heyvan yemləri
Heyvanlar ümumi

Yemlərin təsnifatı

Örüş yerlərinin azaldığı, daha çox yeyən cinslərin meydana gəlməsi və yemin bahalanması, bizi məcbur edir ki, heyvanları daha effektiv yemləyək. Yəni minimal yemləmə xərcləri ilə maksimum ət, süd vəya yumurta verimi əldə edək. Heyvan yemləri mənşəyi və funksionallığına görə aşağıdakı növlərə ayrılır:

Qaba yemlər

Qaba yemlər k/t heyvanlarının qışlama dövrü rasionlarının əsas tərkib hissəsidir. Qışlama dövründə heyvanların zülal ehtiyacının təxminən yarısı qaba yemlərin hesabına təmin olunur. Həcmli yem olmaqla otyeyən heyvanların həzm sisteminin normal şəkildə fəaliyyət göstərməsinə münbit şərait yaradır.

1 Quru ot

Quru ot çoxillik ( yonca, qorunca) və birillik bitkilərin (vika, qatışıq dağ otları və s.) biçilərək qurudulması vasitəsilə həm təbii, həm də mədəni əkin sahələrindən tədarük olunur. Qışlama dövründə k/t heyvanları üçün ən zəruri yem olmaqla keyfiyyəti əsasən biçin vaxtı və saxlanma texnologiyasından asılıdır. Heyvanların hər 100 kq diri çəkisinə 2-4kq hesabilə ot verilir.

Gövşəyən heyvanlarda otun quru maddəsi 70%-ə qədər həzmə gedir. Tədarük edilmiş quru otun nəmliliyi 14-17% arasında olmalıdır. Münbit hava şəraitində belə qurudulan otun quru maddəsinin 10-30%-i itir.

2 Ot unu (qranula)

Yaşıl bitkilər erkən vegetasiya fazasında biçilib tez bir zamanda yüksək temperaturda qurudulduqdan sonra üyüdülür və qranula formasında sıxılaraq saxlanma anbarlarına yığılır.

3 Senaj

Senaj  paxlalı bitkilər (yonca, qorunca və s.), taxıl bitkiləri  və ya qatışıq şəkildə 50-55% nəmlikdə hermetik olaraq konservləşdirilməklə tədarük olunur.

4 Saman, küləş

Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş və samanın yem dəyərliliyi bitkilərin növündən, sortundan, iqlim şəraitindən, becərmə aqrotexnikasından və s. amillərdən asılıdır. Payızlıq dənli bitkilərin küləşi yazlıqlara nisbətən az qidalıdır.  Doğranmamış küləşin həzmolunma qabiliyyəti çox zəifdir. Taxıl bitkilərinin küləşindən İBM-nın yemlənməsində istifadə edilir. Küləşin qidalılığının artması üçün:

  • doğrayaraq büğa vermək
  • doğranmış küləşi quvvəli yem əlavəsi ilə pörtlətmək lazımdır.

5 Çiyid qabığı

Çiyid qabığı-yağ-piy sənayesində pambıq toxumunun (çiyid) emal olunma məhsulu (çiyid qabığı) olmaqla yem məqsədilə heyvandarlıq və quşçuluqda istifadə olunur. Tərkibində 4-5% protein (xam zülal) və adsorbent xüsusiyyətinə görə orqanizmdən zəhərli maddələri xaric edə bilən sellüloza  (45%) vardır.

Yem qidalılığı payızlıq taxıl küləşinin qidalılığı ilə üst-üstə düşür. İBM-ya pörtlədilərək verilməsi həzm olunmasını asanlaşdırır.

 

Qüvvəli yemlər

Qüvvəli yemlər enerji ilə zəngindirlər, tərkiblərində az miqdarda sellüloza vardır. Bu donuz və quşların yemlənməsində əsas tələblərdən biridir. Gövşəyən heyvanlar və atlara qüvvəli yem əsas yemləri tamamlamaq üçün verilir.

Əsas qüvvəli yemlər aşağıdakı kimi təsnifləşdirilir.

