Qarğıdalıda kök və gövdə, qara və ağ çürümə
Qarğıdalı bitkisində kök və gövdə çürüməsi
Xəstəliklər, əsasən, qarğıdalının vegetasiyasının 2-ci yarısında müşahidə edilir. Gövdə və kök çürümələri yarımsaprofit göbələklər və bakteriyalar tərəfindən törədilir. Xəstəlikləri əmələ gətirən patogenlərin xarakterindən və növündən asılı olaraq bir neçə tipə: fuzarioz, kömür, ağ və bakterial çürümələrə ayrılır.
Fuzarioz kök çürüməsi
Xəstəliyin törədicisi göbələklərin Fusarium Link. cinsinə aiddir. Qarğıdalının becərildiyi bütün regionlarda təsadüf olunur. Adətən, qarğıdalının aşağı 2-3 buğum və buğumaralarında müxtəlif formalı qonur və ya küləş rəngli ləkələr şəklində müşahidə edilir. Rütubətli havada bu ləkələr açıq-qırmızı və ya sarı-çəhrayı rəng alır.
Xəstəlik nəticəsində bitkilərin yeraltı buğumaraları qızarır və özəyi
tamamilə parçalanır . Göbələyin konidiləri oraqvarı formada olub, 4-5 arakəsməyə malikdir. Xəstəliyin ehtiyatı torpaqda və toxumda qalır, sonradan yayılır.

Qara çürümə / Kömür çürümə
Köklərin və gövdənin aşağı hissəsinin qaralması ilə müşahidə olunur. Gövdənin epidermis təbəqəsi altında göbələyin dağınıq halda, qara nöqtələr şəklində külli miqdarda sklerosiləri əmələ gəlir. Gövdənin kök ətrafı və aşağı buğumaları tamamilə qara rəng aldığı üçün xəstəlik kömür çürümə adlanır.
Göbələyin təsiri nəticəsində gövdənin özək hissəsi-parenximası
tamamilə parçalanır. Gövdə yavaş-yavaş quruyaraq kövrəkləşir və
asanlıqla qırılır.
Həm fuzarioz, həm də kömür çürümə xəstəliklərinin törə-
diciləri yarımsaprofit göbələklər olduqları üçün zəif bitkiləri daha
güclü xəstələndirir.
Ağ çürümə
Gövdənin aşağı hissələrində böyük ölçüdə ağ, yumşaq, pambığabənzər ləkələrin və müxtəlif forma və böyüklükdə sklerotsilərin əmələ gəlməsi ilə xarakterizə olunur.

Bakterial gövdə çürüməsi
Xəstəliklər, adətən, qarğıdalının süpürgə buraxma dövründə gövdənin yuxarı hissələrində, ətrafları tünd çəhrayı və ya bənövşəyi rənglə haşiyələnmiş qeyri-müəyyən ölçülərə malik (3-10 sm uzunlu-ğunda) açıq-sarı rəngli ləkələr əmələ gətirir. Xəstəlik getdikcə inkişaf edərək bitkilərin yuxarı hissələrinin-gövdə və yarpaqların qırılıb tökülməsinə səbəb olur. Sonra orta yarus yarpaqlar kənarlardan içəriyə doğru qatlanaraq quruyur.
Qarğıdalının gövdə və yarpaqlarında toplanmış selikli bakteriya kütləsi pis iy verir ki, bu da onun bakterial xəstəliklərinin əsas əlamətlərindən biridir.
Nisbi rütubət və temperaturun yüksək (25-30°C) olması bakterial xəstəliklərin kütləvi yayılmasına əlverişli şərait yaradır. Xəstəliklərin ilkin mənbəyi, çürüməmiş bitki qalıqları və xəstəliyə məruz qalmış alaq otlarıdır.
Gövdə və kök çürüməsi xəstəliklərinin yayılmasında torpaqda
yaşayan nematodların böyük rolu var. Bu xəstəliklərin təsiri ilə əkinlər seyrəkləşir, xəstə bitkilərin məhsuldarlığı olduqca aşağı düşür, bu sahələrdə maşınla yığım mümkün olmadığına görə yığım xərci artır və məhsuldarlıq azalır.
Yuxarıda qeyd edilən xəstəliklər Azərbaycanda yayılmışdır.
Təbii iqlim amillərinin tez-tez dəyişməsi və aqrotexniki qulluq işlə-
rinin yarıtmaz yerinə yetirilməsi xəstəliklərin kütləvi yayılması
üçün münbit şərait yaradır.
Mübarizə tədbirləri
Xəstəliklərlə yoluxmuş sahələrdə təkrar qarğıdalı əkininə yol verilməməlidir. İnfeksiya mənbəyinin ləğv edilməsi üçün qarğıdalı yığımı qısa müddətdə keyfiyyətlə başa çatdırılmalı, bütün bitki qalıqları sahədən çıxarılmalı və dərin dondurma şumu aparılmalıdır. Səpinin optimal müddətdə keçirilməsi, toxumların normal dərinliyə (6-8 sm) basdırılması sahədə tam çıxış alınmasını və cücərtilərin normal inkişafını təmin edir. Mineral və üzvi gübrələrin düzgün balansda və məsariflə verilməsi bitkilərin xəstəliklərə qarşı müqavimətini və məhsuldarlığını artırır. Suvarmalar optimal müddətdə aparılmalıdır, çünki onun gecikdirilməsi
xəstəliklərin inkişafını daha da gücləndirir. Səpin üçün toxum materialı sağlam sahələrdən yığılan dəndən götürülməlidir.
Toxumlar səpinqabağı Raksil (120 qr/litr Tebukonazol) preparatının 0,2-0,5 litr/ton məsariflə, işçi məhllun sərfiyyatı 10 litr/ton olmaqla dərmanlanmalıdır.