Meyvə ağaclarının əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri

Meyvə bitkilərində əsasən aşağıdakı xəstəliklərin olduğu qeyd edilir: Almada, armudda dəmgil, unluşehmonilyoz, alça və gavalıda cibcibə, şaftalıda yarpaq qıvrılması unlu şeh, çiyələkdə qonur ləkəlik və unlu şeh. Bu xəstəliklər göbələklər tərəfindən törədilən və meyvə bitkilərində ən çox rast gəlinən xəstəliklərdir. Xəstəliktörədicilər əsasən yaz-yay ayları fəaliyyət göstərməklə, xüsusilə havaların qeyri-sabit (yağmurlu günlərin günəşli günlərlə tez-tez əvəzlənməsi) keçdiyi illərdə daha da şiddətlənir. Xəstəliktörədicilərlə mübarizə məqsədilə ziyanvericilərdə olduğu kimi, aqrotexniki tədbirlər kompleksi aparılmalı, lazım gəldikdə kimyəvi preparatlardan da istifadə olunmalıdır.

Xəstəliklərin əlamətləri

Dəmgil– meyvə bitkiləri üzərində ən geniş yayılmış və daha çox məhsul itkisinə səbəb olan xəstəlikdir. Xəstəliyə yoluxmuş çiçək, yarpaq və meyvələrin üzərində əvvəlcə xırda (1-2 mm), get-gedə genişlənən (10-15 mm) dairəvi tünd-boz, məxməri ləkələr formalaşır. Yoluxma yerlərində cadarlar-çatlar əmələ gəlir və quruyur. Kimyəvi mübarizə məqsədilə 1%-li Bordo məhlulu və onun əvəzedicilərindən istifadə etməklə vegetasiya dövrü 3-4 dəfə müalicə aparılmalıdır.

Unlu şeh – əlamətləri bütün bitkilərdə eynidir. Birillik zoğların uc hissəsində cavan yarpaqlarda çiçək kasacıqları üzərində ağ, bəzən bozumtul-ağ, parlaq örtüklər əmələ gəlir, zoğların təpə hissəsi və yarpaqlar qıvrılaraq quruyur, çiçəklər tökülür. Kimyəvi mübarizə məqsədilə kükürd tərkibli preparatlardan istifadə olunmalıdır.

Yarpaq qıvrılması – ən çox şaftalıda müşahidə olunur. Cavan, yenicə açmağa başlayan yarpaqlar qırmızı-çəhrayı, açıq sarı rəngli şişkin forma alaraq qıvrılır, sirayətlənmiş yarpaqlar quruyaraq tökülür və meyvə əmələgəlmə zəifləyir. Kimyəvi mübarizə məqsədilə erkən yazda tumurcuqların şişməsi ərəfəsində bitkilər 5%-li Göydaş məhlulu ilə çilənməlidir.

Son zamanlar çəyirdəkli meyvə bitkilərində gövdə və budaqlarda kitrə axımı ilə müşahidə olunan və kütləvi qurumaya səbəb olan xəstəlik geniş yayılmışdır. Xüsusilə Abşeron bağlarında bu xəstəlik əriyə, gilasa, albalıya daha çox ziyan vurmaqdadır. Bəzi ağaclarda kitrə axımına səbəb oduncaq qurdlarının, qabıqaltı qurdların fəaliyyəti səbəb olsa da, qurumuş digər ağaclarda həmin qurdlar müşahidə olunmamışdır. Yəni, bitkidə kitrə axımı müxtəlif səbəblərdən baş verir:

  • 1. Yuxarıda qeyd etdiyimiz kimi oduncaq qurdlarının zədələməsi;
  • 2. Torpaqda şorlaşmanın çoxalması;
  • 3. Qışda şaxtaların güclənməsi, yayda isə tempera-turun həddən artıq yüksəlməsi;
  • 4. Torpaqda bəzi elementlərin, xüsusilə kalsiumun çatışmazlığı.
Göründüyü kimi, səbəblər müxtəlif olsa da nəticə birdir:

Toxuma dağılır, bitkinin şirəsi bayıra axır, bitki zəifləyərək bir və ya bir neçə ilə quruyaraq sıradan çıxır. Bir çox hallarda isə, hətta, bir günün içində bitkinin qəflətən solaraq qurumasını da müşahidə etmişik. Belə halda isə çox güman ki, bitkidə su daşıyan borular (kisilema boruları) tutulur və suyun bitkidə və ya onun ayrı-ayrı budaqlarında hərəkəti məhdudlaşır.

Mütəxəssislər müxtəlif mülahizələr irəli sürsələr də, hələlik bu xəstəliklə əsaslı mübarizə yolu tam işlənib hazırlanmamışdır. Biz əvvəlcə kitrə axımının səbəbinin aydınlaşdırılması, daha sonra uyğun mübarizə tədbirlərinin seçilməsini məsləhət bilirik. Reallıq isə ondan ibarətdir ki, Abşeron bağlarında çəyirdəkli meyvə bitkiləri sürətlə azalmaqdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика