Şəkidə heyvan sahiblərinin süni mayalanma tədbirlərinə marağı artırıb
Subsidiyaların verilməsi Şəki rayonunda heyvan sahiblərinin süni mayalama tədbirlərinə marağını artırıb
Bu ilin 7 ayında 4090 baş inək, camış və düyə süni yolla Şəki rayonunda mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 56 baş çoxdur. Müddət ərzində təsərrüfatlarda süni mayalanma yolu ilə 2107 baş buzov doğulub. 7 ayda Şəki rayonu üzrə 1359 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 1779 baş cinsi yaxşılaşdırılmış buzova görə 177 min 900 manat subsidiya hesablanıb.
Agroexpert.az saytı AzərTac-a istinadən xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştlı şərtləri ilə satılan 399 baş damazlıq düyə alınıb. Bununla yanaşı, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.
Nazim Rəcəbov qeyd edib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Şəki rayonu üzrə 6721 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 8247 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 824 min 700 manat subsidiya ödənilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərib. Belə ki, yeddi ayda Şəki rayonunda ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz, süd istehsalı isə 1,4 faiz artıb.