1 Taxıl bitkiləri

Taxıl fəsiləsinə mənsub olan dənli bitkilər 2 qrupa ayrılır:

  • əsas taxıl tipli bitkilər (buğda, çovdar, arpa və vələmir)
  • darıyabənzər tipli taxıl bitkiləri (darı, düyü, qarğıdalı)

Taxıl cinsinə mənsub dənli bitkilər quruluş etibarilə çılpaq və qabıqlı olur:

  • çılpaq dənli bitkilərə buğda, çovdar və qarğıdalı aiddir. Çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur. meyvə və toxum qılafı, aleyron təbəqəsi, endosperm və rüşeym olur
  • Qabıqlı dənli bitkilərə vələmir, arpa, düyü və darı aiddir. Bunların səthi çiçək qişası ilə örtülü olur.

Taxıl bitkilərinin tərkibində əsasən asan həzmolunan qida maddələrindən ibarət olmaqla,  70%-dək nişasta, 8-20% zülal, 2,2-10,5% sellüloza, 1,5-4% mineral maddələr, 2-8% yağlar vardır. Heyvanların rasionu enerji, zülal və bir sıra mineral maddələr üzrə taxıl bitkiləri hesabına tənzimlənir.

2 Paxlalı bitkilər

Paxlalı bitkilər (yem noxudu, soya və s.) yüksək zülal və mineral maddə tərkibi ilə fərqlənirlər, ancaq karotin tərkibi və  soya istisna olmaqla yağ tərkibi zəifdir. Azotsuz ekstraktiv maddə nişastadan ibarətdir.

Qida maddələrinin həzmolunma qabiliyyəti yüksəkdir, lakin proses çətinliklə gedir. Heyvanların rasionunda miqdarının artırılması bəzən həzmolunma prosesini əngəlləyir (bağırsaq meteorizmi). Zülal tərkibinin yüksək olması paxlalı bitki qabığının karbohidrat tərkibli yem rasionlarına əlavə olunmasına imkan verir.

3 Emal qalıqları

Heyvandarlıqda yem ehtiyyatı kimi geniş istifadə olunan jmıx, şrot soyiq sıxılma vasitəsilə bitki yağı istehsalının qalıq məhsuludur. Pambıq çiyidi isə pambığın toxumudur.

Qeyd edilən yemlər yüksək zülal tərkibinə malikdir. Qarışıq yem istehsalında istifadə olunur. Bütün k/t heyvanlarının yemlənməsində istifadə olunur. Zülal tərkiblərinə görə (günəbaxan jmıxı - 30% zülal) taxıl bitkilərini üstələyirlər.

Şirəli yemlər

Heyvanların yemlənməsində şirəli yemlərin aşağıdakı növlərindən istifadə edilir.

1 Yaşıl kütlə

 

Yaşıl yemlərə aşağıdakılar aiddir:

  • təbii otlaqların otu;
  • mədəni (toxum səpilməklə yaradılanbiçənək sahələrin otu) biçənəklərin otu.

Yaşıl yemlər heyvan orqanizmində asan həzm olur və tez qan-limfa sisteminə sorulur. Tərkibi zülallar, amin turşuları, vitaminlər və bir sıra mineral maddələrlə zəngindir. Yonca, çölnoxudu, noxud otları, qarışıq dağ-çəmən otları daha çox qiymətlidirlər. Onlarda protein, F və K ehtiyyatı zəngindir. 1 kq çəmən otunda təxminən 25 qr həzməgedən protein, 2,9 qr Ca, 0,7 qr P, 30-79 mqr karotin var.

Ümumi qaydada götürdükdə isə yaşıl yemlərin tərkibində orta hesabla 70-80% su olur. Quru maddəsinin isə 8-20%-i protein, 20-30%-i sellüloza, 35-45%-i AEM (azotsuz ekstraktiv maddələr), 2-4%-i yağlar, 1-3%-i şəkər və 12%-i küldən ibarətdir. Yaxşı otlaqlarda yetkin İBM bir gündə 70 kq-dək, atlar 50 kq-dək, donuzlar 12 kq-dək, qoyunlar 10 kq-dək yaşıl yemlə qidalanır.

