Limuzin inək cinsi
Hər məqalədə qeyd etdiyimiz kimi heyvandarlıq prespektivli işdir. Çünki hər gün ətə olan tələbat artır. Düzdür, bugün fermerlərin problemləri çoxdur, hər kəs qazanc əldə edə bilmir. Burda biznesə təsir edən faktorlar var, onları mütləq nəzərə almaq lazımdır. Məsələn yem və cins. Yemlə bağlı edəcəyiniz ən yaxşı iş düzgün rasyon seçməkdir. Çox fermer bu nüansa görə zərər edir. Günlük 5 manatlıq yem verir, 4 manatlıq diri çəki əldə edir.

Bordağ biznesində (eləcə də südlük) ikinci ən əsas faktor düzgün cins seçimidir. Hələ ki, bu diskusiyanı fermer dostlarla çox aparırıq, yerli yoxsa xarici cins bordağ eləmək daha yaxşıdır. Amma yaxşı inək cinsi günə 1-1,5 kq diri çəki artımı verəndir. Yerli cır heyvanlar isə 600-800 qram artım verir. Daha əvvəl də ətlik və südlük heyvan cinsləri haqqında məqalələr yazmışdıq. Bu məqalədə sizə limuzin inək cinsi haqqında məlumat verəcəyik.
Limuzin inək cinsi özəllikləri
Limuzin inək cinsi hələ ki, Azərbaycanda geniş yayılmayıb, qardaş Türkiyədə isə ən çox istifadə olunan bordağ heyvandır. Xaricdən idxal edilir. Ətlik istiqamətlidir. Vətəni Fransadır (Limuzin rayonu). Əvvəllər südlük heyvan kimi saxlanılırdı, daha sonra ət veriminə görə ətlik istiqamətə çevrildi. Dünyada ətlik damazlıq dana yetişdiriciliyində ön sırada olan cinsdir.
- Rəngləri: açıq qızılı. Dişilər nisbətən daha açıq rənglidir.
- Burun və göz kənarları açıq rənglidir.
- Buynuzsuz cinsdir, amma bəzilərində buynuz olur.
- Sakit təbiətlidir, otlaqda otarıla bilər.
- Balası kiçik doğulduğu üçün doğuş rahat keçir.
- Əti yağsız və incə lifli olduğundan keyfiyyətli sayılır.
- Əzələ quruluşu sağlam, sümükləri isə incədir. Bu da ət çıxımını artırır.
- Döl verimi yüksəkdir.
- İqlimə tez uyğunlaşan cinsdir.
Limuzin inək cinsi göstəricilər
- Diri çəki: dişilərdə 600-700 kq, erkəklər 900-1000 kq.
- Bəzi limuzin öküzlər 1300 kq ola bilir.
- Günlük çəki artımı: 1000-1300 qramdır.
- Buzovlar ilk günündə: 35-40 kq olur.
- Erkək danalar 1 yaşında: 530 kq olur.
- İnəklərin günlük süd verimi: ortalama 10 litr.
- Təmiz ət çıxımı yüksəkdir: 65%.
Qeyd edək ki, ətlik heyvanların südü əsasən sağılmır, balası yeyir. Elə buna görə də buzovlar tez böyüyür və yaxşı çəki yığır. 5 il əvvəl Azərbaycan da Macarıstandan 200 ədəd limuzin, şarole və simmental cinsi gətirmişdi. Analıq instinkti güclü inkişaf eləmiş heyvandır.