Dünyadakı həşəratların sayı azalır – ARAŞDIRMA
Dünyadakı yerüstü böcəklərin sayı hər il 0.92% azalır. Bu da 30 il ərzində təxminən 24 % azalma deməkdir. Bununla yanaşı, təmiz suda yaşayan böcəklərin sayı isə hər il orta hesabla 1.08 % artır. Orta statistik göstəricilərə baxmayaraq, fərqli qitələrdəki rəqəmlər də çox dəyişir. İnsanın təbiətə təsirinin minimuma endirildiyi ərazilərdə bu tendensiyaların az olduğu da qeyd olunur.
Bunlar “Science” (“Elm”) jurnalında dərc edilən araşdırmada qeyd olunan məlumatlardır.
Bu araşdırma dünyanın 1.676 tədqiqat nöqtəsi də daxil olmaqla böcək sayının dəyişməsi ilə bağlı bu günə qədər edilən ən böyük araşdırmadır.
Həmin tədqiqat Almaniya İnteqrasiya Biomüxtəliflik Tədqiqatları Mərkəzinin, Leypsiq Universitetinin, Ekologiya və Təkamül İnstitutunun, M.V.Lomonosovun Moskva Dövlət Universiteti və bir sıra digər təşkilatların alimləri tərəfindən aparılmışdır. Bu araşdırma geniş müzakirə olunan böcək sayının azalması mövzusunda əsas boşluqları doldurmağa kömək edir.
Son illər ərzində dünyada böcək sayının kəskin şəkildə azaldığını göstərən bir sıra araşdırmalar dərc edilmişdir.

Beynəlxalq alimlər qrupu, həşəratların sayını (növlərin sayı yox) öyrənmək üçün 1925 ilə 2018-ci illər aralığında dünyanın 1676 yerində aparılan 166 uzunmüddətli tədqiqat məlumatlarını toplamaq üçün güclərini bir araya gətirdi.
Kopleks şəklində aparılan təhlillər hətta biri-birinə yaxın olan bölgələr arasında belə həşəratlar sayının dəyişməsində ciddi fərqlər aşkarladı. Məsələn, Almaniya, İngiltərə və ABŞ kimi çox sayda həşərat araşdırmasının aparıldığı ölkələrdə bəzi yerlərdə azalma baş vermiş, digər olduqca yaxın ərazilərdə isə dəyişiklik qeydə alınmamışdı, hətta artım belə müşahidə olunmuşdu.
Ancaq dünyadakı tendensiyalar birləşdirildikdə tədqiqatçılar həşəratların ümumi sayının orta hesabla necə dəyişdiyini qiymətləndirə bildilər. Quru həşəratlarında (bütün ömrünü quruda yaşayan kəpənəklər, çəyirtkə və qarışqalar kimi böcəklər) orta azalmanın ildə 0,92% olduğu müəyyən edilib.
Tədqiqatda həmçinin həşəratların bir çox gizli yaşayış yerlərindən gələn məlumatlar da təhlil edilib. Bu gün torpaqda və otlarda orta hesabla keçmişə nisbətdə daha az həşərat yaşayır. Ağacların qabıqlarında yaşayan həşəratların sayı isə əksinə dəyişməz qalıb.
Alimlər həm mənfi, həm də müsbət olaraq müşahidə olunan meyillərin səbəblərini müəyyən edə bilməsələr də, bir neçə mümkün olan ehtimalı nəzərə çatdırıblar.
Onlar bu azalmanın əsas səbəbi kimi həşəratlar üçün uyğun olan yaşayış mühitinin məhv edilməsi, xüsusən də urbanizasiya nəticəsində yerüstü həşəratların sayının azalmasının müşahidə olduğunu deyirlər.
Mütəxəssislər bu azalmanın gələcəkdə təbiətə, xüsusən də kənd təsərrüfatına mənfi təsirlər göstərəciyini də vurğulayırlar.
