Qarğıdalının əkin prosesinin ardıcıl izahı

Qarğıdalı taxıl fəsiləsinə aiddir və əsasən iki faydasına görə əkilir, dən ehtiyatı və gövdəsindən silos hazırlamaq üçün. Qarğıdalı saçaqları da türkəçarə kimi faydalıdır (ciyər və digər orqanlarımız üçün).

Dənindən un, yarma, konserv düzəldilir, sənaye üsulu ilə nişasta, etil spirti, şəkər, bal, E vitamini və bəzi turşular əldə edilir. Qarğıdalının gövdə və yarpaqlarından kağız, linoleum, plastik kütlə alınır.

Şəki-Zaqatala zonası qarğıdalı yetişdirilməsi üçün ən əlverişli şəraitə malik olduğu üçün elmi tətqiqatlar da elə burdakı stansiyada aparılır və bir çox sortlar əldə edilir. Zaqatala Zona Təcrübə Stansiyasında Zaqatala-68, Zaqatala-514 və Zaqatala yaxşılaşdırılmış qarğıdalı sortları yaradılmış və bölgədə rayonlaşaraq geniş yayılmışdır.

Digər dənli-taxıl bitkiləri ilə müqayisədə məhsuldarlığı daha çoxdur. (70-80 sen/ha) Bunun üçün aqrotexniki tədbirlər ardıcıl və vaxtında yerinə yetirilməlidir.

Torpağın becərilməsi. 

  • Payızlıq dənli bitkilər yığılan kimi sahə diskli malalarla 8-10 sm dərinlikdə üzlənir, 20-30 gün keçdikdən sonra ön kotancıqlı kotanla 25-27 sm dərinlikdə şum edilir.
  • Əgər qarğıdalı gec yığılan sələflərdən sonra səpilərsə, bu zaman diskli mala ilə kök və gövdə qalıqları xırdalanmalı və sahə 27-30 sm dərinlikdə şumlanmalıdır.
  • Payızda torpağın dərin şumlanması alaq bitkilərinin məhv olması ilə yanaşı, qar sularından əmələ gələn rütubəti özündə saxlayır, zərərverici və xəstəliklərin qarşısını qabaqcadan alır.
  • Yazda sahəyə çıxmaq mümkün olduğu vaxtdan başlayaraq 10-12 sm dərinlikdə birinci, qarğıdalı toxumu səpilməzdən qabaq isə 8-10 sm dərinlikdə ikinci kultivasiya çəkmək lazımdır.

Sahənin gübrələnməsi. 

Qarğıdalı qida maddələrinə tələbkar bitki olduğundan vegetasiya müddətində torpaqdan qida alır.
Qarğıdalı inkişafının ilk dövrlərində azot və fosfora qarşı daha çox tələbkar olur və azotu fosfora nisbətən daha çox mənimsəyir.
Ümumiyyətlə, dən almaq məqsədilə əkilən qarğıdalı sahəsinin hər hektarına təsiredici maddə hesabı ilə 120 kq azot, 150 kq fosfor və 90 kq kalium verilməlidir. Gübrələrin mənimsənilmə əmsalını yüksəltmək və vahid gübrə miqdarına düşən məhsulu artırmaq məqsədilə onların torpağa verilməsinə düzgün əməl olunmalıdır.
 
Qarğıdalı bitkisinin qida maddələri ilə təmin olunmasında mineral gübrələrlə yanaşı, üzvi gübrələrin, xüsusən də peyinin rolu daha çoxdur.
Suvarma zamanı sahəyə peyin şirəsinin verilməsi bitkilərin qida ilə təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

Qarğıdalı əkini. Səpin müddətləri. 

Şəraitindən asılı olaraq qarğıdalı səpini müxtəlif vaxtlarda aparılmalıdır. Çox erkən yazda qarğıdalını soyuq torpağa əkmək olmaz. Ona görə ki, soyuq torpağa səpilən soxumların cücərmə qabiliyyəti azalır, dənlər şişir və temperatur çatışmadığından cücərti vermir. Belə şərait isə alaq otlarının daha tez inkişaf etməsinə və sahələrin alaq otları ilə örtülməsinə gətirib çıxarır.
 
Şəki-Zaqatala bölgəsi üçün qarğıdalı səpinin ən optimal müddəti aprel ayının sonu və may ayının əvvəli sayılır. İlin gəlişindən asılı olaraq səpin müddətində müəyyən dəyişikliklər ola bilər ki, bu da hava şəraitinin dəyişməsi ilə əlaqədardır.

Səpin norması. 

Yaxşılaşdırılmış Zaqatala, Zaqatala-68 və Zaqatala-514 sortlarının dən üçün səpini zamanı norma 1000 ədəd dənin kütləsi hesabı ilə götürülür. Bu zaman səpin norması 18-22 kq arasında təşkil edir. Yadda saxlamaq lazımdır ki, səpin zamanı səpin üsulu və ya qida sahəsi gözlənilməlidir. Səpin cərgəarası 70 sm, bitkiarası 30 sm olaraq aparıldıqda daha çox səmərəlidir.

Səpinlərə qulluq. 

Səpindən sonra bitkilərə qulluq işləri, bu işlərin müddəti və üsulu topağın tipi, mexaniki tərkibi, sahənin alaqlanma dərəcəsi və bitkilərin bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır.
Qarğıdalı əkinlərinə elə qulluq etmək lazımdır ki, torpaqda lazımi qədər istilik, hava, rütubət və həll olunmuş qida maddələri olsun. Qarğıdalı əkinlərinin ilkin becərilməsi xüsusi əhəmiyyətə malikdir. Becərmə mexanikləşdirilmiş və əl üsulu ilə aparılır.
Cərgəarası kultivasiya çəkdikdən sonra əl ilə becərmə və seyrəltmə aparılmasının  xüsusi əhəmiyyəti danılmazdır. Belə ki, yenicə inkişaf etməyə başlayan qarğıdalı bitkisinin diblərinin yumşaldırlması, alaq otlarının məhv edilməsi, bitki çox düşən sahələrdə seyrəltmənin aparılması, boş qalmış ərazilərdə əlavə səpin aparılması bol məhsulun bünövrəsini qoyur.
 
Qarğıdalı bitkisinə 2-3 dəfə su vermək və bir o qədər də kultivasiya çəkmək lazımdır. Birinci kultivasiya 8-10 sm, ikinci 6-8 sm, üçüncü isə 5-6 sm dərinlikdə aparılmalıdır.

Məhsulun yığılması. 

qargidali ekini sepini qulluq yigimi

Dən məqsədilə yığılan məhsulun tərkibində nəmlik 28-30% olmalıdır. Dən üçün qarğıdalı həm mexanikləşdirilmiş, həm də əl üsulu ilə yığılır. Məhsul xırmanda qıcadan təmizlənir, qurudulur və çeşidlənir.
Əgər hər hansı bir torpaq mülkiyyətçisi yaxşılaşdırılmış sortlardan 1 hektar əkmiş olsalar və onun becərilməsinə, vegetasiya müddətində tələb olunan bütün aqrotexniki tədbirlərini yerinə yetirməklə 600 manata qədər xərc çəkmiş olarlar. Qeyd olunan qarğıdalı sortlarının hər hektarından 70-100 sentner arasında məhsul götürmək mümkündür.
 
 
 
 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика