Müasir kombaynla pambıq sahələrində…
Son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi dəstək, əlavə subsidiyalar Hacıqabul rayonunda pambıq əkini ilə məşğul olan fermerlərin təsərrüfatın bu sahəsinə marağını xeyli artırıb. Bunun nəticəsidir ki, rayonda məhsul istehsalı ilbəil artır.
Müasir kombaynla bol pambıq məhsulu
Bəzi məlumata görə Hacıqabulda pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.
Yığıma vaxtında başlayan məhsul istehsalçıları qısa müddətdə sahələrdən 300 tondan çox məhsul toplayıblar.
Məhsulun yarıdan çoxu maşınlarla yığılıb. Hazırda pambıq plantasiyalarında xaricdən gətirilmiş 5 ədəd ən müasir pambıqyığan kombayn işləyir.
Fermerlər bu mövsüm məhsul yığımında maşınlara üstünlük verdiyindən gün ərzində sahələrdən ötən ilin eyni dövrü ilə müqayisədə 50-60 ton çox məhsul toplanılır.
Pambığın məhsuldarlığı
Rayonda məhsul yığımına ilk başlayanlardan biri fermer Səadət Mirzəyevadır. Məhsul istehsalçısı ötən il hər hektardan 40 sentner məhsul götürməklə 187 ton məhsul toplayıb.
Məhsulun satışından yaxşı qazanc əldə edən torpaq mülkiyyətçisi cari ildə əkin sahəsini 2 dəfədən çox artırıb. “Bu mövsüm 150 hektar sahədə pambıq əkmişəm. Becərmə işlərində mütərəqqi üsullardan istifadə etdiyimdən sahədə məhsul boldur.
Maşınla yığıma üstünlük verirəm. Qısa müddətdə 137 tondan çox məhsul toplamışam. Hər gün plantasiyadan 30-35 ton məhsul yığılır”, – deyə fermer bildirib.
Qeyd edək ki, hacıqabullu pambıqçılar bu il 1300 hektar sahədə pambıq əkiblər.