Qaramalın Taunu (Pestis bovum)
Qaramalın taunu septisemiya, yüksək temperatura və selikli qişaların nekrotiki iltihabı ilə səciyyələnən xəstəlikdir.
Tarixi məlumatı: Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, taun ilk dəfə Asiya qitəsində , sonralar isə Avropa ölkələrində qeyd edilmişdir.
Xəstəliyi ilk dəfə 1711-ci ildə Rammazin, sonralar 1895-ci ildə M.T.Tartakovski, 1896-cı ildə N.F.Qamaleya müəyyən etmişlər.
Xəstəlik törədicisinin virus olması isə 1902-ci ildə Türk alimi Adilbəy və başqaları tərəfindən müəyyən olunmuşdur.
Hazırda qaramalın taunu Amerikada, Avstraliyada və keçmiş SSRİ-ri ərazisində qeyd olunmur, lakin Afrika ölkələrində və Asiya qitəsinin bəzi yerlərində müşahidə olunur. Xəstəliyə Afrika qitəsində ən çox Mavritaniya, Sudan, Efiopiya və Malidə təsadüf edilir.
Azərbaycanın ərazisində taun xəstəliyi XIII əsrdə monqol-tatarlarının yürüşündən sonra müşahidə olunub. İlk yazılı məlumat isə 1870-ci ilə aiddir. Tarixən İrandan şahsevənlər tayfası Muğanın qış yaylaqlarına küllü miqdarda qaramal, at və milyonlarla qoyun sürüsülə köç edərdilər. Elə bu illərdə də malqara taun xəstəliyinə yoluxardı. Bununla əlaqədar 1885-ci ildən Rus imperatorluğu İrandan Muğan qışlağına malqaranın köçünü qadağan etmişdir.
İqtisadi zərəri: Qaramalın taunu əvvəllər heyvandarlıq təsərrüfatlarına böyük iqtisadi ziyan vermişdir. Xəstəlikdən XVIII əsrin axırlarında yalnız Avropada 200 milyon baş heyvan ölmüş və tələf edilmişdir. Russiya imperiyasının ərazisində 23 il ərzində (1891-1914) xəstəlikdən 10 milyondan çox qaramal tələf olmuşdur. Ümumdünya Heyvan Sağlamlığı Təşilatının (BEB) məlumatına görə 1967-ci ildə İranda taundan 50 min, Əfqanıstanda 30 min, Türkiyədə 25 min, İndoneziyada 50 min, 1969-1970-ci illərdə Hindistanda 80 min baş qaramal tələf olmuşdur. Xəstəliyə qarşı mübarizə, karantin tədbiprləri də böyük iqtisadi zərər hesabına başa gəlir.
Törədicisi: Taunun törədicisi paramiksovirus ailəsinə aid olan tərkibində RNT saxlayan viruslardır. Virusu xəstə orqanizmin bütün orqan və toxumalarında, eləcə də onun ifrazatlarında tapmaq mümkündür. Qaramalın taun virusu antigenliyinə görə itlərin taun və insanların qızılca viruslarına uyğundur.
Davamlılığı: Virus 600 C istilikdə bir neçə dəqiqəyə, otaq temperaturunda 3-4 günə qədər qalır. Mənfi 200 C-də 3-6 aya qədər öz virulentliyini saxlayır. Vakumda qurudulmuş formada virus otaq temperaturunda 1,5 il, -200 C 5 il sağ qalır. Amil sümük iliyində bir neçə gün, peyində 30 saat, otlaqda 36 saat, duzlanmış ətdə 28 gün sağ qalır.
Dezinfeksiya maddələrindən 2%-li fəal xlor olan xlorlu əhəng, 2%-li natrium qələvisi məhlulları virusu bir neçə dəqiqəyə tələf edir.
Epidemioloji xüsusiyyətləri: Təbii halda tauna qaramal bütün yaşlarda tutulur. Xəstəliyə zebular və camışlar da həssasdır. Dəvələr, vəhşi heyvanlar, qoyun və keçilər isə tək-tək hallarda xəstəliyə həssasdırlar. Donuzların tauna həssas olması və virus daşımaları haqqında ədəbiyyatda məlumat vardır.Taunu cavanlar daha ağır keçirir.
