Yoncaya qulluq qaydaları

Ötən məqalədə yoncanın əkilmə prosesindən: torpağın səpinə hazırlanması, torpağın səpin qabağı becərilməsi, səpin müddətindən, suvarılma normasından bəhs etdik. Bu məqalədə isə yoncanın gübrələnməsindən, zərərvericilərdən,  xəstəliklərdən, mübarizə tədbirlərindən – yoncaya qulluq qaydalarından söz açacayıq. 

Önəmli yem bitkisi sayılan yoncaya qulluq düzgün şəkildə  göstərilmədikdə xəstəlik və zərərvericilər sayəsində məhsuldarlıq tez aşağı düşür. Aşağıda qeyd olunan xəstəlik və zərərvericilər onun onun yaşıl kütlə və toxum məhsuluna, ot çıxma prosesinə mənfi təsir göstərir. Müxtəlif xəstəliklərdən zərər çəkmiş toxumluq yonca sahəsindən toplanan yonca toxumunun daha sonra səpin keyfiyyəti aşağı, cücərtiləri zəif və bitki örtüyü seyrək olur.

Yoncanın xəstəlik və zərərvericiləri:

Yonca bitkisində askoxitoz, qonur ləkə, sarı ləkə, pas, unlu şeh, soluxma «vilt»  xəstəlikləri müşahidə olunur. 

Mübarizə tədbiri: növbəli əkin, kalium və fosfor gübrələri ilə yemləmə aparılması, yaxşı aqrotexniki fon.

Xəstəlik və zərərvericilərdən qorunmaq üçün səpin zamanı yerli şəraitin tələbinə uyğun aqrotexniki tədbirlərin aparılması vacibdir. Aqrotexniki tədbirlərdən biri də yoncanın növbəli əkinidir. Növbəli əkin zamanı yoncanın bir çox xəstəlik və zərərvericiləri öz-özünə məhv olurlar. Vegetasiya ərzində aparılan becərmə işlərinin, xüsusilə, malalamanın mühüm prafilaktıki əhəmiyyəti vardır.

Zərərvericilərdən :

Bitkiyə yonca böcəyi, yonca birəsi, fitonomuş, yonca yarpaqbükəni, yonca taxtabitisi, yonca toxumyeyəni, noxud mənənəsi, yonca sovkası zərər vurur.

Mübarizə tədbiri: zərərvericilərə davamlı sortların əkilməsi, növbəli əkin, yüksək aqrotexniki qulluq, zərərvericilərlə sirayətlənmiş sahənin qısa müddət ərzində biçib sahədən kənarlaşdırmaq və əlavə yemləmə gübrəsi verərək suvarmaq.

Profilaktiki tədbirlər:  Xəstəlik və zərərvericilərinin yayılmasının qarşısını almaq üçün yeni səpiləcək yonca sahəsi ərazi cəhətdən köhnə yoncalıqdan 0,5-2 km aralıdan yerləşdirilməlidir. Bundan başqa, yoncalıqların yaşı artdıqca xəstəlik və zərərvericilərin miqdarı çoxalır. Ona görə də yonca əkinlərini eyni sahədə ən çoxu 3-4 il saxlamaq olar.

Azərbaycan Elmi Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun təcrübələri göstərmişdir ki, həyatının ikinci ilində may ayının ortalarında birinci məhsulu ot üçün biçildikdən sonra yoncanın disklənməsi torpağın su tutumunu artırır. Bitkilərin zərərvericilərini qismən məhv edir və bitkilərin inkişafınısürətləndirir.

Gübrələmə prosesi

Yoncaya qulluq şərtlərindən biri də gübrələmədir. Yonca bitkisi gübrələrə yüksək tələbkarlıq göstərir. Yoncaəkinlərinə şumun altına hektara 30-40 ton çürümüş peyin, 400-500 kq superfosfat, 120-150 kq kalium gübrələri verilməlidir. Yonca xüsusilə öz inkişafının erkən dövrlərində fosforla qidalanmaya həssaslıq göstərir. Buna görə də toxumla birlikdə50 kq/ha dənəvərləşdirilmiş superfosfat verilməlidir. Bundan əlavə bitkilərin erkən yazda hektara 100-200 kiloqram superfosfat və 50-100 kq kalium duzu ilə yemləndirilməsi şaxtaya davamlılığını artırır. Payızda yoncalıqları fosfor və kaliumgübrələri ilə yemləndirdikdə onların qışa davamlılığı artır və məhsuldarlığı 10-15 sentner yüksəlir. Aparılmış təcrübələrə əsasən hər biçindən sonra hektara təsir edici maddə hesabı ilə 30-40 kq azot gübrəsinin verilməsi daha nyaxşı nəticə verir.

Yonca əkininə düzgün və vaxtında qulluq edilməsinin yüksək quru ot məhsulu alınmasında böyük əhəmiyyəti vardır.

Yonca otunun biçilməsinin və qurudulmasının xüsusiyyətləri

Hava şəraiti əlverişli olduqda il ərzində yoncanı 4-5 dəfə quru ot üçün çalmaq olar. Çox vaxt yonca sutkada 2-3 sm boy atır. Quru ot üçün yoncanı qönçələnmə fazasının axırıçiçəkləməninbaşlanğıcında biçmək zəruridir. Biçin gecikdirildikdə otun kimyəvitərkibi pisləşir və keyfiyyəti aşağı düşür.Yoncanın otunun biçindən sonra qısa müddətdə yığılmasına ciddi fikir vermək zəruridir. Çünki bu biçimlər arası fasilənin müddətinin azaldılması və çalınların sayının artırılması üçün əsas şərtlərdən biridir.

yoncaya qulluq

Yonca quru otu üçün biçildikdə onun qurudulması xüsusi diqqət tələb edir.Yonca otunun qurudulmasında əsas məqsəd onda rütubəti azaltmaq və uzun müddət yaxşı saxlamaqdır.

Quru otda qida maddələrinin itkisinin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun qurudulma müddətini minimumaendirmək lazımdır. Yoncanı qurudan zaman qiymətli qida maddələrlə daha zəngin olan yarpaqların saxlanmasına çalışmaq lazımdır. Quraq və isti rayonlarda otu sərilmiş (zolaqlarla) halda deyil, tirələrdə qurutmaq məqsədəuyğundur. Zərif, qiymətli yarpaqların tökülməsinin qarşısını almaq üçün biçindən sonra yoncanın zolaqlarda 4-5 saat soluxduraraq dırmıqlayaraq tirələrə vurulması və əlavə olaraq tirələrdə qurudulması yonca otunun keyfiyyətinin itməsinin qarşısını alır.

Biçin müxtəlif markalı traktorlara aqreqatlaşdırılmış КSF-2,1 (КСФ-2,1), КDN-210 (КДН-210) və ya özüyeriyən Fortschritt E-302 ot biçənləri ilə aparılır. Dırmıqlama QBU-6 (ГБУ-6), QVK-6 (ГВК-6) aqreqatları, presləmə – PSB-1,6 və PPV-1,6 aqreqatları ilə həyata keçirilir.

Tam qiymətli məhsul toplamaqdan ötrü çalınma hündürlüyünün böyük əhəmiyyəti vardır. Otların biçilməsində bitkilərin çoxlu miqdarda plastik maddələr ehtiyatı toplanan gövdələrinin alt hissəsinin saxlanması zərurətini nəzərə alaraq yoncanı yerdən 7-8 sm yüksəklikdə biçmək məsləhətdir. Çünki, bu bitkilərin pöhrəvermə qabiliyyətini yüksəldir axırıncı çalımdan sonra isə yaxşı qışlamasına yardım edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика