Yaman keyfiyyətli kataral isitmə
Yaman keyfiyyətli kataral isitmə (YKKİ) qaramalın iti keçən yoluxucu xəstəliyi olmaqla başın, bağırsaqların selikli qişalarının krupozlu iltihabı, gözün zədələnməsi və əsəb pozğunluqları ilə səciyyələnir.
Törədicisi -virus orboviruslar cinsinə aiddir, ölçüsü 68 nm-ə bərabərdir, 20-dək seroloji variantı vardır. Xəstə heyvanın qanında, beynində, parenximatoz orqanlarında və limfa düyünlərində aşkar edilir. Virus qanda otaq temperaturasında 24 saat, 4°C-də isə 2 həftə qalır. Təbii şəraitdə virus öz fəallığını 30-35 gün saxlayır.
Epizootologiyası. Xəstəliyə ən çox qaramal və camışlar, əksər hallarda 1-4 yaşında həssasdırlar. Qoyun və keçilər nadir hallarda xəstələnirlər.
İnfeksiya mənbəyi xəstə heyvanlardır, ancaq xəstə orqanizmdən yoluxucu amilin necə ifraz olunması məlum deyil. Gizli virusdaşıyıcı olan qoyun və keçilər də infeksiya mənbəyi ola bilərlər.
Xəstəlik adətən payızda, qışda və yazda, bəzən isə yayda müşahidə olunur. Yemləmədəki çatışmazlıq, soyuq və nəmlik xəstəliyin baş verməsinə şərait yaradan amillərdir. Bəzi kəndlərdə və hətta həyətlərdə xəstəlik stasionar xarakter almaqla bir neçə il dalbadal müşahidə olunur.
YKKİ adətən sporadiki baş verir. Lakin bəzən payız-qış vaxtı heyvanlar tövlə şəraitində olanda enzootiki formada yayılır və adətən bu 40-50 gün çəkir. İlk xəstələnən heyvanlar onu ağır keçirir və 100% tələf olur. Axırda xəstələnən heyvanlarda xəstəlik yüngül keçir.
Klinik nişanələr. İnkubasiya dövrü orta hesabla 2 həftədən 8 həftəyə qədərdir. Lakin bəzən o, 12 saata qədər qısalır, yaxud 3-4 aya qədər uzanır.
Xəstəliyin prodromal dövründə, hansı ki, adətən bir gün çəkir, heyvanın əsəb fəaliyyətinin oyanma tipində ehtiyatlılıq, bəzən hətta həyəcanlılıq nişanələri görünür. İnert heyvanlar süst olurlar. Sonra bədən temperaturası qalxaraq 41-42°C-yə çatır və bu hal bəzən enib- qalxmaqla bütün xəstəlik dövründə davam edir.
Xəstəliyin başlanğıcında heyvan yemdən imtina edir, susuzluq artır, gövşəmə olmur, süd azalır. Heyvan kəskin süstlük vəziyyətində dayanıb başını aşağı salır, yaxud onunla yem qabına söykənir. Oyanma elementləri görünə bilər, heyvan irəliyə hərəkət etmək istəyir, böyürür, dişlərini qıcırdadır, əsməcə tutur.
YKKİ üçün ağız, burun, gözün selikli qişalarının iltihabı səciyyəvidir, Xəstə işıqdan qorxmaqla gözündən yaş axır. Konyuktiva kəskin hiperemiyalaşır, göz qapaqları şişir, çox vaxtı xəstəliyin 2-3-cü günündə bəbək bozarır. Bəzən bəbəkdə darı böyüklükdə səpkilər, onlar partladıqdan sonra isə yerində yara əmələ gəlir. Heyvan bir, yaxud iki gözdən kor ola bilir.
Ağızın və burunun selikli qişalarında əvvəl kataral, sonra diffteriki iltihab baş verir, sonra yara və nekrotik ocaqlar görünür. Heyvanın tənəffüsü çətinləşir, xışıltılı olur. Qırtlaqda proses getdikdə boğulma nişanələri görünür. Çox vaxt proses udlağa keçir və udma pozulur. Burun axıntısında ölü toxuma hissəcikləri olmaqla pis iy verir.
