Zəfəran haqqında nə bilirik?

Zəfəran – bu bitkinin 1 qramı 100 000 qram (100 litr) suyu sarı rəngə boyayır.
Bitkilər aləminin “süsənkimilər” fəsiləsinə aid olan bitkidir. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü -18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır. Zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir.
Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000-1500 mm yağıntı düşməsi səbəbilə suvarılmadan yetişdirilir. Hətta illik 500 mm yağıntı düşən Yunanıstanda və 400 mm yağıntı düşən İspaniyada belə zəfəranı yalnız suvarma yolu ilə yetişdirmək mümkündür. Zəfəranın necə əkilməsi barədə məqaləmizə baxa bilərsiniz.
Azərbaycan dilindən başqa ərəb dilində də bu bitkiyə “zəfəran” deyilir. İspanca “azafran”, ingiliscə “saffron”, fransızca “safrane”, italyanca “zaferano” və hind dilində “zuffron” adlanır.
Zəfəran haqqında
Əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Keçmişdə boyaçılıqda xalça və s. boyamaq üçün geniş istifadə olunub. Buna səbəb həm boyama gücünün həddindən artıq çox olması (öz miqdarının 100 min misli qədər), həm də xoşagələn parlaq sarı rəng verməsi idi. Amma zəfəranın qiymətinin baha olduğuna görə indi boyaq maddəsi kimi çox az istifadə olunur.
Zəfəran lap qədimdən dərman maddəsi olaraq istifadə edilir. Bu bitki iştahasızlık, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə istifadə olunur.
Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur.
Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fansa, Bəhreyn və İsveçrədir.
Zəfəranın faydaları
- Zəfəranın nadir müalicəvi xüsusiyyətləri bu ədviyyatı əsl təbii dərman edir. Zəfəran dünyada əczaçılıq sənayesində istehsal olunan müxtəlif dərmanların tərkibinə daxil olunur.
- Zəfəran həzm prosesləri və iştahanı yaxşılaşdırır, qara ciyərin fəaliyyətinə müsbət təsir edir, ödqovucu xüsusiyyətlərinə malikdir.
- Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.
- Zəfəran sinir sisteminə sakitləşdirici təsir edir, əqli fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.
- Zəfəran insanı daha gümrah edir, orqanizmin tonusunu qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır.
- Zəfəranın güclü antioksidant xüsusiyyətləri var. O, orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi müxtəlif ziyanlı maddələrdən təmizləyir, xərçəngin profilaktik vasitəsi sayılır.
- Süddə dəmlənmiş zəfəran (2-3 “tükcük” 1 stəkan südə) öskürək zamanı çox yaxşı müalicəvi təsir edir – bəlğəmi durulaşdırır və onun orqanizmdən çıxmasını asanlaşdırır.
- Zəfəran haqqında qədim zamanlardan kişilərin gücünü (potensiya) artıran təsirli vasitə kimi bəhs edilir.
- Qədim zamanlarda zəfəran göz xəstəlikləri zamanı geniş istifadə olunurdu. Müasir zamanlarda da bu bitki bəzi göz damcıların tərkibinə daxil edilir.
- Spazmolitik xüsusiyyətlərinə malik olan zəfəran baş ağrıları, menstruasiya zamanı ağrıları azaldır. Bunun üçün bir neçə “tükcük” qaynar suda dəmlənilir və içilir.
Zəfəranın istifadə qaydası
Ümumillikdə zəfərani istifadə etdikdən əvvəl (qidalarda, şirniyyatlarda və s.) onu əvvəlcədən qaynar suda dəmləmək və sonra alınmış dəmləməni istifadə etmək lazımdır. Dəmlədikdən sonra zəfəranı tullamayın – bu müalicəvi bitkini 2-3 dəfə dəmləmək olar (bu zaman bitkinin fayadlı xüsusiyyətləri itmir).
Zəfəran haqqında daha çox yazmaq olar, lakin zəfəranın bütün bu möcüzəli xüsusiyyətlərindən faydalanmaq istəyirsinizsə, əsl zəfəran alın.