Neftçalalı pambıqçılar bu mövsüm hər hektardan 35 sentner məhsul götürməyi qarşıya məqsəd qoyublar
Neftçalada pambıq yığımına başlanılıb. Pambıqçılar qısa müddətdə 427 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər.
Agroexpert.az xəbər verir ki, bu il rayonda fəaliyyət göstərən 3 şirkətlə, ümumilikdə, 1207 mülkiyyətçi müqavilə bağlayıb. Bağlanmış müqavilələrə əsasən rayonda 5 min hektar sahədə pambıq əkilib.
Nümunəvi becərmə işləri aparıldığından sahələrdə bol məhsul yetişib. Təcrübəli pambıqçı Mürsəl Qafarov bu mövsüm 50 hektar sahədə pambıq becərib və bu günlərdə məhsul yığımına başlayıb. “Məhsulumuz boldur. İndi qarşıda duran əsas vəzifə yetişdirdiyimiz pambığı qısa müddətdə toplayaraq təhvil verməkdir. Bunun üçün bütün qüvvəmizi səfərbər etmişik. Gün ərzində 180-200 kiloqram məhsul yığırıq”, – deyə pambıqçı bildirib.

Yığılmış məhsulu qəbul etmək üçün rayonda 3 pambıq qəbul məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə məhsul qəbulunu fasiləsiz həyata keçirmək üçün bütün zəruri hazırlıq işləri görülüb. Artıq ilk məhsul məntəqələrə daxil olmaqdadır.
Rayonda cari təsərrüfat ilində pambıq sahələrinin məhsulunun 50 faizindən çoxunun kombaynlarla toplanılması nəzərdə tutulub. Bunun üçün 31 pambıqyığan maşın fermerlərin ixtiyarına verilib.
Qeyd edək ki, neftçalalı fermerlər bu mövsüm pambıq sahələrinin hər hektarından 35 sentner məhsul götürməyi qarşıya məqsəd qoyublar.
(Azərtac)