Kür çayının quruma səbəbləri nələrdir?
Uzunluğu 1515 km olan Kür çayı mənbəyini Türkiyədən, Qars vilayətinin ərazisindəki Qızıl Gədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür. Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən (906 kilometr) axaraq Xəzər dənizinə tökülür.
Son günlərin əsas gündəmi olan Kür çayında suyun çəkilməsi problemi ciddi həyəcan təbili çalmağa əsas səbəblərdəndir.

Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı dəniz suyu ilə qarışmış halda və ya, az da olsa, çay suyu şəklində axır. Çayın bu hissəsində vaxtı ilə 100-150 m. enində yataqboyu su axdığı halda, hazırda səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi yerlərdə 4-5 metrə qədər azalıb. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.
Aqrar elmlər doktoru Mehman Rzayevin fikrinə görə, 2050-ci ilədək Kür çayının Xəzər dənizinə qədər gəlib çıxmama riskləri mövcuddur.
Mehman Rzayev sözügenən problemlə bağlı bildirir ki, Kür-Araz hövzəsinə daxil olan ölkələrin hər biri – Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Ermənistan bu çaylardan suvarma, məişət-təsərrüfat və enerji məqsədləri üçün istifadə edirlər. Bu ölkələrin hamısının hazırda kənd təsərrüfatının artırılması ilə bağlı planları var.
“Gürcüstan və Ermənistan ərazisində suvarılan sahələrin artımı yaxın gələcəkdə müvafiq olaraq 1.08 kub kilometr və 2.13 kub kilometr suyun artmasını tələb edir. Eləcə də Azərbaycanda suvarılan sahələri təxminən 25 faiz artırmağı planlayır, bu isə 1.22 kub kilometr əlavə su sərfiyyatı deməkdir. Su istehlakının artması Azərbaycan ərazisinə su gətirən çaylarda suyun qaçılmaz azalmasına gətirəcək.
Belə olduğu təqdirdə Kür çayının suyu Azərbaycana daxil olacaq, amma Xəzər dənizinə çatmaya bilər”.- Mehman Rzayev bildirib.
“Azərbaycanda 2015-ci ildən sonra mütərəqqi suvarma sistemlərinə keçid başlayıb. Hazırda Azərbaycanda hökümət torpaqların birləşdirilməsi, müasir tipli irriqasiya sistemlərinin tətbiq olunmasına çalışır. Bunlar su itkilərinin qarşısının alınması məqsədi daşıyır”, bunu Ekologiya Nazirliyi Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin elmi işçisi qeyd edib.
Kür çayının aşağı axarında yerləşdiyimiz və ən axırıncı suyu alan da ərazi olduğumuz üçün bu problemlə üz-üzəyik. Bunun üçün su ehtiyatından çox səmərəli istifadə edilməlidir. O biri ölkələr üçün də ekoloji baxımdan problem yaradır, amma bu bizə daha çox ciddi problem yaradır.
Alimlərin fikirlərinə görə buna başqa bir səbəb isə dağlarda qarın ərimə xəttinin yuxarı qalxmasıdır. Buna görə şirin su ehtiyatları azalır.

33 il öncədən proqnoz verən alim Rzayev bildirib ki, beynəlxalq və yerli mütəxəssislərin rəylərinə görə, su Azərbaycana daxil olanadək artıq çirklənir. Və bu çirklənmə normadan çoxdur. Hər bir ölkə bununla bağlı işlər görsə də, transsərhəd səviyyəsində qənaətedici deyil, mən belə düşünürəm.
Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir-neçə səbəbini aydınlaşdırıblar. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi; 2-cisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması; 3-cüsü, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi;
4-cü, əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulması;
5-ci səbəb, Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri;
6-cısı, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir.
Kür çayında məcra prosesləri çox mürəkkəb olduğu üçün digər səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir.
