İribuynuzlu xəstəlikləri

Yoluxucu Rinotraxeit

aqroexpert44İti gedişli kontagioz virus xəstəliyidir. Tənəffüs traktı üzvlərinin, cinsiyyət üzvləri və mərkəzi sinir sisteminin pozğunluqları ilə səciyyələnir.
Törədicisi. DNT-li virusdur, yuxarı tənəffüs yolları, konyuktiva və çoxalma orqanlarının selikli qişasında çoxalıb, parazitlik edirlər.
Epizootologiyası. Yoluxmanın mənbəyi xəstə və xəstəlikdən sağalmış virus daşıyıcı heyvanlardır. Viruslar bu heyvanların ağız, burun və sidik-cinsiyyət üzvlərinin axıntılarının tərkibində ətrafa yayılır (sağaldıqdan sonra iki ilə kimi). Yoluxma kontakt yolla baş verir, əsas yoluxma yolları aerogen və cinsiyyət üzvləri vasitəsilədir. Bu da xəstəliyin forması və əsas klinik əlamətlərini şərtləndirir.
Xəstəliyə bir qayda olaraq böyük heyvandarlıq təsərrüfatlarında rast gəlinir. Heyvanların əlverişsiz şəraitdə, bağlı halda saxlanması, yüksək rütubət və normal mikroiqlimin olmaması, keyfiyyətsiz yemləmə xəstəliyin ağırlaşmasına böyük təsir göstərir.
Epizootik prosesin dinamikası sürüdə həssas heyvanların sayından və onların immunobioloji statusundan asılıdır. Xəstəlik başlandıqdan qısa vaxt sonra bütün həssas heyvanlar yoluxurlar. Cavanlarda xəstəlik qeyri-tipik əlamətlərlə gedə bilər.
İmmunitet. Xəstəlikdən sağalmış heyvanlarda uzunmüddətli gərgin immunitet yaranır (xüsusilə tənəffüs orqanlarınının yoluxması zamanı). Ana tərəfındən balaya ötürülən immunitet 6 ayadək davam edir.
Klinik əlamətləri. İnkubasiya dövrü 4 gündən artıq olmur. Xəstəliyin ilk klinik əlamətləri (yüksək temperatura, zəiflik, yemdən imtina, südün azalması) qəfildən meydana çıxır. Törədicinin orqanizmə düşmə yollarından asılı olaraq xəstəliyin respirator və ya genital forması inkişaf edir.aqroexpert55
Respirator forma burundan güclü axıntı, udlaq və qırtlağın şişməsi, burun aynasının qızarması, öskürmə və tənəffüsün çətinləşməsi ilə səciyyələnir. Bəzən heyvanlarda artritlər və konyuktivit də inkişaf edir. Əgər proses mürəkkəbləşməzsə, heyvan 7-10 gün ərzində sağalır. Proses şərti-patogen mikroblarla mürəkkəbləşərsə, pnevmoniya və digər patoloji proseslər baş verir. Körpə və cavan heyvanlarda diareya müşahidə edilir. Boğaz heyvanlarda balasalma boğazlığın ikinci yarısında baş verir.
Genital formalı xəstəlikdə inək və düyələrdə cinsiyyət orqanlarının iltihabı əmələ gəlir, suluqlu şişlər və yaralar inkişaf edir.
Diaqnozu. Epizootoloji, klinik və laborator müayinələrinə əsasən inamla diaqnoz qoymaq olar. Seroloji reaksiyalardan neytrallaşma, presipitasiya və s. geniş istifadə edilir. Laboratoriya analizləri üçün patoloji material burun axıntısı, sidik-cinsiyyət yollarının seliyi götürülür. Cəsədlərdən ölümdən 2 saatdan gec olmamaqla, traxeya, ağciyər, beyin, balalıq, atılmış balalardan isə-parenximatoz orqanlardan bir parça götürülə bilər.
Bu materiallarda virus aşkar olunduqda və ya rekonvalessent heyvanların qanında antitellərin artımı dörd dəfədən çox olduqda diaqnoz qoyulmuş hesab edilir.
Müalicəsi. Spesifık müalicə vasitəsi kimi xəstəlikdən sağalmış heyvanvanların antitellərin titri l:32-dən az olmayan serumu istifadə olunur. Müalicədə ikinci mikroflora ilə sirayətlənmənin qarşısının alınması mühüm əhəmiyyət daşıyır.
Bununun üçün antibiotiklər, sulfanilamid preparatları (yaxşı olar ki, aerozol halında) tətbiq edilməlidir. Digər simptomatik müalicə vasitələri də tətbiq edilə bilər.
Genital formada antiseptik preparatların bütün növlərindən istifadə etmək olar (antibiotiklər, sulfanilamidlər, nitrofuranlar və s.).
Profilaktika və mübarizə tədbirləri. Spesifık fəal immunizasiya üçün diri və zəiflədilmiş vaksinlərdən istifadə olunur. Hazırda qaramalın rınotraxeiti və paraqrip-3 xəstəliyinə qarşı assosiasiya olunmuş vaksin hazırlanmışdır. Xəstəliyin ümumi profilaktikasına heyvanların normal zoogigiyeniki normativlərə uyğun şəraitdə bəslənməsi, habelə təsərrüfatda tələb olunan baytar-sanitar tədbirlərinin yerinə yetirilməsi daxildir. Sürünün komplektləşdirilməsi və yeni gətirilən heyvanların karantində saxlanmasına xüsusi diqqət yetirilməlidir. Qeyri-sağlam təsərrüfatlardan törədicinin sağlam zonalara keçməsinə qarşı tədbirlər həyata keçirilməlidir. Xəstə heyvanları təcrid edib müalicə, sağlamları isə peyvənd etmək lazımdır.
Təsərrüfatda məhdudiyyətlər heyvandarlıq binalarında yekun dezinfeksiya işləri yerinə yetirildikdən və axırıncı xəstə heyvanın sağalmasından 30 gün keçdikdən sonra götürülə bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: