Yumurtalıq toyuqların saxlanması
Günümüzdə toyuq saxlamaq qazanclı biznes ideya sayılır. Hər nəqədər xəstəlik riski çox olsa da bu iş, sahiblərinə qazanc gətirir. Toyuqları ətlik, yumurtalıq və ətlik-yumurtalıq istiqamətlər üzrə saxlayırlar. Bu məqalədə sizə toyuqların düzgün saxlanması barədə danışacayıq.
Normal toyuq il boyu 200-ə yaxın yumurta verir. Ona görə toyuq saxlamaq qərarına gəlmisinizsə mütləq seleksiya aparın. Toyuq alarkən tanışlardan alın, təcrübəli insanlarla məsləhətləşin. Ən yaxşısı 17 həftəlik toyuqları almaqdır. Fırıldaqçılar sizə verimi düşmüş yaşlı toyuq sırımasın. Toyuqlar ilk ilində çox yumurta verir, sonrakı il bu 15-20% azalır. Ona görə fermalarda toyuqları 1, ev təsərrüfarında isə 3 il saxlayırlar. Yaxşı yumurtalıq toyuqları tanımaq və seçmək üçün bu məqaləni oxuya bilərsiniz.
Toyuqların saxlanması
Əgər toyuq ferması qurmusunuzsa onları elə saxlamalısınız ki, gərəksiz xərclər və xəstəliklər sizi bu işdən soyutmasın. Toyuqların saxlanması üçün ən vacib məsələ hindir. Hində aşağıdakı özəlliklərə diqqət edin:
- Toyuq saxlamaq üçün yer
Hin hündür yerdə düzəldin ki, sel su basmasın və hava çəkən yerini yaşayış evlərinə tərəf qoymayın. - Gəzinti yeri
Hinin yanında toyuqlar üçün gəzinti yeri düzəldin və bu yeri çəpərləyin. Bir qohumum gəzinti yerinin üstünü də “setka” ilə örtmüşdü, bu başqa quşların fermanıza xəstəlik bulaşdırmasına qarşı yaxşı tədbirdir. - Temperatur
Hinin hündürlüyünü 1,8 m-dən çox etməyin ki, qış vaxtı hində istiliyi saxlamaq asan olsun. Toyuqlar soyuqda yumurtlamır. Toyuqların yaxşı yumurtlaması üçün optimal temperatur 23-25°, qış vaxtı isə 15-17°-dir. - Havalandırma
Havalandırma üçün ən yaxşısı nəfəslik (fortuçka) qoymaqdır. Amma toyuqlar yel sevmir, diqqətli olun. - Döşəmə örtüsü
Döşəməni betondan eləmək vacib deyil. Toyuqların ayaqaltlarına saman, quru yarpaq, balıqqulağı taxta qırıntısı (opilka) tökə bilərsiniz. Qışda bu çox vacibdir. Həm də ayaqaltı nəmin də qarşısın alır.
- Hinin ölçüsü
Toyuq hini tikərkən sahəni 1 m²-də 5 toyuq olmalı qaydası ilə hesablayın. Yəni 100 toyuq saxlayacaqsınızsa hinin sahəsi ən azı 20 m² olmalıdır. - İşıqlandırma
Temperatur kimi işıqlandırma rejimi də yumurta veriminə çox təsir edir. Gün qısalan dövrlərdə hində əlavə işıqlandırmaya ehtiyacınız olacaq. Yumurta verimi üçün günlük 13-14 saat işıq lazımdır. Ona görə hində pəncərə də qoymaq lazımdır. - Oturacaqlar
4-5 sm diametrlik taxta şalbanlardan oturacaqlar düzəldin və onları pəncərə qarşısında döşəmədən 1 m hündürlükdə yerləşdirin. Bir toyuğa 20 sm yer lazımdır. Oturacaqları bir birindən 40-50 sm aralı qoya bilərsiniz. - Yuvalar
Hinin qaranlıq yerlərində yuvalar yerləşdirilir. Hər 5-6 toyuğa 1 yuva düzəldin. Bunun üçün ölçüləri 30x30x35 sm taxta yeşiklər yarayar. Yuvaya saman, ot yığa bilərsiniz.
Bundan əlavə hində yem qabları, su qabları və toyuqların içinə girib eşələnə biləcəyi qablar yerləşdirin. Toyuqlar kül, torpaq qarışığında eşələnib öz parazitlərindən azad olurlar.
Ən sonda ən vacib məsələlərdən biri təmizliyə diqqət edin. Yem və su qabları, hinin döşəməsi daim təmizlənməli, dezinfeksiya edilməli və quru saxlanmalıdır. Yem qablarındakı artıq 3-4 gün ərzində turşuyur və toyuq üçün narahatçılıq verir. Döşəmə isə daim toyuq peyini ilə qarışıb nəmlənir.
Bu məqalədə yenə də yumurtalıq toyuqların saxlanması haqqında əlavə məlumat əldə edə bilərsiniz.
Tesekkur edirem
buyurun bəy