Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar
“Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar…” Balakən rayonu Qullar kəndinin sakini Məhəmməd Bazarova məxsus bağa daxil olanda insanın fikrinə ilk gələn elə bu atalar sözü olur. Məhəmməd Bazarov 2012-ci ilin may ayından etibarən yaratdığı bağdan indi yüksək səviyyədə məhsul götürə bilir. Məhəmməd Bazarov 4 hektar sahədə ilk öncə alma ağaclarının əkinini həyata keçirsə də, indi digər meyvə ağaclarınada rast gəlmək mümkündür.
Bağda 15 növ alma, 20 növ armud, gilas şaftalı və digər meyvə ağacları olmaqla, ümumilikdə 25 min ağac var. Ağaclar bəstəboy növə daxildir. Bağban bəstəboy ağaclara üstünlük verməsinin əsassız olmadığını deyir. İntensiv bağçılıq təsərrüfatının yaradılması sayəsində Məhəmməd Bazarov elə ilk ildən yüksək məhsul əldə edə bilib. Sahibkar elə bağ salındığı il hər hektardan ton yarım məhsul götürüb. Həmçinin əkilən ağaclar 25 il bar vermə qabiliyyətinə malikdirlər. Yalnız 25 ildən sonra məhsuldarlıq aşağı düşür.
Məhəmməd Bazarov bağda becərilən bütün meyvələrin ekoloji cəhətdən tam təmiz olduğunu bildirir. Ağaclar 5-6 illik araşdırmalardan sonra xüsusi seleksiya yolu ilə alınmış ağaclardır. İndi öz təsərrüfatından yüksək məhsuldarlıq əldə edən Məhəmməd Bazarov öz təcrübəsini digər sahibkarlarla, fermerlərlə bölüşür. Bağbanın əsas məqsədi öz bağçılıq təcrübəsini digər bu sahə ilə maraqlanan insanlarla bölüşməklə yanaşı, həm də bağda yetişdirdiyi meyvə növləri haqqında həmkarlarının fikrini eşitməkdir. Qeyd edək ki, Məhəmməd Bazarov əkilən ağaclardan başqa ting təsərrüfatı da yaradıb. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Dövlət Fitosanitar və Karantin xidmətinin laboratoriya analizləri nəticəsində tinglərin zərərverici orqanizmlərdən tam azad olduğu aşkar edilib.