Üzüm tənəklərinin becərilmə formaları və onların budanılması

Üzüm sarmaşan bitki olduğundan, sürətlə uzanaraq öz kökündən daha tez kənarlaşır. Bunun qarşısını almaq üçün tənəklər hər il kəsilərək gödəldilməlidir. Bu zaman biz bir sıra işləri həll etmiş oluruq:

1. Cavan (1-3 yaşlı) tənəklərə forma veririk (şəkil 1);

2. Bar verən tənəklərdə verilmiş formanı saxlamaqla, məhsul artımına nail oluruq;

3. Qocalmış tənəkləri cavanlaşdırırıq.

Azərbaycanda üzüm tənəklərində tarixən aşağıdakı becərilmə formaları tətbiq edilmişdir.

Xiyaban: Bir çox aran rayonlarında (Ağdam, Bərdə, Kürdəmir, Göyçay və b.) üzüm tənəklərini hündürboylu ağac və kolların üzərinə dırmaşdırmaqla becərilən formadır. İstilik çox olan ərazilərdə belə becərilmədə üzümlərin şəkərliliyi daha yüksək olur, xəstəliyə az yoluxurlar. Lakin məhsula qulluq və onun yığılmasında çətinliklər olduğundan bu becərmə forması çox genişlənməmişdir.

Kələsər (öküz başı): Bu becərilməüsulu da qədim tarixiə malikdir. Bu formada tənəklərə heç bir dayaq tətbiq olunmur. Tənəkdə 1-4 ədəd qısa, yoğun ştamp yaradılır. Onların üzərində qısa (2-4 gözdən ibarət) zoğlar saxlanılır və onlardan məhsul alınır. Hazırda bu forma Abşeronda bəzi həyətyanı sahələrdə tətbiq olunur.

Şəkil 1. Birinci 3 ildə tənəyin formaverilmə istiqamətində budanılması

Çardaq (talvar): Ağac və ya dəmir-beton dirəklərdən ərazinin sahəsinə uyğun müxtəlif hündürlükdə (2-4 m) və uzunluqda çardaq düzəldilir, ətrafında bitkiarası 2 m saxlanılmaqla tənəklər basdırılır, qulluq edilərək çardağın (talvarın) üzərinə yönəldilir. Bu formada bitkilərə qulluq, onların dərmanlanması, budanılmasıvə b. daha asan olur.

Şpaler: Bu üsul üzüm tənəklərinin ən geniş yayılmış becərilmə formasıdır. Bu formada tənəklər cərgəvi üsulla əkilir. Torpaq-iqlim şəraitindən və becərmənin mexanikləşmə səviyyəsindən asılı olaraq cərgəarası 2-2,5-3-4 m, cərgədə bitkiarası məsafə 1,5-2 m saxlanılmaqla cərgəyə ara məsafəsi 5 m olmaqla dəmir-beton dirəklər basdırılır və 3-4 sıradan məftillər çəkilir və tənəklər həmin məftillərə bağlanılır. Şpalerdə becərildikdə tənəklərə ştampsız (gövdəsiz), qısa ştamplı (0,5 m-ə qədər) və hündür ştamplı (0,5-1,2 m) yelpik formaları verilir.

Ştampsız və qısa ştamplı yelpik formalar əsasən tənəyin üstü qışda örtülən (Naxçıvan) və güclü küləkli (Abşeron) zonalarda, hündür ştamplı yelpik formalar isə qidalı, suvarılan zonalardavə güclü boy atan sortlarda tətbiq edilir.

Məhsuldar tənəkləri quru budamaq üçün ilk növbədə iti bağ qayçısı əldə etmək lazımdır. Qayçı budağı və ya zoğu birinci cəhddə kəsməlidir. Əvvəlcə bitkinin kök boğazında və ştampında əmələ gəlmiş haramı zoğları kəsmək vacibdir. Bu zoğlar o halda saxlanılır ki, əyri, çox zədəli və qocalmış ştamp əvəz olunmalıdır və ya qonşu tənəyin yerı boş olan halda torpaq daldırması yolu ilə həmin boş olan yer bərpa olunmalıdır. Bundan sonra tənəyin qolları üzərindəki zoğlar seyrəldilir və gödəldilir. Budama zamanı bir məqam diqqət mərkəzində olmalıdır. Məhsuldar zoğlar tənəyin birillik zoğlarının üstündə formalaşmış cavan, sarı rəngli zoğlardır.

Yaşlı hissələrdə, yəni qonur, çadırlı qolların və ştampın üzərində olan birillik zoğlar məhsulsuz və ya çox az məhsullu olurlar. Belə zoğları müstəsna hallarda, yəni, qolu və ya ştampı bərpa etmək məqsədilə saxlamaq olar. Normal halda isə tənəyin 3 yaşdan yuxarı hissələrində əmələ gəlmiş bütün zoğlar dibindən kəsilərək atılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика