdə tütün qurutma metoduna əsasən müxtəlif qruplaşdırılır.Tütün ətraf mühit şəraitindən ən çox təsirlənən bitkilərdən biri olduğu üçün xüsusiyyətləri böyüdüyü iqlim və topoqrafiyadan asılı olaraq dəyişir.

Həyətyanı sahədə tütünçülük təsərrüfatı

Tütünçülük təsərrüfatı üzrə Agroexpert.az-ın müsahibi Şəki şəhəri Çapağan kənd sakini kiçik sahibkar Kamran Süleymanovdur. 1 hektar 40 sot həyətyanı sahəsinə tütün əkən təsərrüfatçı bu sahə haqda müxtəlif yöndə məlumat verdi.

“Yanvar ayında əkin ediləcək ərazini şumlayıb hazırlamışıq. Fevralın ilk 10 günlüyündə şitil üçün toxum səpini etmişik. 40 günə cücərərək şitillik vəziyyətə gəldiyi üçün toxum əkimini fevral ayının ilk 15 günlüyündə etmək daha məsləhətlidir. Toxum əkimi soyuq, hətta bəzən şaxtalı havalarda olduğu üçün toxumu donmaqdan qorumaq məqsədi ilə əkilən ləklərin üzəri şəffaf sellofanlarla örtülür. Toxum əkildiyi zaman üzərinə heyvan gübrəsi tökülür. Həmçinin böyüdüyü müddətdə alaq otları təmizlənir, suvarılır və 2 gündən bir havalandırılır. Aprelin 15-nə qədər suvarılaraq şitil əkimi edilir. “Bamaxoz” gübrə və şumaltı gübrə verilir. Sahədə diblərin alaqdan təmizənməsi və yumşaldılması üçün “doxa döyülür”. Gübrələr bitkinin boyuna və norma inkişafına təsir etmək üçün, qurd və zərərvericilərdən qorumaq üçün və bitkinin torpağının yumşaq qalması üçün istifadə olunur. Sahənin böyüklüyündən asılı olaraq gübrə həm əllə, həm də xüsusi vasitələrlə verilir”.

Əkin üçün texnikaların kənddə yaşayan sakinlərə aid olduğunu bildirən fermer 3 hektardan az ərazidən istifadə etdiyi üçün subsidiya almadığını qeyd etdi.

“Bəzi kənd təsərrüfatı sahələrindən fərqli olaraq ərazisi 3 hektardan yuxarı olduqda subsidiya almaq üçün heç bir setifikart tələbi yoxdur. Məhsul yetişdikdən sonra “Azərtütün” İstehsalat birliyinə satırıq. Toxumu da məhz “Azərtütün” İB-dən alırıq. 3 növdə tütün toxumu əkmişik. 1 hektar sahə üçün 20-30 qr toxum tələb olunur. Sözügedən böyüklükdə ərazi üçün 22-23 min ədəd şitil əkilir. Həmin ərazidə yüksək məhsuldarlıq olduqda 35-40 ton, ən zəif halında 15 ton məhsul almaq mümkündür”.

Məhsulun satış qiymətləri

Sahibkar həmçinin suvarılma problemləri və məhsulun satış dəyərindən danışdı.

“4-5 gündən bir suvarılma edirik. Suvarma sistemi arx üsulu suvarmadır. Kənd ərazisindən çay keçməsinə baxmayaraq su problemi yaşanır. Suvarılmanın zəif olması məhsuldarlığa öz mənfi təsirini göstərir.

Satış üçün zavoda göy qurudulmamış yaş tütün verilsə kiloqramı 27 qəpiyə, ipə düzülmüş quru tütün isə 2.30-2.40 azn-dir. Bu qiymətlər sortdan asılı olaraq dəyişir. 1-ci, 2-ci, 3-cü sortlar qurumuş yarpaqların rənginə görə dəyişir. 1-ci sort rəngi qızılı sarı, qiyməti daha yüksək olur. 2-ci sort qəhvəyi rəngli, qiyməti daha ucuzdur. 3-cü sort ən ucuz sort olaraq rəngi tünd qəhvəyidir.

5-6 dəfə yığım həyata keçirilir. 1 ha ərazidə 6-8 nəfər işçi çalışır. İşçilər əsasən şitil əkimi və toxa döyümü işlərini görürlər. Günəmuzd işləyən işçilərə 12 manat verilir”.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!