Cins heyvanlar, yerli heyvanlara nisbətən daha həssas olurlar. Süni yoluxmaya bütün kənd təsərrüfatı heyvanları həssasdır. İnfeksiya mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar sayılır. Virus xəstə orqanizmdən inkubasiya dövründən başlayaraq ixrac olur. Amil xəstənin südü, sidiyi, nəcisi, burun axıntısü, gözyaşı, cinsiyyət üzvləri axıntısı ilə ifraz olur ki, bu da ətrafların çirklənməsinə səbəb olur. Bundan əlavə qorxulu infeksiya mənbəyi kimi xəstəlikdən ölmüş cəmdəkləri, məcburi kəsilən heyvan ətləri, onların gön və dərisi, sümükləri, yunu, mədə-bağırsaq ifrazatları hesab etmək olar.
Taunun yayılmasında infeksiya gəzdirici keçi, qoyun, ceyran, donuz və s. heyvanlar da müəyyən rol oynayır. Lakin itlər, vəhşi heyvanlar, quşlar, xəstəlik törədicisini mexaniki yayırlar. Taunun virusu gediş-gəliş, geyim, yem, su, döşənək, alət və vasitələr, eləcə də nəqliyyat vasitələri ilə də yayılır. Virus orqanizmə aerogen, həzm yolu ilə ya da xəstələr istifadə etmiş otlaqlardan və xəstələr saxlanan binalardan istifadə edildikdə daxil olur. Xəstəlik iti keçməklə çox hallarda epizootik hal olaraq 90-100% tələfata səbəb olur. Taun bütün il boyu müşahidə edilə bilər.
Patogenezi: Virus orqanizmə müxtəlif yollarla (həzm, aerogen, selikli qişa və s) daxil olduqdan sonra qana keçərək orqanizmin bütün orqan və toxumalarına yayılır. Virusun çoxalması və toksiki təsiri başlıca olaraq özünü limfa düyünündə, sümük iliyində, ağciyərdə, tənəffüs və mədə-bağırsağın selikli qişalarında göstərir.
Selikli qişaların kəskin iltihablaşması nəticəsində şiddətli diareya başlayır. Xəstə tez arıqlayır.
Xəstəliyin gedişi və əlamətləri: Taunun inkubasiya dövrü təbii yoluxmada 3-17 günə qədər davam edir. Xəstəlik çox iti, iti və abortiv formalarda gedir. Lakin dəvə, qoyun və keçilərdə abortiv ya da simptomsuz keçir.
Xəstədə ilk əlamətlər isitmə və iştahanın azalması, mədə-bağırsaq sisteminin atoniyası və suya meyllin artmasdır. Süd məhsulu azalır. Xəstəliyin 2-3-cü günlərində heyvanın ağız selikli qişasında müxtəlif irilikdə hiperemiki ləkələr əmələ gələrək, tədricən papillalara çevrilir, bunlar isə əvvəlcə bərk konsistensiyalı, sonra yumşalaraq qopur və yerində yaralar əmələ gəlir. Yaraların kənarları girintili-çıxıntılı olur. Sonra xəstənin gözündə bulanlıqlaşma və göz qapaqlarına eksudat toplanır. Gözün selikli qişasının iltihabı başlayır. Gözdən yaş axır. Xəstənin vəziyyəti daha da ağırlaşır. Konyunktivit, rinit, vulvit, vaginit başlayır. Xəstə əvvələr həyəcanlanır, sonra iştahı tədricən azalır, ümumi ölgünlük müşahidə edilir. Təngnəfəslik, nəbzin artması, eləcə də əzələlərin tonusunun azalması görünür, heyvan öskürür. Ayrı-ayrı əzələ qrupları titrəməyə başlayır, tərləyir və dişlərini xırçıldadır. Əvvəl qəbizlik, sonra isə ishala tutulur ki, bu diareya formasında nəzərə çarpır. Xəstənin nəcisi qanlı pisiyli olmaqla, üzəri selik qatı ilə örtülü olur. Düzbağırsağın selikli qişası prosesə tutulduğu üçün ishal qeyri-ixtiyarı olur. Xəstə arıqlayır, göz almaları çuxura düşür.
