Xiyar bitkisinin yanında nə əkmək yaxşı olar?
Bitkilər də insanlar kimidir. Onların da ətrafında özlərinə uyğun olan digər bitkilər yetişdiriləndə daha yaxşı inkişaf edirlər, daha keyfiyyətli məhsul verirlər.
Əkin sahələrində fərqli bitkilərin yanaşı əkilməsi onların xəstəlik və zərərverici həşaratlara qarşı daha dözümlü olmasına kömək edir.
Bu məqaləmizdə xiyar bitkisinin yanında hansı digər bitkilərin əkilməsinin onun üçün faydalı olacağından danışacağıq.

Qarğıdalı. Qarğıdalı xiyar üçün təbii bir dəstək kimi xidmət edəcək. Xiyar üçün çəpər tikmək xərclərinə də qənaət etmiş olacaqsınız.
Ancaq bir məqam var. Bunu etmək üçün yüngül və kiçik meyvələri olan xiyar sortlarını seçmək lazımdır, əks halda qarğıdalının gövdəsi böyük xiyarların zoğlarının ağırlığını daşıya bilməyəcək.
Günəbaxan. Qarğıdalı bitkiləri ilə bənzər hündürlüyə və gücə sahib günəbaxan bitkisi də xiyar məhsulunu qorumaq üçün çəpər funksiyasını oynaya bilər.
Çeşid və hibridlərin müxtəlifliyinə görə müasir günəbaxanların hər növü mövcuddur. Cırtdan günəbaxanlardan tutmuş (50 sm uzunluğunda) üç metr hündürlüyə çatan nəhəng günəbaxanlar və bütün çalarlarda ləçəkləri olan günəbaxanlar – solğun sarıdan narıncı və qırmızıya qədər – mövcuddur.
Günəbaxan toxumlarının qabıqlarında ot üçün zəhərli olan bir maddənin olduğunu da unutmamaq lazımdır. Beləliklə, günəbaxan əkdiyiniz yerə gələn mövsüm başqa bir bitki əkməyi planlaşdırırsınızsa, toxumlar torpağa düşməyə başlamazdan əvvəl günəbaxanlarınızı yığmalısınız..
Şüyüd. Bu populyar və faydalı aromatik bitki arı və digər tozlandırıcı həşəratları cəlb etməyi bacarır. Buna görə də, şüyüd ilk olaraq xiyarlara tozlandırma prosesində kömək edəcək, ikincisi isə zərərvericilərin səviyyəsini tənzimləyir. Şüyüd bitkisinin xiyarın dadını yaxşılaşdırdığına da inanılır.

Paxlalılar. Bütün paxlalı bitkilər – noxuddan tutmuş lobyaya qədər – xiyarların yaxşı qonşusu sayılırlar, çünki paxlalılar müəyyən miqdarda azotu təbii bir şəkildə verirlər.
Ərikgülü. Bu gözəl, cəlbedici çiçəklər öz gözəllikləri ilə zərərvericinin diqqətini özlərinə çəkərək onları xiyar məhsulundan yayındıracaqlar.
Məxmər gülü. Məxmər gülü bəlkə də xiyar üçün zərərvericilərə qarşı mübarizədə axtarılan ən uyğun yoldaşdır. Bunun ən əsas səbəbi bu çiçəyin kökləri və gövdəsinin böcəklərə qarşı xoşagəlməz bir kimyəvi maddə ifraz etməsidir. Bu maddə həmçinin onun ləçəklərində də var. Buna görə də onun ləçəkləri qoparıb xiyar bitkilərinin ətrafına səpə bilərsiniz.
Kökmeyvəlilər. Xiyar bitkiləri bir böyük kök əmələ gətirir, qalan kökləri isə cəmi 15-30 sm yayılaraq nazik və dayaz qalır. Yəni yaxınlıqda yerkökü, şalgam, turp və çuğundur əkə bilərsiniz. Turp xiyarın ən pis düşmənlərindən olan torpaq bitlərini üçün çox əla köməkçi sayılırlar.