2 Silos

Siloslaşma yaşıl bitki kütləsinin konservləşdirilməsindən ibarət mürəkkəb mikrobioloji və biokimyəvi prosesdir. Yemin saxlanmasının əsas şərti süd-turşu bakteriyalarının yaratdığı turş mühitdir. Odur ki, silos hazırlayarkən süd-turşu bakteriyalarının optimal inkişaf şəraiti nəzərə alınmalıdır.

Siloslaşma qabiliyyətinə görə bitkilər 3 qrupa bölünür:

  1. asan siloslaşan bitkilər (tərkibində şəkərin miqdarı zəruri miqdarda süd-turşu qıcqırma prosesi üçün kifayət  edir və ya artıqdır)
  2. çətin siloslaşan bitkilər (şəkər ehtiyyatı məhduddur, ancaq ideal mühitdə süd-turşu qıcqırma prosesini təmin edir)
  3. siloslaşmayan bitkilər (şəkər ehtiyyatı həddindən artıq aşağıdır)

Silos əsasən aşağıdakı bitkilərdən hazırlanır:

  • qarğıdalı
  • günəbaxan
  • birillik və çoxillik otlar
  • çuğundur şalğamı (siloslaşdırılması doğranmış saman və ya küləşlə birlikdə parılır)

Yüksək keyfiyyətli silos hazırlanması üçün optimal şərait yaradılması vacibdir. Silos hazırlığında optimal şərait aşağıdakı faktorlardan asılıdır.

  • xammalın münbit kimyəvi tərkibi;
  • anoerob şəraitin (hava daxil olmaması) yaradılması;

25-30 Co istiliyin təmin olunması.

3. Kökümeyvəlilər və köküyumrular

Kökümeyvəlilər və kökyumruları əsas rasionu tamamlamaq üçün istifadə olunur.

Südqovucu xüsusiyyətinə görə doğuşun ilk aylarında sağmal inəklərin rasionuna əlavə olunur. Bu yemlər əsasən qış aylarında mal-qaranın yemlənməsi üçün tədarük olunur. Yem çuğunduru, yarımşəkər yem çuğunduru, şəkər çuğunduru, yem kartofu, yerkökü  qış aylarında quru yemlərlə birgə rasiona əlavə olunmaqla yemlərin həzm olunması və qan-limfa sisteminə sorulmasını intensivləşdirir.

Şəkər çuğunduru Yem çuğunduru Yem kartofu

 

Kökümeyvəlilərdə və kökyumrularında Ca, P, Protein cüzi miqdardadır. Lakin çuğundurun  tərkibi şəkərlə, yem kartofu nişasta ilə, qırmızı və sarı yerkökü ilə karotinlə zəngindir. Məhsuldarlığı nəzərə alınmaqla sağmal inəklərə gündə 30 kq-dək yem çuğunduru verilir. Kökümeyvəlilər və kökyumrularının tərkibində 70-90% su vardır. Qış ayları üçün tədarük edilərkən saxlanma şəraiti nəzərə alınır. Saxlandığı yerdə quru hava şəraiti və 1-2 oC istilik olmalıdır.

4. Bostan, tərəvəz bitkiləri

Bostan (yem balqabağı, qarpız və s.) və tərəvəz (yem kələmi və s.) bitkiləri südqovucu xüsusiyyətə malikdir. Heyvanlar tərəfindən yaxşı yeyilməklə rasionun həzməgetməsi və qida maddələrinin mənimsənilməsini intensivləşdirir. Süd məhsuldarlığından asılı olaraq cins inəklərə bir gündə 50 kq-dək yem balqabağı verilir. Saxlanma yerlərində quru hava şəraiti və 1-4 oC istilik olmalıdır.

Mineral və vitamin əlavələri

1 Kalsium-fosforlu yem əlavəsi

Kalsium -fosforlu yem əlavəsindən yemlərdə Ca və P çatışmayanda istifadə olunur.

İBM-ya yağsızlaşdırılmış və yapışqansızlaşdırılmış, tərkibində 30%-dən az olmamaq şərtilə fosfor anhidridi (P2O5) və 40% kalsium oksid (CaO) olan sümük unu verilir:

  • yaşlı İBM-ya gündəlik 100-200 qram,
  • cavan İBM-ya 60-80 qram,
  • cavan donuzlara 60-80 qram.

