Zərərvericilərə qarşı dərmanlardan istifadə qaydaları

Dərmanları sprey vasitəsilə bitkinizin hər tərəfinə vurmalısınız. Bitkinizi dərmanlayan zaman zərərvericilərin toplandığı hissələrə daha çox vurmaq şərti ilə bitkinizin hər tərəfini dərmanlamalısınız. Dərmanlayan zaman yarpaq diblərinə, budaqların diblərinə, gözə görünməyən yerlərə də dərmanın çatmasına çalışın. Əks halda üst hissələrdə zərərvericilər tələf olsa da, gözə görünməyən hissələrdə böcəklər, onların balaları və ya yumurtaları qalır. Beləcə, çoxalıb yenidən bütün bitkiyə yayılmağa başlayırlar.

Kimyəvi dərmanları mütləq açıq havada istifadə etməliyik

Dərmanladığınız bitkiləri quruyanadək açıq havada saxlamalısınız. Evin içərisində gülləri bu dərmanlarla dərmanlamaq insanlar və heyvanlar üçün ziyanlıdır. Ona görə də xüsusilə eyvanı olmayan bina evlərində bu üsuldansa, daha çox mexaniki üsullardan və ya təbii dərmanlardan istifadə etmək məsləhətlidir. Digər tərəfdən əgər bitkiniz tükcüklü bitkilərdəndirsə, bunları da zərərvericilərdən mexaniki üsulla təmizləmək daha məsləhətlidir. Çünki tüklə örtülmüş yarpaqları olan bitkilər, adətən, yarpaqlarına maye dəyməsini sevmirlər. Yenə də bitkinizin üzərində həddindən çox ziyanverici həşərat varsa, zərərvericilər mexaniki üsulla təmizləyə bilməyəcəyiniz qədər yayılıbsa və bitkinizi bu zərərvericilərdən sürətli şəkildə xilas etməyə məcbursunuzsa, onda kimyəvi dərmandan istifadə edə bilərsiniz.

Həm kimyəvi, həm də təbii dərmanlardan istifadə zamanı zərərvericilərin dərmanla yaxşıca örtülməsinə çalışın.

Bunun üçün çox narın, şeh kimi su çiləyən sprey başlıqlı qablar köməyə çatacaq. Zərərvericilərə qarşı dərmanla mübarizə aparmaq qərarına gəlmisinizsə, dərmanı əvvəlcə bitkinin bir neçə yarpağında sınaqdan keçirib ona qarşı həssas olub-olmadığını, dərmanın bitkilərinizin yarpaqlarını yandırıb-yandırmadığını yoxlayın. Bundan əlavə bitkinizi dərmanlayan zaman torpağına çox dərman tökülməməsinə çalışın. Bunun iki səbəbi var. Xüsusilə əgər istifadə etdiyiniz dərman kimyəvi dərmandırsa, torpağa çox tökülən zaman bitkinin torpağında olan faydalı mikroorqanizmləri də öldürə bilər. Digər tərəfdən əgər köklərə ziyanlı olan dərmandırsa, kökləri yandırar. Ancaq əgər gülünüzün torpağının üst səthində zərərvericinin gizləndiyindən və ya yumurtalar qoyduğundan şübhələnirsinizsə, onların da tələf olması üçün torpağın üst səthinə çox az dərman vura bilərsiniz.

Əgər güllərinizi dərmanlamağı nəzərdə tutmusunuzsa, bunu havanın yaxşı olduğu günəşli günlərdə həyata keçirməyiniz daha yaxşı olar.

Dərmanladığınız gülünüzü imkan varsa, açıq havada quruyanadək saxlayın. Çünki bitkilərin uzun müddət havasız yerlərdə sulu qalması onlar üçün çox da yaxşı hal deyil. Dərmanlamanı bitkinizdəki zərərvericilər tam tələf olub təmizlənənədək həftədə bir dəfə təkrarlayın. İstəsəniz, zərərvericilərdən xilas olduqdan sonra da sırf qorunma məqsədi ilə bir neçə aydan bir gülünüzü yenə azacıq dərmanlaya bilərsiniz. Xüsusilə zərərvericilərə qarşı dözümsüz olan, tez-tez onların hücumuna məruz qalan güllərdə bu üsul çox köməyinizə çata bilər.

Mənbə: Blooming Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!