Xəstəliyin axırlarında heyvanın ümumi temperaturu normadan aşağı düşür. Boğaz heyvanlar bala atır. Xəstəliyin yarımiti formasında əlamətlər müsbət keyfiyyətli keçməklə, orqanizmin temperaturu tədricən azalır və ölüm əsasən cavanlar arasında müşahidə olunur. Həm də bu formada ölüm 20-40%-ə qədər ola bilər. Abortiv və ya simptomsuz formada xəstələrin əksəriyyəti sağalma ilə nəticələnirlər.
Diaqnozu: Tauna diaqnoz qoymaq üçün xəstəliyin epizootoloji xüsusiyyətinə, kliniki əlamətlərinə, patoloji-anatomik dəyişikliklərinə, virusoloji, bioloji və seroloji müayinələrə əsasən aparılır.
Laboratoriyaya patoloji nümunə kimi daxili orqanlardan göndərmək olar. Laborator müayinə üçün gətirilmiş nümunə əvvəl bakterial infeksiyanı ayırmaq üçün
bakterioloji müayinədən keçirilməlidir.
Xəstəliyin diaqnozu üçün neytrallaşma reaksiyasından da istifadə edilir.
Təfriqi diaqnozu: Qaramalın taunu – dabaq, pasterellyoz, yaman kataral istimə, viruslu diareya və koksidiozdan təfriq etmək lazımdır.
Dabaq tauna nisbətən tez yayılır, bəzən müsbətkeyfiyyətli keçir, dabaqda həm də aftalar olur. Pasterellyoz taundan bakterioloji və ağızın selikli qişasında dəyişikliyin olmamasına əsasən təfriq edilir. Yaman kataral isitmə taundan fərqli olaraq sporadiki keçir və xəstənin gözündə əmələgələn dəyişikliklər asanlıqla fərqlənir.Viruslu diareya tauna nisbətən yüngül keçir, az kontagiozlu olur və virusoloji cəhətdən təfriqi mümkün olandır. Taunu qan parazitləri tərəfindən törədilən xəstəliklərdən, qanda parazitləri görməklə təfriq etmək olar.
Müalicəsi: Taunla xəstə heyvanları müalicə etmək qadağandır. Onlar məhv edilərək, cəmdəkləri yandırılır.
İmmuniteti: Təbii xəstələnib sağalan heyvanlar 5 il müddətinə immunitet qazanırlar. Belə heyvanlardan doğulan körpələr 5-6 ay immunlu olurlar. Tauna qarşı vaksinlər mövcuddur və onlardan luzum olarsa istifadə edilir. İmmunitet adətən inyeksiyadan sonra 3 gün müddətinə əmələ gəlir və 3 il davam edir.
Profilaktika və mübarizə tədbirləri: SSRİ dövründə Azərbaycanda qaramalın taun xəstəliyi müşahidə edilməmişdir. Ölkəmiz müstəqillik əldə etddikdən sonra da bu xəstəlik müşahidə edilməmiş, lakin qaramalın taununa qarşı peyvəndləmə təhlükə gözlənilən sərhad boyu ərazilərdə profilaktiki olaraq aparılır. Qonşu dövlətlərdən gətirilən heyvanlara xüsusi baytarlıq nəzarəti həyata keçirilir.
Taun baş verdikdə həmin məntəqələri bütünlüklə karantinə almalı və karantin şərtlərinə ciddi əməl edilməlidir. Ət məhsulları, eləcə də yemlərin təsərrüfatdan çıxarılması və dövlətə satışı dayandırılır. Xəstələr məhv edilir, dərisi ilə birlikdə yandırılır. Ərazi cari dezinfeksiya edilir. Təsərrüfatda toplanmış peyin yandırılır. Qalan şərti sağlam heyvanlar peyvənd edilir. Xəstəliyin təlimatına uyğun qaydada xəstəliklə mübarizə aparmaq mümkün deyildirsə, onda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin icazəsi ilə bütün qaramal ləğv edilib yandırılır. Karantin axırıncı xəstəlik hadisəsindən 21 gün sonra ləğv edilir, 4-5 ay müddətində məhdudlaşma tədbirləri aparılır.