Çəyirdəkli meyvə xəstəlikləri və mübarizə üsulları
Xəstəliklər hər bir canlının qarşılaşdığı təhlükədir. İnsanlarda, heyvanlarda müxtəlif növ xəstəliklər olduğu kimi bitkilərdə də özlərinə xas xəstəliklər vardır. İnsanlar və heyvanlar xəstəliklərə müxtəlif orqanlarda qarşılaşdıqları kimi bitkilərdə də buna bənzəlik var. Belə ki, ağaclarda kök xəstəlikləri, gövdə xəstəlikləri və çiçək- meyvə xəstəlikləri kimi fərqli xəstəliklər yaranır. Fərqli səbəblərdən yaranan ayrı-ayrı xəstəliklərin qarşısı alınmazsa bitki ciddi şəkildə zərər görər və məhv olar.

Monilya (Mumya) xəstəliyi
Əlamətləri
Xəstəlik çiçəklərdə, tumurcuqlarda və meyvələrdə olur. Xəstə çiçəklər qəhvəyi rəngdə olur və mumiyalanaraq budaqda qalır. Xəstəlik çiçəkdən tumurcuqlara keçir. Bunlar qəhvəyi rəngdə olur və quruyur. Bu quru budaqlarda saqqıza bənzər yapışqan maddə əmələ gəlir. Qalın tumurcuqlarda isə xərçəng yaraları yaranır. Bu yaralar sağalmır. Ortası çökük ellips şəklində və ya uzun yarıqlar halında özünü göstərir. Qabıq qəhvəyi rəngdə olur. Kiçik meyvələrdə xəstəlik əlaməti ləçək töküldükdən sonra yaranır. Bunlar açıldığında içlərinin qəhvəyi olduğu görünür. Xəstə meyvələr çiçək dövründə infeksiya alırlar. Yetkin meyvə infeksiyasında yaranmış ləkənin ətrafı qəhvəyi olur. Quruyan meyvələr budaqda asılı qalır. Bunlara mumiya meyvələr deyilir.
Mübarizə üsulu – Mədəni tədbirlər:
Qurumuş budaqlar sağlam hissədən 2-3 sm aşağıdan kəsilməli və bağdan çıxarılmalıdır. Mumiya meyvələri toplanmalı və məhv edilməlidir.

Yarpaq dələn (çil) xəstəliyi
Əlamətləri
İri çəyirdəkli meyvə ağaclarında rast gəlirik. Aprelin sonu və mayın əvvəlində yarpaqlarda kiçik qırmızı ləkələr kimi görünür. Vaxt keçdikcə bu ləkələrin ortası quruyur və yarpaqlarda deşik əmələ gəlir.
Mübarizə üsulu – Mədəni tədbirlər:
Xəstə budaqlar və tumurcuqlar qışda budanmalı və başqa yerdə yandırılmalıdır. Suvarma və gübrələmə tələb olunan qaydada edilməli, xüsusilə həddindən artıq suvarma və gübrələnmənin qarşısı alınmalıdır. Ağacın daima dibi yumşaldılmalı, ağaclar yüngül və qaydasında budanmalıdır. Bu proseslər xəstəliyi xeyli azaldır.
Bundan başqa kimyəvi dərman vasitələrindən də istifadə edilməsi uyğundur.
- Dərmanlama: Payızda yarpaq töküləndən dərhal sonra edilməlidir.
- Dərmanlama: Yazda çiçək tumurcuqları açılmadan əvvəl edilməlidir.
Armillariya kök çürüməsi xəstəliyi
Əlamətləri
Meyvə ağacları kökündən çürüyərək ağacların məhv olmasına – ölümünə səbəb olur. Xəstəliyə tutulan ağaclarda yeni zoğların formalaşması azalır, yarpaqlar saralır və tökülür, zoğlar və budaqlar qurumağa başlayır. Tədricən ağaclar tamamilə quruyur.
Əsasən alma, armud, gavalı, şaftalı, albalı, ərik, tut, nar, qoz, zeytun, şabalıd, palıd və iynəyarpaqlı ağaclarda olur.
Mübarizə üsulu
Quru ağaclar çıxarılmalı və məhv edilməli, yerlərinə əhəng tökülməlidir.
Meşə ağacları kəsilmiş əraziyə meyvə bağçası salınmadan əvvəl 2-3 il boş saxlanılmalıdır. Ağaclar dərin əkilməməli, həddindən artıq çox su verilməməli və köklərin yaralanmamasına diqqət edilməlidir.