Ətlik inək cinsləri
Ətlik yoxsa südlük inək saxlamaq daha sərfəlidir sualı insanları çox düşündürür. Bir sonrakı məqalədə bundan bəhs edəcəm. Biznesə başlamazdan əvvəl heyvan cinsini düzgün seçmək lazımdır. Bir məqaləmizdə südlük inək cinsləri haqqında yazmışdıq. Bu məqalədə isə ətlik istiqamətli inək cinsləri haqqında yazacam.
.Forumlarda südlük yoxsa ətlik istiqamətli heyvan saxlamağın üstün olması barədə qızğın mübahisələr gedir. Əksəriyyət bordağa heyvan bağlamağı daha rentabelli hesab edir. Amma südlük istiqaməti tərifləyənlər də az deyil. Burda söhbət təbii ki, əcnəbi cins heyvanlardan gedir. Yerli heyvanlar xarici ətlik inək cinsi ilə müqayisədə çox cır qalır. Lakin yerli heyvanları xarici cinslərlə calaq edib çox uğurlu cinslər əldə edirlər.
Son dövrlərdə mərməri ətə üstünlük verilməyə başlandığı üçün (məşhur steyk və digər avropa yeməklərində lazım olur) biz də əti bu cür olan heyvan cinslərindən bəhs edəcəyik. Bu cinslərdən çoxu Avropada, Amerikada, Rusiyada, Ukraynada və bizdə saxlanır.
Anqus: vətəni Şotlandiyadır, hündürlüyü 1,6 m olub, 1 tona kimi çəki yığa bilir. Düzgün yemləndiyi zaman çox zərif və mərməri ət çıxımı verir.
Limuzin: fransız ətlik inək cinsi heyvanlar arasında ən çox eksport olunanıdır. Hündürlüyü 1,5 m olub, 1 tona yaxın çəki yığa bilir. Əti zərif və mərməridir.
Şarole: vətəni Fransadır, hündürlüyü 1,5 m olub, 1500 kq-a kimi çəki yığa bilir. Normal şarolenin əti mərməri və zərif olur, amma bəzən çox çəki yığanda əti əzələyə bənzəməyə başlayır.
Hereford: vətəni İngiltərədir, hündürlüyü 1,5 m çəkisi isə 1100 kq-a yaxın olur. Yemə qarşı təvazökardır, yaxşı yemləndiyi zaman əti çox zərif olur.
Simmental: vətəni İsveçrədir, hündürlüyü 1,4 m, çəkisi isə 1 tona yaxın ola bilir. Bu cins əm südlük, həm də ətlik istiqamətlidir. Azərbaycanda çox populyardır. Yaxşı çəki verməklə yanaşı yaxşı da süd verimi var.
Ətlik inək cinsi: yemləmə
Avropada steyk dükanlarında heyvanların necə yemləndiyi barədə yazılar asılır. Heyvanın düzgün yemlənməsi onun təkcə çəkisinə yox, ətinin keyfiyyətinə də çox təsir edir.
Taxıl yeyən heyvanın əti yağlı (mərməri), zərif olur. Öküz isə tez böyüyür.
Ot yeyən heyvanın isə əti zərif olmasa da sulu və kalorili olur.
Ət, tərkibindəki beta-karotin, B6 vitamini və omeqa-3 sayəsində daha faydalı olur. Ətin mərməri alınmasına təkcə yemləmə təsir etmir. Bildiyim qədər, bu işin ustaları yaponlardır, orda öküzə xüsusi qulluq edilir, axta edilir, pivə və sake içirdilir. Yaponiyada bu cür xüsusi saxlanmış öküzün ətinin kiloqramı 1000 dollara satılır. Təəccüblənməyin, ümumiyyətlə Asiyada ət çox bahadır. Bizim fermerlər gedib Koreyada, Yaponiyada ferma açsalar qısa vaxtda zəngin olarlar hər halda.
Ətlik inək cinsi: Kəsim
Bordağa bağlanmış heyvanlar adətən 14-15 ayında kəsilir. Kəsim dövrü 9 aydan 3 ilə kimi dəyişə bilər. Avropadan fərqli olaraq bizdə qəssab mədəniyyət və vərdişləri çox yaxşı inkişaf edib. Son vaxtlarda heyvanların xüsusi avadanlıqla kəsimi də geniş vüsət alır, amma unutmayaq ki, bütün heyvanları kəsərkən Bismillah demək önəmlidir.
Belə baxanda səviyyəli qəssabxana işi də maraqlı biznesdir. Əti indi müxtəlif formalarda satırlar. Əgər heyvandarlıqla yüksək səviyyədə məşğul olacaqsınızsa, sizə tam kəsim avadanlıqları, soyuducu lazım olacaq. Yaşlı nəslin yadına gələr, sovet vaxtında ət kombinatları, “fabrikkuxna” və “opit”-lərdə bu cür tam kəsim dövriyyəsi olurdu.
Bu videoda heyvan kəsimxanasının iş prinsipi ilə tanış ola bilərsiniz.