Üzüm bitkisinin “unlu bit” xəstəliyi nədir?

“Unlu bit” zərərverici ilə sirayətlənən üzüm meyvələri tamamilə yararsız vəziyyətə düşür. Azərbaycanın bütün rayonlarında bu zərərverici bütün sortlara zərər verir.

Abşeronda açıqlıqda yerləşən, külək dəyən bağlarda nisbətən az ziyan verir. Lakin həyətyanı bağların yeri sıx olduqda, xüsusilə tənəklər suvarıldıqda, nəmlik yüksək olduqda daha çox zərər verdiyi müşahidə edilir. 

Bu zərərverici bəzi illərdə azalıb tamamilə yox olur. Bəzən də illər boyu get-gedə artır və müəyyən illərdə çox inkişaf edərək üzümlüklərə, xüsusən də məhsula böyük zərər verir.

“Çanaqlı yastıca” sarımtıl-qırmızı, yaxud sarımtıl-narıncı rəngə çalarlı bitdir.
Agroexpert.az uzumde unlu bit xesteliyi nedir

Lakin bədəninin səthi ağ yun kimi tüklərlə, yaxud ağ un kimi mum təbəqəsi ilə örtülü olduğuna görə ağ rəngdə görünür. Bu mum, yaxud tükcüklər həmin biti qalxan kimi xarici təsirlərdən müdafiə edir. Ona görə də çanaqlı yastıca, yaxud qalxanlı bit adlanır. Bu bitin yumurta kaloniyaları soyuq aylarda

  • tənəklərin qabıqları altında, xüsusən bükümlərdə,
  • çatlarda, köklərin üst hissəsində qışlayırlar.

Yumurtaları uzunsov-oval və sarı rəngdədir. Yumurtaları ağ mum topalarından yaranmış yığınlar arasındakı boşluqlara kaloniya şəklində qoyulur. Burada 150-200 ədəd yumurta olur. Bu topalar bitki üzərində kiçik “qar topalarını” xatırladır.

Yaxınlıqda söyüd, nar, əncir, tut və başqa ağaclar olduqda onların üzərində də qışlayır və bu məhsullara da üzüm kimi ziyan vurur. Yazqabağı bitlər budaqlara, zoğlara, salxımlara, yarpaqlara qalxıb onların şirəsini sorurlar. Bitlər özləri də şirə ifraz edirlər ki, bu şirə üçün qarışqalar tənəklərə çıxırlar. Yazda hələ zərərvericinin zərəri açıq görünməyən vaxt qarışqaların tənəklərə çıxması ilə həmin zərərvericinin hansı tənəklərdə aktivləşdiyini bilmək olur.

Bitlər partenogenetik (mayalanma getmədən) yolla mövsüm ərzində 3-4 nəsil verir və çox artırlar.

Onların özlərindən ifraz etdikləri şirənin üzərində çürümə yaradan göbələklər inkişaf edir. Əsasən gövdə, zoğ, yarpaq, salxım və s. üzərindəki şirədə qara kif göbələyi əmələ gəlir ki, bunlar da tənəkləri “mazutla bulaşmış” şəklə salır. Bu zaman yaşıl səth qara rəngli örtüklə örtüldüyündə işıq enerjisindən istifadə tamamilə zəifləyir. Digər tərəf­dən isə zərərverici bitkinin orqanlarından şirəni soraraq onu zəif salır, hətta zərərvericinin kütləvi inkişafı zamanı bitkilər quruyur. Güclü sirayətlənmiş zoğ, salxım, yarpaq quruyaraq məhv olur. Avqust ayının orta­larında zərərvericinin üçüncü nəsli inkişafa başlayır. Bu nəslin yastıcaları başlıca olaraq tənəyin yaşıl və oduncaq hissələri ilə qidalanaraq özlərindən yapışqanlı maddə ifraz edir, salxım və gilələri çirkləndirir.

Zərərverici yaşıl zoğların buğum düyünləri üzərinə, salxım saplağına və gilə saplaqlarına koloniya şəklində toplaşaraq “ağ pambıqşəkilli” topalar əmələ gətirir. Onların təsirindən zoğlar zədələnir, üzərində qonur ləkələr əmələ gəlir və hətta zoğ quruyur. Məhsullu zoğlara, o cümlədən salxım və gilə saplaqlarına sirayətlənmələri nəticəsində

  • salxımlarda gilələr büzüşərək soluxur,
  • zərərvericinin ifrazatı və onun üzərində əmələ gələn kif göbələyi isə salxımı yararsız vəziyyətə salır,
  • gilələr qidalanmaq üçün yararlı olmur,
  • onlardan hazırlanan şirələr və şərablar xoşagəlməz qoxu verirlər.

Bu isə salxımda hər hansı bir çürümə xəstəliyini xatırladır. Lakin bunu göbələk xəstəliyi (boz çürümə, ağ çürümə və s.) kimi qəbul etmək mübarizə tədbirlərinin səmərəliliyini tamamilə azaldır. Çanaqlı yastıca nisbi rutubət yüksək olan illərdə, yaşıl zoğları çox sıx olan tənəklərdə daha çox inkişaf edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!