Bu rayonlarda payızlıq taxıl səpini başa çatdırıldı
Agroexpert.az saytı AzərTac-a istinadən xəbər verir ki, Şamaxı, İsmayıllı, Göygöl, Beyləqan rayonlarında payızlıq taxıl səpini yekunlaşdırılıb.

Şamaxı rayonunda gələn ilin məhsulu üçün 37 min 639,3 hektarda səpin aparılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, əkin aparılan sahələrin 26 min 148,3 hektarı buğda, qalanı isə arpadır. Son vaxtlar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, əksər ərazilərdə, o cümlədən “Aqro Dairy operations” MMC-nin aqroparkında, Qızmeydan, Göylər, Çarhan kənd, Sabir və Şəhriyar qəsəbə ərazi dairələrində bu mühüm kampaniya mütəşəkkil başa çatıb.
Göyçay rayonunda da payızlıq taxıl səpini kampaniyası yekunlaşıb. Taxılçılar 15 min 591 hektarda əkin aparıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, 8740 hektarda buğda, 6851 hektarda arpa əkilib. Taxıl əkini sahələri ötən ildəkindən 852 hektar çoxdur. Əksər ərazilərdə, o cümlədən Alpout, Qaraməryəm, Bığır, Şəkər, Çaxırlı, İnçə, Yeniarx və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil keçib.
İsmayıllı rayonunda isə 29 min 443 hektar sahədə əkin aparılıb.
Əkin aparılan sahələr ötən ildəki göstəricidən 600 hektaradək çoxdur. Son illər əldə olunan yaxşı məhsuldarlığı qorumaq üçün yüksək reproduksiyalı toxumlardan və səpinlə birlikdə fosforlu gübrələrdən istifadə edilib. Keçən il rayon üzrə orta məhsuldarlıq 36 sentnerə, bəzi təsərrüfatlarda isə 55-60 sentnerə çatmışdı.

Payızlıq səpində kollektiv təsərrüfat olan Nikitin adına kolxozun, Qubaxəlilli ərazi icra nümayəndələrinin taxılçıları fərqləniblər. Belə ki, Nikitin adına kolxoz ötən illə müqayisədə 200 hektar çox, yəni 3205 hektarda, Qubaxəlilli ərazi icra nümayəndəliyində isə 100 hektar çox, yəni 4150 hektarda əkin aparılıb. Qalagah, Soltankənd, Hacıhətəmli və Tircan ərazi nümayəndəliklərində də taxıl səpini müvəffəqiyyətlə keçib.
Beyləqan rayonunun taxılçıları isə səpin işlərini başa çatdırmaq üzrədirlər.
Ötən il səpilmiş taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən torpaq mülkiyyətçiləri növbəti ildə də bol məhsul götürmək əzmindədirlər.
Bu günədək 12 min 913 hektara taxıl səpilib. Onun 11 min 148 hektarı buğda, 1765 hektarı arpadır. Beyləqan rayonunda ötən ilin payızında səpilmiş 15 min 346 taxıl sahəsindən 52 min 793 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 34,4 sentner təşkil edib.
Qeyd edək ki, bu rayonlarda erkən əkin aparılan bütün ərazilərdə yaxşı çıxış alınıb. Fermerlər və fiziki şəxslər mütəxəssislərin nəzarəti altında sahələrdə müşahidələr aparır, zərərvericilərə qarşı profilaktik tədbirlər görürlər.