Yarımçıq hekayə…

Həyat dolu idi, dostları arasında hörmətliydi. Tələbəçilik dövrünü də qayğısız və problemsiz keçirmişdi. Məzun olmuş və mühəndis diplomu almışdı. Bir il bu diplomla boş-boş keçirib, nəhayət bir işlə məşğul olmaq qərarına gəlir və çayxana açır. Bir müddət işlədir, “çağırış” gəlir və əsgərliyə gedir. “Borzı” xidmət keçib qayıdıb gəlir və 1 il də boş-bekar gəzdikdən sonra “urusetə” gedir. Orda da Trumpla Putin imkan vermir buna, qayıdıb gəlir başlayır “taksavatlıq” eləməyə. Bu arada kursa gedib 1C yaxud C dili öyrənir. Əli düzələn kimi yenə çayxana açır. Tapşırıqla işə düzəlir. Maaş qane eləmir, işdən çıxır.

Yarımçıq işlərdən Allaha sığınmaq.

Stomatoloji klinika açmaq istəyir pulu çatmır. Gedir yenə çayxana açır. Telefon təmiri öyrənir, maşın ustalığı edir, dönər işlədir, “abrisovka” vurur. Bir dostu çıxır “bomba ideya” var deyir, yaşıl saç boyası satan dükan açır, bağlayır, gedir çayxanada oturub qara-qara düşünür, demaqoji edir, top.az-a olan qalan pulunu atır, qara bəxtinə tüpürüb evə gedir. Bu arada evlənib, uşaqları böyüyüb uni bitirib-mühəndislik…

Elə hekayə də burda yarımçıq qalır. İnsanımız qabiliyyətlidir və zəkidir. Amma bir böyük problemi var. Hər işi yarımçıqdır. Bunu hər sahədə görmək olar. Halbuki qərbin tərəqqisini bir az təhlil eləyən görər ki, orda dar bir istiqamətdə ixtisaslaşırlar. Bizdə isə kompyuter mühəndisinin CV-sinə Microsoft baxsa, deyəcək ki, bizdəki proqramistlərin hamısını çıxarın, bir dənə bunu işə götürün vəssəlam.

Eyni problem aqrosektorda da mövcuddur. Bir videoya baxıram, İtalyada pendir istehsalı ilə məşğul olan xanım deyir ki, 11 nəsildir bu işlə məşğuluq. Ona görə dünyanın ən ləzzətli və bahalı Parmezan brendi bunlardadır. Baxırsan dədə-babadan qoyun saxlayırdı, satıb əkinlə məşğuldur. Sonra eşidir sarımsaq bahadır, onu əkir. Uduzur, gedir “urusetə” :). Yaxşı daha burda da bir hekayə açmayaq. 

Belə vərdişlə yaşamaq olar. Amma yarımçıqlıq övladlarımıza miras qalır. Çünki biz istəsək də istəməsək də övladlarımız bizim xətalarımızın həm cəzasını çəkir, həm də təkrarlayır. Bu problemlə mübarizə üçün indi kouçlar kömək eləməyə çalışır. Bir kiçik məsləhət edə bilərəm, uğurun 3 dostu var:

  • Sevdiyin işlə məşğul olmaq (Və ya məşğul olduğun işi sevmək)
  • Bir işdə sona qədər inkişaf eləmək, ixtisaslaşmaq, zəhmət çəkmək.
  • Yarımçıq işlərdən Allaha sığınmaq. Başqa işlərə, başqasının əlindəki rızqa həvəs göstərməmək.

Bir misal: Tutaq ki, əkinlə məşğulsunuz. Çətinliklərə dözün, özünüzü yetişdirin, əziyyətə qatlanın. Daha yaxşı bitki seleksiya edin. Ən sonda heç nə alınmasa belə, 5000 Azn maaşla aqronom olacaqsınız.

agroexpert.az

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!