2 Mineral qatışıqlar

  • xörək duzu (heyvanların yem rasionunun əsasını tərkibində cüzi miqdarda NaCl olan bitki mənşəli yemlər təşkil etdiyinə görə daima düz əlavəsi verilir)
  • dəmir sulfat  (Fe2(SO4)3 - 1ton yemə 500qr qatılır)
  • mis sulfat (CuSO4- 1ton yemə 300 qram qatılır) və s.

3 Vitamin yem əlavələri

Heyvanların vitaminlərə olan tələbatı əsasən təbii qaba, şirəli və qüvvəli yemlərin hesabına təmin olunur. Bəzi vitaminlər həmin yemlərdə ya az miqdardadır, ya da ki, yoxdur. Buna görə heyvanların rasionuna vitamin yem əlavələri daxil etmək zərurəti yaranır.

Vitamin əlavələri tərkibli yemlər aşağıdakılardır:
  • karotin -  ot unu, hidropon yaşıl kütlə, yerkökü,
  • vitamin A- vitaminləşdirilmiş balıq yağı,
  • vitamin D- balıq yağı, D vitamininin yağda qarışığı,
  • vitamin E- cücərmiş taxıl,  göyərti, E vitaminli qatı məhlul,
  • vitamin B2- yem və ya pivə mayaları, paxlalı bitkilərin ot unu, B2 vitaminli qatı məhlul,
  • vitamin B3- yem və çörək mayaları, buğda kəpəyi, B3 vitamin preparatı,
  • vitamin B5- yem və çörək mayaları, buğda kəpəyi, nikotinamid preparatı,
  • vitamin B12- vitamin B12 qatı məhlulu, biomitsin sənayesi qalıqları.

Vitamin əlavələri yemlərin tərkibinə qarışdırmaqla heyvanlara yemlənilir.

Heyvan mənşəli yemlər

Heyvan mənşəli yemlərə əsasən ət-süd və balıq emalı sənayesinin qalıqları aid edilir:

  • ət unu
  • sümük unu
  • ət-sümük unu
  • balıq unu
  • üzlü süd əvəz edici.

Bu yemlər əsasən bitki mənşəli yemlərdən ibarət olan rasionlara əlavə olaraq, amin turşusu, mineral maddələr və vitaminlər üzrə balansını tənzimləmək üçün istifadə olunur. Üzlü süd əvəzedicidən isə buzovlara (doğulduqdan sonra 3 gün anasının ağuz südünü əmməlidir) 4-cü gündən etibarən içirim kimi verilir.

1 Üzlü süd əvəzedici (ÜSƏ)

Müasir üzlü süd əvəzedici (ÜSƏ) öz bioloji və enerji dəyərliliyinə görə təbii süddən fərqlənmir.

Üzlü Süd Əvəzedicisinin hazırlanma qaydası:

  • Lazım olan 50-55°С təmiz suyun yarısı qaba tökülür
  • tələb olunan qatılığı almaq üçün lazım olan ÜSƏ-ni 0,7-1 litrə 100 qram hesabilə əlavə etməklə yaxşı qatışdırılır
  • suyun qalan hissəsini əlavə etməklə temperaturu 38-40°С-yə çatdırılır
  • içirimə başlanır
  • qabların təmizliyinə riayət edilir
  • içirim vaxtı izlənir
  • periodik içməli su analiz etdirilir

Üzlü Süd Əvəzedicilərinin tərkibində çox sayda makro elementlər, vitaminlər və digər dəyərli qida maddələri mövcud olur.

2 Ət sümük unu

Ət emalı sənayesində yumşaq toxumalar (dırnaq, buynuz, yun, gön-dəri, sümük və həzmetmə orqanlarsız) emal olunduqdan  sonra yerdə qalan qurudulub üyüdülmüş ət qalıqlarıdır. Tərkibində 55%-ə qədər xam protein və 10%-dək xam yağlar olur.

