Arpa sortu-Qarabağ 21, 22 və 23
Arpa ərzaq, yem və texniki məqsədlər üçün becərilən əhəmiyyətli dənli taxıl bitkisidir. Respublikamızda arpanın bir çox sortundan istifadə olunur. Qarabağ arpa sortları isə geniş yayılan növdür. Məhsuldarlığı ilə fərqlənən 3 sortu isə sizə təqdim edirik.
Qarabağ 21 arpa sortu- 1997-ci ildən Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxildir və patentlə mühafizə olunur. Patent №00032
Mənşəyi: Azərbaycan ET Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında yerli ikicərgəli arpa hibridləri populyasiyasından fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri:
Sort intensiv tipli olub, yatmaya tam davamlıdır. Bitkisinin boyu 88-100 sm-dir. Vegetasiya müddəti 170-200 gün arasında dəyişir. Rayonlaşmış Qarabağ 7 sortundan 3-5 gün tez yetişir. Bitkinin yarpaqlarının rəngi açıq yaşıldır.
Növmüxtəlifliyi nutansdır: Sünbülləri ikicərgəli, qılçıqlı, küləşi sarıdır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Qılçıqları orta uzunluqda, dişlidir, rəngi sarı və zəif dağılandır. Dəni iri və sarı rəngdədir.
Məhsuldarlığı: Sortun Tərtər Bölgə Təcrübə Stansiyasında üçillik orta məhsuldarlığı suvarmada 6,17 t/ha olub, Qarabağ 7 sortundan 0,64 ton artıq məhsul vermişdir. Sort yüksək məhsuldardır. Potensial məhsuldarlığı 5,5-6,5 t/ha-dır.
Dənin keyfiyyəti: Dəni çox iridir. 1000 ədəd dənin kütləsi 44-50 qramdır. Dəndə zülalın miqdarı 11-12%-dir.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəlikləri ilə zəif dərəcədə sirayətlənir. Sürmə xəstəliklərinə qarşı davamlıdır. Sortun qışlaması yaxşıdır.
Becərilmə bölgələri və sələfləri: Qarabağ düzənliyinin və eyni zamanda respublikanın digər suvarılan bölgələri üçün becərilməsi təklif olunur. Sortun suvarma şəraitində ən yaxşı sələfləri cərgəarası becərilən bitkilər hesab olunur.
Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci yarısından noyabrın birinci yarısınadək olan dövr hesab olunur.
Səpin norması: Hektara 3,0-3,5 milyon cücərmə qabiliyyətinə malik toxumla səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə səpin normasını 10% artırmaq olar.
Gübrə norması: Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq yüksək aqrofonda, şum altına təsiredici maddə hesabı ilə hektara 80-100 kq fosfor, 50-60 kq kalium gübrələrinin, 80 kq azot gübrəsinin isə vegetasiya müddətində yemləmə şəklində verilməsi məsləhətdir.
Arpa sortu Qarabağ-22
2002-ci ildən Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxildir və patentlə mühafizə olunur. Petent № 00065
Mənşəyi: Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında, arpanın Dünya kolleksiyasından (VİR), çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri:
Sort intensiv tipli olub yatmaya davamlıdır. Bitykinin boyu 85-97 sm-dir. Vegetasiya müddəti 193-210 gündür. Bitkinin kollanması orta vəziyyətdədir.
Növmüxtəlifliyi nutansdır. Boruya çıxma dövründə bitkinin rəngi açıq yaşıldır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Sünbülcük pulcuğu orta uzunluqdadır. Qılçıqları qismən uzundur.
Məhsuldarlığı: Sort məhsuldar olub, potensial məhsuldarlığı hektardan 7,0-7,5 tondur.
Dənin keyfiyyəti: Dəni orta irilikdədir. 1000 dənin kütləsi 42 qramdır. Dəndə zülalın miqdarı 12,5-13,5 % -dir.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas xəstəliklərinə olduqca az sirayətlənir. Unlu şeh və sürmə xəstəliklərinə davamlıdır. Duza, quraqlığa davamlıdır.
Becərilmə bölgələri və sələfləri: Qarabağ düzənliyi, Şirvan bölgəsi , respublikanın digər suvarılan və dəmyə bölgələri üçün becərilməsi təklif olunur.
Səpin müddəti: Optimal səpin müddəti oktyabr ayının ikinci yarısından noyabır ayının birinci yarısınadək hesab olunur.
Səpin norması: Hektara 3,0-3,5 milyon cücərən toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10 % artırmaq olar.
Gübrə norması: Sortun yüksək məhsulıdar olmasını nəzərə alaraq yüksək aqrofonda becərilməlidir. Belə ki, şum altına hektara, təsiredici maddə hesabı ilə səpinqabağı 90-100 kq fosfor, 50-60 kq kalium gübrələrinin, 80 kq azot gübrəsinin isə yemləmə şəklində iki dəfəyə verilməsi məsləhətdir.
Arpa sortu- Qarabağ-23
1999-cu ildə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət
Komissiyasına təqdim edilmişdir.
Mənşəyi: Sort Azərbaycan ET Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında,Qarabağ 7 arpa sortunun Almaniya mənşəli Danilo sortu ilə növlərarası hibridləşmə yolu ilə alınmışdır.

Ümumi xüsusiyyətləri: Sort ikicərgəli olub, qısa boyludur (81-83 sm), yatmaya, dənin tökülməsinə davamlıdır, yarpaqların rəngi açıq yaşıldır və mum təbəqəsi ilə zəif örtülmüşdür. Vegetasiya müddəti üçillik orta 171 gün təşkil edir.
Növmüxtəlifliyi erektumdur. Sünbülü orta uzunluqda, açıq sarı rəngdə, iyşəkilli və orta sıxlıqdadır. Qılçıqları uzun, dağılan, xırda dişli və açıq sarı rəngdədir. Dəni iri, yumurtavari formada, açıq sarı rəngdədir.
Məhsuldarlığı: Sortun Tərtər BTS-də üçillik orta məhsuldarlığı suvarmada 6,2 t/ha olmuşdur ki, bu da bölgə üçün rayonlaşmış sortdan 0,6 t/ha çoxdur. Sortun potensial məhsuldarlığı 6,5-7,0 t/ha-dır.
Dənin keyfiyyəti: 1000 dənin kütləsi 45-49 qramdır, dəndə zülalın miqdarı 11,5-12,7 % -dir.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Sort pas, sürmə xəstəliklərinə davamlı, unlu şehə orta həssasdır. Sortun qışlaması yaxşıdır.
Becərilmə bölgələri və sələfləri: Sortun suvarma və dağətəyi bölgələrdə becərilməsi məsləhət görülür. Ən yaxşı sələfləri suvarma şəraitində cərgəarası becərilən bitkilər, nəmliklə təmin edilməmiş dəmyədə isə qara herikdir.
Səpin müddəti: Optimal səpin müddəti oktyabrın üçüncü və noyabrın ikinci ongünlükləri aralığı hesalb olunur. gecikmiş və yaz əkinlərində də istifadə etmək olar.
Səpin norması: Optimal səpin müddətində hektara səpin norması 2,5-3,0 milyon gecikdirilmiş və yaz səpinlərində isə 3,5-4,0 milyon cücərən toxum səpilməsi tövsiyə olunur.
Gübrə norması: Yüksək və keyfiyyətli dən məhsulu almaq üçün hər hektara təsiredici maddə hesabı ilə 60 kq fosfor, 60 kq kalium və 100 kq azot gübrələri verilməlidir.