Bitki xəstəliklərinə qarşı aqrotexniki mübarizə üsulları
Yüksək əkinçilik texnikasına əsaslanan aqrotexniki mübarizə üsulları xəstəliklərin ehtiyatının azalmasına və inkişafının qarşısının alınmasına xidmət edən tədbirlər kompleksindən ibarətdir.
Mədəni əkinçilikdə aqrotexniki tədbirlərdən
- dərin şum, kultivasiya,
- dondurma şumu, qış suvarması,
- toxum və əkin materiallarının çeşidlənməsi,
- növbəli əkin sistemi,
- cərgə və bitki arasının becərilməsi,
- səpin və ya əkin vaxtı, səpin norması,
- əkin materiallarının torpaqda dərinliyi,
- gübrələmə, optimal məhsul yığımı dövrü,
- davamlı (immun) sortların seçilməsi və tətbiqi
xəstəliklərin yayılması və inkişafının qarşısını alır.
Torpağın becərilməsi aparılan sahələrdə ZO-ların qış ehtiyatı və torpaqda olan xəstəlik törədicilərinin 25-30 sm dərinliyə düşməsi onun 80-90%-nin məhv olmasına səbəb olur. Qışda verilən dondurma suyu torpaqda və bitkilərin kök qalıqlarında xəstəlik törədicilərinin inkişafının qarşısını alır və ya yayılma intensivliyini azaldır.
Toxumların təmizlənməsi və seçilməsi, səpin materialının seçilməsi toxumla yayılan xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli tədbirlərdəndir. Xəstə toxum inkişafdan qaldığı və kiçik olduğu üçün sağlam toxumlardan tez ayrılır. Əkin materiallarının (ting, şitil və s.) seçilməsi, xəstə materialların çıxdaş edilməsi, müxtəlif xəstəliklərin yayılmasının qarşılayıcı tədbirlərindən sayılır.
Növbəli əkin sistemi tətbiq edilən sahələrdə bir bitki üzərində ixtisaslaşmış və ya əvvəlki illərdə mədəni bitki üzərində yayılmış xəstəliyin inkişafı dayanır. Əkin sahəsində bitkilərin növbələşdirilməsi fitosanotar şəraitin yaxşılaşmasına, xəstəlik və zərərverici ehtiyatının minumuma enməsinə səbəb olur. Cərgəarası və bitkiarasının becərilməsi üzümçülük, meyvəçilik, tərəvəzçilik, kartofçuluq və başqa sahələrdə xəstəliklərin aralıq sahibi olan alaq otlarının, bitki qalıqlarında olan infeksiya mənbələrinin məhv olmasına səbəb olur.
Cərgəarası kultivasiya və bitkilərin dibinin doldurulması ilə əlavə köklər əmələ gəlir. Qida sahəsinin artması ilə kök və traxeyalarda yayılmış xəstəliklərə qarşı bitkinin davamlılığı yüksəlir.
Əkin vaxtının bitkinin inkişafında böyük əhəmiyyəti olduğu kimi, xəstəliklərə qarşı bitkilərin müqavimətinin yüksəlməsində də əhəmiyyətli rola malikdir. Taxıl, kartof, bostan, pambıq və başqa birillik bitkilərin səpin və əkin vaxtı elə dövrdə aparılmalıdır ki, xəstəliklərin optimal inkişaf dövründə artıq mədəni bitkinin məhsulu yığılsın və ya xəstəliyin davamlı vegetasiya dövründə olsun.
Əkin sxemi toxum səpilərkən və yaxud əkin materialları (tinglər, şitillər) əkilərkən onların əkin sxemi və torpağın hansı dərinlikdə olmasının xəstəliklərlə sirayətlənməsində v ə ya onlara qarşı davamlı olmasında mühüm əhəmiyyəti var. Əgər taxıl sıx cəpilərsə və dərinə düşərsə, cücərtilərin torpaqdan çıxması ləngiyir, əkin sıx olur, aerasiya pisləşir və n əticədə müxtəlif xəstəlik və zərərvericilərlə z ədələnmə faizi yüksək olur. Tinglərin, həmçinin şitillərin də torpaqa basdırılma dərinliyində optimal hədd gözlənilməlidir.