Ət-sümük unu isə ət ununun üyudülmüş heyvan sümükləri ilə qarışığından ibarətdir. Tərkibində 40% xam protein, 10% Ca, 5% P, ət unundakından çox kül, B qrup vitaminləri, xüsusilə riboflovin, xolin, nikotinamid, B12 vardır. K/t heyvanlarının yem rasionunda quru maddənin 15%-ni təşkil edir.

3 Balıq unu

Balıq unu yüksək keyfiyyətli protein və yağlarla zəngindir. Tərkibində əsas amin turşuları:

  • metionin
  • treonin
  • triptofan vardır.

Balıq unu qüvvəli enerji mənbəyidir. Tərkibində 50-80% protein və həzmolunan yağlar olmaqla enerji dəyəri digər yemlərdən yüksəkdir. Balıq unu həmçinin heyvan orqanizmi tərəfindən mənimsənilə bilən fosforla da zəngindir. Vitamin tərkibi:

  • B vitaminlər qrupu (xolin, biotin, B12
  • vitamin A
  • vitamin D
Zülalsız azotlu birləşmələr

ZAB - həzməgedən kövşəyən heyvanların yem rasionundakı  proteinin müəyyən hissəsinin əvəz oluna bilindiyi sintetik azotlu maddələr qrupudur. İBM-nın mədəsinin rubes bölməsində ureaza fermentinin təsiri ilə ZAB ammonyak və CO2 alınmaqla parçalanır. Həzm sistemində ammonyakdan zülal istehsalı üçün lazım olan amin turşuları sintez olunur. ZAB gövşəyən heyvaların rasionunda protein defisiti zamanı istifadə olunur. Belə məqamlarda heyvanların rasionu enerji və mineral-vitamin nisbəti üzrə balanslaşdırılmasına diqqət olunur. Heyvanların yemlənməsində ZAB-dən istifadə olunması üçün rasionun tərkibində orqanizm tərəfindən tez mənimsənilə bilən karbohidratlar (şəkər və nişasta) olması zəruridir. Heyvanlar az dozalarla öyrədilir. ZAB istifadə heyvanların məhsuldarlığını artırır, məhsul vahidinə enerji məsarifini azaldır.

1 Karbamid

Karbomid ağ kristallik toz və ya şəffaf kristallar formasında olur, qoxusuz, acı-duzlu dadı olan, suda və etil spirtində yaxşı həll olan maddədir. Karbomidi karbon dioksid (CO) və ammonyakdan (NH3) alırlar. İstifadə təyinatından asılı olaraq iki markada hazırlanır:

  • sənaye üçün
  • k/t üçün

İstifadə müddəti istehsal olunduğu gündən hesablamaqla 6 aydır.

2 Ammonium duzları

Ammonium duzlarından:

  • Ammonium bi karbonat tərkibində 17-20% azot olan ağ kristallik toz şəklindədir. Qaynar suda yaxşı həll olur. Heyvandarlıqda qışlama dövründə istifadə olunur, çünki isti havalarda tez parçalanır,
  • Ammonium sulfat tərkibində  21%  azot  və 26% kükürd olan, suda yaxşı həll olan ağ kristallik maddədir. Silos hazırlanmasında istifadə olunur. Tərkibində 500-600 qram karbomid və 1 kq ammonium sulfat siloslaşdırılan yaşıl kütləyə əlavə edilir (0,75-1%  hesabilə).

3 Karbomidlə zənginləşmiş yemlər

Yemlər karbomidlə aşağıdakı qaydada zənginləşdirilir:

  • üyüdülmüş qüvvəli yemlərin tərkibinə İBM üçün 2,5-3%, XBH üçün isə 3-4% karbomid qatışdırılır,
  • yemləmədən öncə silosa 1% karbomid qatışdırılır (1-2 saat yemləmədən qabaq 1 kq karbomidi 2-3 litr suda həll olunmaqla silosa əlavə edilir)

Qeyd: Yuxarıdakı bölümlərə tıqladığınız zaman alt yazıları açılacaq.

Heyvan yemləri

Bu məqalədə bizim yerli heyvanlar üçün tətbiq olunan dədə-baba rasyonu təqdim edilir, tanış ola bilərsiniz.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!