Keçi biznesi
Əli və Nino əsərində bir pasaj var, çox xoşuma gəlir. “Qədim Şərqdə kişilər məclisdə üç şeydən danışardılar: müharibə, din və ticarət.”
Təəssüf ki, indi məclisləri kişiyə lazım olmayan mövzular “bəzəyir”. Bilənlər ticarət sirrini paylaşmır. Ticarətə həvəs göstərəni isə fırıldaqçılar qısa müddətdən sonra çox səmimiyyətlə bağrına basır. Ona görə bugün bir-birimizə maddi və elmi dəstək verib zəngin cəmiyyət qurmaqdansa, bir sürü kredit və uğursuz ticarət atılımı ilə zəngin həyata sahib oluruq.
Biz bu platformamızda insanlarımıza maraqlı aqrobiznes ideyalardan danışmağa çalışırıq. Həm də riskləri ilə bərabər. Bir məqaləni ərsəyə gətirənə kimi fermerlərlə dəfələrlə müzakirə edirik. Bir müddət əvvəl keçi fermasına işgüzar gəzi təşkil edilmişdi. Çox gözəl insanlarla yol yoldaşı olduq, fermadakı işlər bir daha azərbaycanlıların qabiliyyətinə şahidlik etdi. Ferma son model inşa edilib. Fermada saanen, alpin keçi cinsləri, asaf qoyunları saxlanılır, süd və süd məhsulları istehsal edilir. Xüsusilə qədimi motal pendirinin üzərindəki Qarabağ logosu çox qürurverici idi.
Çox uzatmadan sizə işlək biznes sxem təqdim edirəm. Keçi biznesi haqqında yazımız olub, risklərini də ayrı qeyd etmişik. Burda çox tez-tez soruşulan keçi saxlamağa dəyərmi sualına cavab verəcəyik.
Keçi biznesi əcdadın peşəsi olub və hər zaman ailə biznesi kimi aparılıb. Saanen və alpin keçiləri verimliliyinə görə yaxındırlar. Elə qiymətləri də. Tutaq ki, 10 keçi alıb fermanıza qoydunuz. Burda 10 rəqəmini seçməkdə məqsədim odur ki, başlayanda az sayla başlamaq tövsiyyə edilir. 10 keçi hardasa 10-15 min Azn edəcək. Başqa da əsas xərclərimiz yem tədarükü və sağım aparatına gedəcək. Bu da 3-4 min Azn edər vəssəlam.
Kiçik keçi biznesi üçün biznes hesab
İndi gəlin 10 başlıq keçi ferması bizə nə qədər qazanc verəcək bunu hesablayaq.
Saanen (və ya alpin) gündəlik 3 litr süd verir. Laktasiya dövrü isə uzundur. (300 günı yaxın) Qeyd edim ki, cins keçilər ilk illərində 2 litr, daha sonra 6 litrə kimi süd verirlər. 10 keçinin bir günlük südü 30 litr edir. Keçi südünün 1 litri yağlılığına görə 3-4 Azn-ə satılır. Satış problem olmur. Keçi südü ana südünü əvəz edə bilir deyə, təzə doğulan körpələrə verilir. Keçi südündən dondurma, uşaq və buzov mamaları hazırlanır.
10 keçi=30 litr süd=90-100 Azn deməkdir. Bu isə bir ayda 2500-3000 Azn gəlir deməkdir.
Cins keçilər çox az yeyirlər. 7 keçi bir inək qədər yeyir. Fermada keçiləri necə yemləndirdiklərini soruşduq, dedilər ki, 10 böyük keçiyə hər gün:
- 2 kip yonca (səhər və axşam)
- 1 kq-a yaxın arpa, buğda, kəpək, qarğıdalı qarışığı verilir.
Kobud hesabla 10 keçinin bir günlük yem rasionu 6-8 Azn edir, aylıq isə 180-200 Azn. (Yoncanın qiyməti fərqli ola bilər)
Yuxarıdakı gəlirdən xərcləri çıxsaq, 10 keçi ayda 2300-2700 Azn qazanc deməkdir. Amma qazanc bunula bitmir. Bu keçi elə bərəkətli heyvandır ki, atalar ona görə deyib kasıbladın keçi al. Keçilərin digər qazancı balaverimidir. Saanen keçiləri il boyu 2-5 bala verirlər. 1 ilində boğaz olurlar, 5-6 aydan bir boğaz qala bilirlər. Yaşına görə bir dəfədə 1, 2 hətta üçəm də balalaya bilərlər.
10 keçi bir ildə 10-20 bala versə, bunları böyüdüb satsanız 10-15 min Azn əlavə qazanc edir.
10 cins keçi ilə iş qursanız, ayda ortalama 1500-2000 Azn qazana bilərsiniz. Eyni zamanda sürünüzü də artıra bilərsiniz. Qısacası, keçi biznesi sərfəlidir.
Bu rəqəmi 30-50 hətta 100 başa qaldırsanız, aylıq qazancınızı özünüz hesablaya bilərsiniz.
Saanen keçiləri, süd verimi, ət çıxışı, bala verimi haqqında ətraflı bu məqalədən oxuya bilərsiniz: http://www.agroexpert.az/saanen-keci-cinsi/
FB səhifəsi: Ferma Azerbaycan