Xəstəliyin başlanğıcında adətən mədə önlüklərinin atoniyası və qəbizlik, sonra isə ishal baş verir. Sidik ifrazı tez-tez olur. Burun aynası, boyun, bel və yelinin dərisində ekzomatoz zədələr və ayrı-ayrı sahələrin nekrozu müşahidə olunur.
Y K Kİ-nin gedişi iti, yaxud yarımiti olmaqla 4 gündən 2-3 həftəyə qədər çəkir.
Xəstəliyin atipik gedişinə də rast gəlinir. Cavanlarda çox vaxtı xəstəlik yüngül keçməklə qısa müddətli qızdırma olur, nişanələr zəif bilinir və heyvan sağalır.
Patoloji-anatomik dəyişiklikləri. YKKİ-dən ölmüş heyvanların cəsədi adətən arıq olmaqla cəsəd dəyişiklikləri yaxşı ifadə olunur. Bədənin, yelinin dərisində, ağız və burunun selikli qişasında nekrotiki sahələr aşkar edilir, bəbək bozarır. İşgənbənin, şirdanın, bağırsaqların selikli qişası qalınlaşır, qan sağıntıları, eroziya və fibrinozlu çöküntü ilə örtülür. Böyrəklər və qaraciyərdə qan sağıntıları görünür. Limfa düyünləri böyüyür, kəsiş sahəsində qan sağıntıları olur.
Diaqnoz – klinik nişanələrə və epizootoloji məlumata əsasən qoyulur. Onu qaramalın taunundan, dabaqdan, quduzluqdan, leptospirozdan, listeriozdan, viruslu diareyadan təfriq etmək lazımıdır.
Xəstəliyi keçirmiş heyvanlarda yüksək gərginlikli və uzunmüddətli immunitet formalaşır. Xəstə heyvanların qanında komplement birləşdirici, presipitinləşdirici və virusneytrallaşdırıcı antitellər yaranır. İmmun analardan alınan buzovlar 3 aylığadək törədiciyə davamlı olurlar. V. Sergeyev tərəfindən inaktivləşmiş vaksin təklif edilib, peyvəndləmədən sonra yaranan immunitet 1 il davam edir.
Mübarizə tədbirləri və profilaktika. Müalicə simptomatikdir. Ürək dərmanlarından, autohemoterapiyadan, antibiotiklərdən istifadə edirlər. İshal olduqda vena daxilinə 4-6 1 fizioloji məhlul, şişlərin qarşısını almaq üçün isə xlorlu kalsium (10%-li 200-300 ml) yeridirlər. Daxilə spirti (40%) 4 gün, gündə 500 ml vermək olar. İ.Ermaçenkov təklif edir ki, heyvanları qaranlıq yerə köçürməklə vena daxilinə spirt (çaxır spirti) 96°C 200 ml, qlükoza 25 q, distillə su 300 ml) yeridilsin. İnyeksiyadan 40-50 dəqiqə sonra heyvan yatır. Müalicə kursu 12 saat fasilə ilə 4 inyeksiyadır. Xəstə heyvanlara şirəli yem və bir vedrəyə 1-2 xörək qaşığı duz turşusu qatılmış su vermək lazımdır.
Xəstəlikdən sağalmış heyvanlarda immunitet yaranmır. Onlar bir neçə aydan sonra hətta əvvəlkindən də ağır formada xəstələnə bilərlər.
Xəstəlik baş verdikdə xəstələri təcrid edərək müalicə edirlər. Sağlam heyvanları hər gün klinik baxışdan keçirib termometriya edirlər. Xəstəlik otlaqda baş veribsə, onu gələn mövsümə qədər istifadə etmirlər. Xəstə və şərti sağlam heyvanlar olan binalarda təmizlik və dezinfeksiya aparırlar. Bu məqsədlə dezinfeksiya xlorla aparılır, peyini isə biotermik üsulla zərərsizləşdirirlər.
Təsərrüfat axırıncı xəstə sağalandan 2 ay sonra sağlam hesab edilir.
Profilaktika məqsədilə heyvanların normal fizioloji müqavimətini təmin edən şəraiti yaratmaqla xəstəlik müşahidə edilən təsərrüfatlarda qaramalın qoyun və keçilərlə təmasda olmasına yol verilməməlidir.